Sumqayıt Dövlət Universitetinin tələbələri Avtandil Ağbabanın şeirlərini səsləndiriblər

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və Ə.Kərim adına Poeziya Klubunun birgə təşkilatçılığı ilə Sumqayıt Poeziya Evində tanınmış şair-publisist, folklorşünas, filologiya elmləri doktoru, Əməkdar jurnalist, Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü Avtandil Ağbabanın 70 illik yubileyinə həsr olunmuş “Taledən nə gəlsə başıma haqdı” adlı ədəbi-bədii gecə keçirilib. 
Gecənin əvvəlində Azərbaycanın bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib.
Tədbiri Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı açaraq qonaqları salamlamış, yubilyar, onun həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verib. Daha sonra AYB Sumqayıt bölməsinin sədri, şair Gülnarə Cəmaləddin tədbirin məqsədi və məramı barədə danışaraq Avtandil Ağbabanın ədəbi mühitdə, eləcə də Azərbaycan folklorşünaslığında özünəməxsus yer tutduğunu qeyd edib.
Sonra söz Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərliyə verilib və o, yubilyarın elmi və ictimai fəaliyyəti haqqında geniş bəhs edib, Avtandil Ağbabanın Qərbi Azərbaycan İcmasının ön sıralarında addımladığını, Qərbi Azərbaycan həqiqətlərini təbliğ edən onlarla kitab və məqalənin müəllifi olduğunu xüsusi xatırladıb. O, yubilyarı şəxsən öz adından və Qərbi Azərbaycan İcması adından təbrik edib. 
Tədbirdə Milli Məclisin deputatları Cavanşir Feyziyev, Hikmət Babaoğlu, Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, AYB-nin katibi Elçin Hüseynbəyli, şair Əşrəf Veysəlli, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt təşkilatının sədri Rafiq Oday, professor Aslan Bayramov, SDU-nun dosenti Dəyanət Cümənov, Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin direktoru, tanınmış şair Əvəz Mahmud Lələdağın qızı Əntiqə Rzayeva və başqaları çıxış edərək yubilyarın yaradıcılığından, insani keyfiyyətlərindən və Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrdən söz açıblar.
25 nömrəli tam orta məktəbin şagirdləri və Sumqayıt Dövlət Universitetinin tələbələri Avtandil Ağbabanın şeirlərini səsləndiriblər.
Tədbir yubilyarla xatirə şəkilləri çəkdirilməsi ilə yekunlaşıb.