Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində Türk dövlətlərinin birgə hərbi təlimlər keçməsinə ətraflı toxunması, bu məsələdə Azərbaycanın konseptual və prinsipial yanaşmasını göstərir.
Bunu AZƏRTAC-a açıqlamasında “Türküstan” Media Qrupunun rəhbəri Aqil Camal bildirib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti ötən il oktyabr ayının 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə bu ideyanı irəli sürüb. Demək ki, dövlətin builki planları içərisində bu mühüm genişmiqyaslı tədbirin reallaşdırılması məsələsi aktuallaşmaqdadır.
“TDT-yə üzv dövlətlər indiyədək ikili və ya üçlü formatda hərbi təlimlər keçiriblər. Azərbaycanla Türkiyə arasında belə hərbi təlimlər il ərzində dəfələrlə keçirilir. Eyni zamanda, müdafiə sənayesi sahəsində praktiki əməkdaşlıqlar mövcuddur. Bu formatın genişləndirilərək Türk dövlətlərinin hamısının iştirakı ilə birgə hərbi təlimlərin keçirilməsi təklifi ilk dəfə Prezident İlham Əliyev tərəfindən səsləndirildi. Hazırda TDT çərçivəsində Türk dövlətləri arasında ən müxtəlif sahələr üzrə əməkdaşlıqlar qurulur, nazirlər, müvafiq dövlət qurumlarının rəhbərləri səviyyəsində vaxtaşırı görüşlər keçirilir”, - deyə Aqil Camal vurğulayıb.
A.Camal qeyd edib ki, Türk dövlətləri arasında bu inteqrasiyanın hərbi və müdafiə sahəsini də əhatə etməsi böyük rəmzi məna daşımaqla yanaşı, çağdaş dünyamızın reallıqlarına da uyğundur: “Bu gün kollektiv müdafiə arxitekturasının yaradılması hər zamankından daha çox vacibdir. Türk dövlətlərinin hərbi təlimləri hər hansı üçüncü tərəfə yönəlməyəcək. Bu baxımdan, inanıram ki, irəli sürülmüş təklif üzv dövlətlər tərəfindən dəstəklənəcək və biz ilk dəfə Türk dövlətlərinin hərbi qüvvələrinin birgə təlimlərinin şahidi olacağıq. Türk dünyasının birliyi ilə bağlı hər zaman tarixi təşəbbüslərə imza atmış Azərbaycan, bu dəfə də yüksək təşkilatçılıqla bu təlimlərin keçirilməsinə şərait yaradacaq”.