Deputat: Vətəndaşların əsas problemi işsizlik və sosial çətinliklərdir

Vətəndaşların deputatlara müraciətlərində əsasən sosial xarakterli problemlər üstünlük təşkil edir.

Bunu Avantaj.media-ya açıqlamasında deputat Arzuxan Əlizadə bildirib.

Deputat qeyd edib ki, xüsusilə işsizlik, məşğulluğun təmin olunması, sosial təminat, maddi çətinliklər, mənzil məsələləri və müxtəlif sosial xidmətlərlə bağlı müraciətlər kifayət qədər çoxdur.

Onun sözlərinə görə, vətəndaşlar bəzən aidiyyəti dövlət qurumlarına müraciət etdiklərini, lakin problemlərinin həlli ilə bağlı konkret nəticə əldə edə bilmədiklərini bildirirlər.

“İşsizliklə bağlı müraciətlər isə xüsusi diqqət çəkir. Xüsusilə regionlarda yaşayan vətəndaşlar üçün daimi və gəlir gətirən iş yerlərinin yaradılması, gənclərin əmək bazarına inteqrasiyası və peşə bacarıqlarına uyğun məşğulluq imkanlarının artırılması vacib məsələlərdəndir”, – deyə Arzuxan Əlizadə vurğulayıb.

Deputat hesab edir ki, vətəndaşın hər bir müraciətinə yalnız formal cavab verilməsi deyil, problemin mahiyyətinin araşdırılması və mümkün həll yollarının təqdim olunması dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Arzuxan Əlizadə bildirib ki, deputatların əsas vəzifələrindən biri seçicilərin problemlərini dinləmək, onların aidiyyəti qurumlara çatdırılmasına və qanunvericilik çərçivəsində həllinə dəstək göstərməkdir.

“Bütün məsələlərin deputatların səlahiyyətləri çərçivəsində birbaşa həlli mümkün deyil. Lakin vətəndaş müraciətinin cavabsız və nəticəsiz qalmaması, müraciət edən şəxsin probleminin hansı mərhələdə olduğuna dair aydın məlumat əldə etməsi vacibdir”, – deyə deputat əlavə edib.

Deputatın sözlərinə görə, dövlət qurumlarının vətəndaş müraciətlərinə daha həssas, operativ və məsuliyyətli yanaşması olduqca önəmlidir.