1993-cü İl İyun Hadisələri. Sənədlər və faktlar əsasında

1993-cü İl İyun Hadisələri. Sənədlər və faktlar əsasında
1992–1993-cü illərdə Azərbaycanda hökm sürən daxili siyasi qeyri-sabitlik, dövlət idarəçiliyindəki səriştəsizlik və kadr böhranı respublikanı vətəndaş müharibəsi və parçalanma həddinə çatdırmışdı. Müasir dövrdə həmin dövrün uğursuzluqlarına bəraət qazandırmaq məqsədilə bəzi siyasi dairələr, o cümlədən o vaxt hakimiyyətdə təmsil olunmuş şəxslər tərəfindən hadisələrin mahiyyəti bəzi hallarda təhrif edilir. Xüsusilə hadisələrin üzərindən uzun illər keçməsi, bu şəxslərə gənc nəslə yanlış informasiyalar ötürmək və günahkarlar axtarmaq üçün zəmin yaradır. Bacarıqsız  bir komanda o dövrün hadisələrinə görə xalqdan üzr istəmək əvəzinə hadisələri təhrif etməyə çalışırlar.

Lakin tarixi faktlar amansızdır. Bu araşdırmanın məqsədi heç bir subyektiv mülahizə irəli sürmədən, yalnız rəsmi faktlara, tarixi materiallara, dövrün videoçəkilişlərinə və arxiv məlumatlarına əsaslanaraq 1993-cü ilin iyun böhranını real faktlarla işıqlandırmaqdır.

Sürət Hüseynovun siyasi-hərbi müstəvidə gücləndirilməsi

Gəncə hadisələrinin əsas fiquru olan Sürət Hüseynovu hərbi-siyasi müstəvidə gücləndirən və ona cəmiyyətdə geniş nüfuz qazandıran birbaşa AXC-Müsavat iqtidarı olmuşdur. Surət Hüseynov 1992-ci ilin iyulunda 1993-cü ilin fevralınadək Azərbaycan Respublikası baş nazirinin müavini və prezidentin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi,  eyni zamanda milli ordunun korpus komandiri vəzifələrində çalışmışdır.

2-ci Ordu Korpusunun yaradılması

 Prezident Əbülfəz Elçibəyin 8 avqust 1992-ci il tarixli fərmanına əsasən, Qarabağda olan 40 minlik silahlı qüvvə yeni yaradılmış 2-ci Ordu Korpusuna tabe etdirilmiş və S. Hüseynov bu korpusun komandanı təyin edilmişdir.

Hərbi uğurlar və təbliğat 1992-ci ilin iyun-oktyabr aylarında Qarabağın 52%-nin (keçmiş Şaumyan rayonu, Ağdərənin böyük hissəsi, Laçın rayonunun kəndləri daxil olmaqla ümumilikdə 220 yaşayış məntəqəsinin) azad edilməsində S. Hüseynovun rolu dövlət səviyyəsində qeyd olunmuşdur. Dövlət müşaviri Arif Hacılı və digər rəsmilər mətbuatda onu "Yenilməz sərkərdə" kimi təqdim etmişlər.
Milli Qəhrəman adının verilməsi

 Prezident Əbülfəz Elçibəy 9 oktyabr 1992-ci ildə Sürət Hüseynova Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə fərman imzalamışdır.

Rəsmi Sənəd: Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1992-ci il tarixli, 264 nömrəli Fərmanı.
Fərmanda deyilir: "Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında... göstərdiyi şəxsi igidlik və şücaətə görə Sürət Davud oğlu Hüseynova «Azərbaycanın Milli Qəhrəmanı» adı verilsin."

4 iyun “Qiyamı” necə baş verdi.

Surət Hüseynovun xalq arasında artan nüfuzundan  ehtiyatlanan  Əbülfəz Elçibəy hava şərtlərini nəzərə almadan yanvarın ortalarından gec olmayaraq Qarabağa hücuma keçməyi tələb edir. Prezidentin əmri S.Hüsetnova çatdırılır.2-ci Ordu Korpusunun rəhbərliyi Baş Qərargaha hazırkı vəziyyətdə hücum qərarının səhv olduğunu əsaslandıran 7 maddədən ibarət təqdimat verir.Sənəddə xüsusən qışda,20 dərəcə şaxtada və qarın qalınlığı 50-100sm olan yüksək dağ şəraitində hərəkətin çətinliyi xüsusi vurğulanır.Lakin  bütün bunlara, hətta  prezidentin Türkiyəki hərbi müşaviri general- leytenant  Yaşar Dəmirbulaqın etirazlarına baxmayaraq Elçibəy Surət Hüseynovdan sərt şəkildə yanvarın  ortalarından gec olmayaraq hücuma keçməyi əmr edir. Beləliklə heç bir hərbi zərurət olmadan, əksinə hərbi şəraitin tələblərinə zidd olaraq, 2- ci korpus 1993-cü ilin yanvarında Ağdərə və Fərrux istiqamətlərində genişmiqyaslı hücuma atılır.Fevrakın 5- də ermənilərin əks hücumu nəticəsində qüvvələrimiz  azad edilmiş mövqelərdən tədricən geri çəkilməyə başlayır. Beləliklə, Xankəndinin cəmi 20-30 km-dək gedib çıxmış ordumuz məğlubiyyətə düçar olur. 9 fevral 1993-cü  ildə AXC İcra Komitəsinin sədri Fərəc Quliyev “ Surət Hüseynovun Ağdərədən qoşunları çıxarması, ermənilərin qarşısını açması və bununla da Vətənə xəyanət etməsi” haqda bəyanat verir. Bu bəyanatdan sonra Surət Hüseynov-iqtidar münaqişəsi qızışan xətlə inkişaf edir. Surət Hüseynov baş nazirin müavini və korpus komandirliyindən azad edilir.1993-cü ilin aprelində Kəlbəcər işğal edilir. Və nəticədə 1993- cü il iyunun 4-də Gəncədə yerləşən hərbi hissənin tərksilah edilməsi haqda əmr verilir. Əməliyyat çox uğursuzluqla hazırlanır və beləcə qardaş qırğınına səbəb olan faciə baş verir.

Gəncədə qanlı əməliyyatın planlaşdırılması (26 May 1993)

Daxili siyasi böhranı barışıq yolu ilə deyil, hərbi güclə həll etmək istəyən AXC-Müsavat rəhbərliyi, Dövlət Müdafiə Komitəsinin (DMK) məxfi iclasında Gəncədəki 709 nömrəli hərbi hissəni tərksilah etmək bəhanəsi ilə faktiki olaraq vətəndaş müharibəsinə rəvac verəcək əməliyyat planını ("Tufan" əməliyyatı) təsdiqlədi.

1993-cü il iyunun 2-də Azərbaycan Milli İstiqlal Partiyasının sədri AMİP)    Millət vəkili Etibar Məmmədov hakimiyyətin Gəncədə hərbi məxvi bir əməliyyat hazırladığını bəyan edərək onun dayandırılmasını tələb etdi. Hakimiyyət rəsmiləri isə həmin günlərdə E. Məmmədovu yalan danışmaqda və ictimaiyyəti çaşdırmaqda ittiham etdilər.

Lakin illər sonra o dövrdə Baş nazir postunu tutan Pənah Hüseyn 26 may 1993-cü il tarixli DMK-nın məxfi iclasının protokolunu mətbuata təqdim etdi.[4] Həmin protokolda Prezident Əbülfəz Elçibəyin mövqeyi belə əks olunmuşdu:
"709-cu briqada dövlətə tabe etdirilməli, törətdiyi cinayətkar əməllərə və fəaliyyətinə görə Sürət Hüseynov ya həbs edilməli, ya da məhv olunmalıdır."
 4 İyun Qiyamı və Ordunun Siyasi Sifarişlərə Müqaviməti

4 iyun 1993-cü ildə səhər saatlarında Gəncədə icrasına başlanılan hərbi əməliyyat boyük bir faciə ilə nəticələndi. Hər iki tərəfdən Azərbaycan vətəndaşı olan 35 nəfər həlak  oldu.130-dan cox insan yaralandi[5] 8 iyun Milli Məclisin iclasinda asagidaki 5-ci linkdə videonun 12:08 -ci dəqiqəsində Sabir Rüstəmxanlı cixisinda 69 nəfər hərbi qulluqcu və mülkü  səxslərin  bu basqın nəticəsində oldürülməsi barədə məlumat verir. Akademik İmam Mustafayev  Milli Məclisin iclasındakı çıxışında qarnizon komandirinin mohürlü sənədini nümayis etdirərək 69 nəfərin həlak oldugunu 200 nəfərin yaralandığını iclas istirakcilarinin nəzərinə catdirir. 

Bu faciədən bir gün sonra, 5 iyunda Bakıda keçirilən rəsmi müşavirədə Pənah Hüseynov və ətrafı əməliyyata hərbi hava qüvvələrini və ağır artilleriyanı cəlb etməklə Gəncəni bombalamağı təklif etdilər. Lakin Azərbaycan Ordusunun  hərbi rəhbərliyi bu addımın kütləvi vətəndaş qırğınına səbəb olacağını anlayaraq qətiyyətlə etiraz ediblər. Vəziyyət elə bir idarəolunmaz vəziyyətə gəlmişdir ki, Milli Məslis deputatları iyunun 8-də Əbülfəz  Elçibəy hakimiyyətində təmsil olunan bütün heyətlə onların həm istefasını həm də məsuliyyətini nəzərdə tutan addımların atılmasını  tələb edirdilər[5] 5 -ci linkdə Etibar Məmmədov, Bəxtiyar Vahabzadə, Tahir Əliyev,  Araz Əlizadə, Faiq Baxşəliyev  çıxışlar edərək deputat istintaq komissiyasının məlumatının  iclasda səsləndirilməsini tələb edirlər.Sonradan məlum olur ki, əməl davam  etdirmək üçün Deputat- İstintaq Komissiyasının üzvlərini qəsdən 5 saat Prezident administrasiyasının binasında saxlayıblar.

Deputat -İstintaq komissiyasının  arayışında məlum olur ki,  iyunun 5-də Müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi general-mayor Nurəddin Sadıqov ordunun daxili siyasi intriqalara alət edilməsinin və öz xalqına qarşı hərbi qüvvə çıxarılmasının qəti əleyhinə çıxdı. Bu dövlətçilik mövqeyinə görə elə həmin gün Prezident Əbülfəz Elçibəyin fərmanı ilə vəzifəsindən azad edildi.

Nazir Dadaş Rzayevin etirazı: Müdafiə naziri general-mayor Dadaş Rzayev bu qanlı cinayətin davam etdirilməsinə etiraz olaraq istefa bəyanatı versə də, rəhbərlik ilkin mərhələdə onun istefasını qəbul etməyərək prosesi qeyri-müəyyənliyə sürüklədi.

Səfər Əbiyevin imtinası: Müdafiə Nazirliyində rəhbərliyi dəyişdirmək və planı icra etmək istəyən iqtidar, polkovnik Səfər Əbiyevə yüksək vəzifə təklif etdi. Lakin S. Əbiyev ordunun xalqla qarşı-qarşıya gətirilməsi planını başa düşərək bu təklifdən imtina etdi.

Hakimiyyət rəsmilərinin hadisənin mahiyyətini xalqdan gizlətdiyi bir vaxtda, 4 iyun hadisələrini ilk dəfə rəsmi və açıq şəkildə " Hərbi Qiyam" adlandıran AMİP sədri millət vəkili Etibar Məmmədov oldu. O, konstitusion quruluşun qorunmasını tələb edərək, hərbi itaətsizliyin dövlətin varlığına birbaşa təhdid olduğunu bəyan etdi.
Mənbə və Sənəd: AMİP Mərkəzi Şurasının Rəsmi Bəyanatı.
 

 1993-CÜ İLİN İYUN HADİSƏLƏRİ HAQQINDA
Azərbaycan Milli İstiqlal Partiyasının rəsmi mövqeyi

Son vaxtlar həm iqtidarı, həm də müxalifəti təmsil edən bəzi siyasi qüvvələr 1993-cü il iyunun əvvəlində Gəncə şəhərində baş vermiş hərbi münaqişə ilə və bundan sonrakı hakimiyyət dəyişikliyi ilə bağlı hadisələri yenə də yanlış qiymətləndirərək, Azərbaycan Milli İstiqlal Partiyasını və onun lideri E.Məmmədovu gah qiyamçılara kömək etməkdə, gah da siyasi xətdən yarımçıq geri çəkilməkdə təqsirləndirməyə çalışırlar.

AMİP belə "ittihamları" tamamilə əsassız sayır, lakin siyasi ehtirasları qızışdırmamaq naminə təmkin göstərərək, onları bir müddət cavabsız qoymağımızı, görünür, heç də hamı tərəfindən düzgün başa düşülmür. Ona görə də AMİP həmin hadisələrlə bağlı dəfələrlə bəyan etdiyi mövqeyini bir daha açıqlamaq məcburiyyətindədir.

1993-cü il iyun hadisələri ərəfəsində ictimai həyatın bütün sahələrində açıq özbaşınalıq hökm sürürdü. Ordu quruculuğu, iqtisadiyyat bərbad halda idi. Əhalinin sosial vəziyyəti günbəgün ağırlaşırdı. Siyasi və iqtisadi islahatlar, demək olar ki, dondurulmuşdu. Dövlət idarəetmə aparatının əksər vəsilələrində naşılıq, rüşvətxorluq və korrupsiya hökm sürürdü. Müxalifətin və ilk növbədə AMİP-in təkidlərinə baxmayaraq, iqtidar hakimiyyəti itirməyindən qorxduğu üçün Parlament seçkiləri keçirmərək, qanuni hakimiyyət sistemi formalaşdırmaqdan hər vasitə ilə qaçırdı. Azərbaycan xalqının Ə.Elçibəy iqtidarına inamsızlığı və etimadsızlığı kritik həddi ötmüşdü.

Belə bir şəraitdə Ə.Elçibəy iqtidarı Gəncədə yerləşən 709 nömrəli hərbi hissənin tərksilah edilməsi haqda qərar qəbul etdi. Nəzərə almaq lazımdır ki, həmin aksiyanın Azərbaycanda siyasi müxalifətin zor gücünə əzilməsi və ölkədə hərbi-polis diktaturası yaradılması üçün başlanğıc olması da istisna deyildi. 709 nömrəli hərbi hissənin hökumətin (Müdafiə Nazirliyinin) hər hansı yazılı əmrinə tabe olmaması haqqında ictimaiyyətdə bu gün də dəqiq məlumat yoxdur.Bütün hallarda AMİP ixtilafın dinc yolla həllinə, qardaş qanı tökülməməsinə tərəfdar idi. İyunun 2-də Milli Məclisin iclasında E.Məmmədov iqtidara rəsmi xəbərdarlıq etməklə onu bu "tədbirdən" çəkindirməyə bir daha cəhd göstərdi. Təəssüf ki, bu cəhd də nəticəsiz qaldı.

İyunun 4-də Gəncədə qardaş qanı axıdıldı. Gəncə şəhərinə və bütün Azərbaycana matəm üz verdi. AMİP iyun ayının 4-də Gəncədə baş verən, çoxsaylı insan tələfatı ilə nəticələnən hərbi münaqişəni iqtidar nümayəndələri tərəfindən törədilmiş dövlət cinayəti kimi səciyyələndirdi. Hökumətin güc tətbiq etməsi ilə zorakılıq törətməsi arasında köklü fərq vardır. Birincisi qanun çərçivəsində, ikincisi isə qanunsuz (qanun əleyhinə) həyata keçirilir. Ə.Elçibəy iqtidarı ikincisi yolla getdi, çünki Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq ordunun daxili ixtilafların həllində istifadə olunması yalnız Parlamentin razılığı ilə mümkündür. Ə.Elçibəy hökuməti isə Gəncədə zorakılıq törədərkən Milli Məclisin razılığını almamaqla qanunu birbaşa pozmuş oldu. Milli İstiqlalçılar indi də – hadisələrdən bir neçə ay keçdikdən sonra da Gəncədəki hərbi münaqişəni məhz dövlət cinayəti kimi qiymətləndirirlər.

İyun hadisələrinin ilk günlərindən AMİP bəyan etdi ki, Gəncədə törədilmiş dövlət cinayətində günahkar olan iqtidar nümayəndələri siyasi məsuliyyət daşımalı və siyasi qəza alaraq, istefaya göndərilməlidirlər. Onların cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi isə yalnız məhkəmə tərəfindən müəyyənləşdirilə bilər.

Dövlət cinayətinə əks-reaksiya olaraq iyun ayının 5-dən etibarən Gəncədə mülki əhali özünü iqtidarın özbaşına zorakılığından qorumaq məqsədi ilə silahlanmağa başladı. Azərbaycanın onlarca bölgəsində əhali Ə.Elçibəy iqtidarına və onun son hərəkətlərinə qarşı etiraz tədbirləri keçirməyə başladı, "balaca padşahlara" çevrilmiş İcra hakimiyyəti başçılarına tam etimadsızlıq göstərdi. Bir qədər irəli gedərək, onu da qeyd etməliyik ki, Gəncədə yerləşən hərbi qüvvələr ətraf rayonlara və Bakıya doğru hərəkət etməyə başladıqdan sonra, yalnız Göyçay şəhərindəki lokal münaqişə nəzərə alınmazsa, Azərbaycanın heç bir bölgəsində xalq hakimiyyəti müdafiə etmədi və bununla da Ə.Elçibəy iqtidarının iflasını təsdiqləmiş oldu. Beləliklə, mülki əhalinin özünümüdafiə məqsədi ilə silahlanması, bütün bölgələrdə xalqın yerli hakimiyyət orqanlarını tanımaması və rədd etməsi ilə Azərbaycan Respublikasında baş verən dövlət cinayətinə əks-reaksiya olaraq yaranan kortəbii hərəkat üsyan əlamətləri almağa başladı.

Azərbaycanın əksər bölgələrində həm yerli İcra hakimiyyəti orqanlarının, həm də inzibati orqanların rəhbərləri bir qədər əvvəl formalaşdırdıqları silahlı dəstələrin müşayiəti altında postlarını buraxıb qaçdılar. Hakimiyyətsizlik və hərc-mərclik həddini aşmağa başladı. Belə bir şəraitdə AMİP rəhbərliyi öz yerli təşkilatlarına rayonlarda bütün nüfuzlu siyasi təşkilatların nümayəndələrinin, nüfuzlu şəxslərin iştirakı ilə Müvəqqəti Şuralar yaratmaq, onların rəhbərliyi altında rayonlarda hərc-mərcliyin qarşısını almaq, əhalinin təhlükəsizliyini təmin etmək, təsərrüfat işlərinin fasiləsizliyinə nail olmaq göstərişi verdi. İnanırıq ki, yaranmış real vəziyyətdə bu, yeganə düzgün qərar idi.
Lakin Gəncədə yerləşən hərbi qüvvələrin Bakı üzərinə "fatehlik yürüşü" nəticəsində, bu yürüş zamanı həmin qüvvələrə başçılıq edən S.Hüseynov tərəfindən "əgər xalq tələb edərsə, mən istənilən vəzifəni tutacağam" şüarının ortaya atılması və hətta əsas məqsədə çevrilməsi nəticəsində yaranmaqda olan hərəkat heç vəchlə tam çevrilməmiş qiyam səciyyəsi aldı. Bu həm də onunla şərtlənirdi ki, S.Hüseynov yerlərə silahlı qüvvələr göndərir və özünə etibarlı saydığı adamları zor gücünə İcra hakimiyyəti orqanlarında, hətta ayrı-ayrı müəssisələrdə rəhbər vəzifələrdə yerləşdirirdi.

Bütün bunlara baxmayaraq, AMİP Azərbaycanın indiki iqtidarını tam olaraq qiyamçı saymır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının indiki Prezidenti H.Əliyev hakimiyyət zirvəsinə doğru hərəkətinin bütün mərhələlərində ən azı formal baxımdan qanun çərçivəsindən kənara çıxmamışdır. O, Bakıya Ə.Elçibəyin rəsmi dəvəti ilə gəlmiş, real səsvermə nəticəsində Ali Sovetin sədri seçilmiş, ümumxalq referendumu nəticəsində Ə.Elçibəy prezidentlikdən kənarlaşdırıldıqdan sonra isə səsvermə yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Ona görə də AMİP Azərbaycan Respublikasının indiki iqtidarını tanıyır. Bununla belə, AMİP H.Əliyev iqtidarının uğurlu hərəkətlərini təqdir etməklə yanaşı, bu iqtidarın atdığı bir çox addımları, ilk növbədə Azərbaycanın MDB-yə daxil olmasını, hərbi və iqtisadi quruculuqda yol verilən qüsurları, siyasi və iqtisadi islahatların yenə də yubadılmasını prinsipcə qəbul edə bilmədiyi üçün indiki hakimiyyətə müxalifətdədir.

Eyni zamanda AMİP hesab edir ki, H.Əliyevin iyun hadisələri zamanı yol verdiyi ən böyük səhv (bəlkə də günah) onun qiyamçılara güzəştə getməsi, qiyamçıların Bakıya daxil olmasının qarşısını almaması, əksinə hakimiyyətin bir qolunu onlara "bağışlamasıdır". Bütün bunları quya S.Hüseynovun arxasında duran hərbi güclə izah edilməsini biz əsassız və sadəlövh adamlar üçün nəzərdə tutulan bəhanə sayırıq.
Əlbəttə, 4 iyun hadisələrindən sonra AMİP sıralarında da, o cümlədən Partiya rəhbərliyində qiyamçıları müdafiə edənlər yox deyildi. Ancaq indi əminliklə demək olar ki, Partiya həmin adamlardan artıq təmizlənmişdir.
AMİP onu da qeyd etməyi lazım bilir ki, iyun hadisələri zamanı, həmin hadisələr ərəfəsində və sonrakı dövrdə Azərbaycanda baş vermiş prosesləri təhlil edərkən Partiya öz səhvlərini də araşdırır. Görünür, Gəncə faciəsinin qarşısını almaq baxımından, Partiya E.Məmmədovun Parlamentdəki xəbərdarlığı ilə kifayətlənməməli, daha fəal mövqe tutmalı, o vaxtkı iqtidarın nümayəndələri ilə daha intensiv siyasi məsləhətləşmələrə getməli idi.

AMİP həmçinin hesab edir ki, Partiyanın liderləri bəzi digər hallarda olduğu kimi iyun hadisələri zamanı da özlərini "siyasətdə yol verilə biləcək həddən daha artıq dərəcədə" səmimi aparmışlar, siyasətdə etik normaları və mərdliyi əsas götürmüşlər. Lakin bəzilərinin zəiflik saya biləcəyi bu xüsusiyyətlər əslində bizim gücümüzdür.
Aydındır ki, belə bir yığcam sənəddə AMİP-in mövqeyini bütün araşdırılan mətləblər üzrə təfərrüatı ilə açıqlamaq mümkün deyil. Odur ki, burada yalnız hadisələrin əsas mahiyyətinə diqqət yetirilir. Lakin biz istər burada toxunulan, istərsə də istənilən digər məsələlər üzrə hər hansı suallara cavab verməyə, müzakirə və mübahisələrə hazırıq. Çünki bütün siyasi addımlarımızı Dövlətimizin müstəqilliyini və bütövlüyünü, vətəndaşlarımızın azadlığını və firavanlığını əsas götürərək atırıq. Bu yolda Azərbaycan Milli İstiqlal Partiyasının xalqımıza böyük töhfə verəcəyinə inanırıq.
Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Şurası
Xususi Qeyd: 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş qiyamla bağlı Azərbaycan Milli İstiqlal Partiyası istisna olmaqla heç bir siyasi partiyanın rəsmi mövqeyinə rast gəlinməyib.

Baş Prokuror İxtiyar Şirinin Qanunsuz Sanksiyası (7 İyun)
Gəncədə qiyamçılar tərəfindən girov götürülən Baş prokuror İxtiyar Şirin, təzyiq altında dövlətçilik prinsiplərini tapdalayaraq qanuni seçilmiş Prezident Əbülfəz Elçibəyin həbs edilməsi barədə qanunsuz sanksiya imzaladı.

AMİP-in mövqeyi

AMİP Sədri Millət vəkili Etibar Məmmədov dərhal bəyanat yayaraq bu sanksiyanın hüquqi qüvvəyə malik olmadığını, Baş prokurorun qorxaqlıq və xəyanət nümayiş etdirdiyini bildirərək onun dərhal vəzifədən azad olunmasını tələb etdi.

İxtiyar Şirinin sonrakı etirafı (2011): "Əbülfəz Elçibəyin prezident kimi həbs olunmasına mən sanksiya verməmişəm. Mən Sürət Hüseynovun hazırladığı sənədə imza atmışam. Girov idim." (Mənbə: Azadlıq Radiosu, Arxiv müsahibəsi).

Heydər Əliyevin Bakıya Dəvət Edilməsi və Milli Qurtuluş

İqtidarın daxili böhran qarşısında tamamilə iflas etdiyini və ölkənin parçalanma riskini görən Prezident Əbülfəz Elçibəy, Ali Sovetin sədri İsa Qəmbər və Baş nazir Pənah Hüseyn rəsmi müraciətlərlə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etdilər.

9 İyun 1993-cü İl: Heydər Əliyev Bakıya gəldi.

13–14 İyun 1993-cü İl: Böhranı yerindəcə qiymətləndirmək və vətəndaş müharibəsinin qarşısını almaq üçün Heydər Əliyev 30-a yaxın yerli və xarici jurnalistin müşayiəti ilə Gəncəyə səfər[18] etdi. O, 709 saylı hərbi hissənin ərazisinə baş çəkdi, hərbi qulluqçularla və şəhər sakinləri ilə görüşərək vəziyyəti təhlil etdi. Bu səfər gərginliyin azaldılmasında dönüş nöqtəsi oldu.

15 İyun 1993-cü İl: Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və ölkəni qəti fəlakətdən xilas etmək missiyasını üzərinə götürdü (Bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur).

24 iyun 1993-cü il Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Əliyevin Azərbaycan Recbublikasinin Rrezidenti vəzifələrini daha icra edə bilməməməsi və Azərbaycan Respublikasi Prezidentinin səlahiyyətlərinin Azərbaycan Respublikasi Ali Sovetinin sədri Heydər Əlirza oglu Əliyeva kecməsi haqqında Azərbaycan Respublikasi Milli Məclisinin 630 № li Qərari. Bu qərar ona görə həlledici sayılır ki, ölkədə müharibə gedir ərazilərimiz işğal olunur. Əbülfəz Elçibəy Kələkidən geri qayıtmır. Prezident Ali Bas Komandan olaraq Silahlı Qüvvələrlə əlaqəsinin mümkünsüzlüyü nəzərə alınaraq bu qərar qəbul olundu. Bu barədə Etibar Məmmədov Milli Məclisdə tarixi cixis edərək bu məsələyə aydınlıq gətirməklə bu boşluğun aradan qaldırılmasına nail oldu.[20] 20-ci linkdə videonun 4:41-ci dəqiqəsindən hakimiyyət boşluğunun aradan qaldırılmasına aydınlıq gətirir.Murtuz Ələsgərov  Prezident Elçibəyin qanunları kobud şəkildə pozmasını Silahli Qüvvələrin çirkin məqsədlər üçün istifadə olunmasını hüquqi müstəvidə izahnı verir[21] 21-ci linkin 20:06-cı dəqiqəsindən  qanun pozuntuları haqqında hüquqi izahat verir.

Hərbi-siyasi böhranın ən agir məqaminda Ali Baş Komandan Əbülfəz Elçibəy öz komandasından və xalqdan gizli şəkildə Bakını tərk edərək Naxçıvanın Kələki kəndinə getdi. Dövlət başsız qaldı. Elçibəy getməzdən bir gün əvvəl 643№ li fərmanı ilə Surət Hüseynovun yaxin adami kimi taninan Vaqif Vəliyevi  Gəncə səhər İcra Hakimiyyətinin bascisi[15] (15-ci linkdə  bu fərmanla tanis ola bilərsiniz) təyin etməsi  illər kecsə istər Əbulfəz Elcibəyin sağlığında  istərsə də o dovrdə hakimiyyəydə təmsil olunan  səxsərdən heç biri bu məsələyə aydınlıq gətirə bilməyiblər.Həmin ildə dövlət müşaviri olmuş Arif Hacılı 69 nəfər Azərbaycan vətəndaşının bu qırğında həlak olmasından sonra Milli Məclisə gələrək sozün həqiqi mənasinda lirika danışır[7] 7-ci linkin ilk dəqiqələrdən bu çıxışa baxa bilərsiniz.

Əli Kərimlinin Etirafı (2019): "Müdafiə Nazirliyində zabitlər 'biz bu işə qarışmırıq' deyəndən və Ali Baş Komandana itaətsizlik göstərdikdən sonra, Əbülfəz bəy ayın 17-də Bakını tərk edəndə də məndən xəbərsiz baş verib hər şey..." (Mənbə: Ə. Kərimlinin 18 iyun 2019-cu il tarixli video-müsahibəsi)

Deputat -İstintaq Komissiyasının günlərlə üzərində işlədiyi istintaq rəyi Milli Məclisdə uzun müzakirələrdən sonra təsdiq edilir.(16 İyul 1993)
Gəncədə baş vermiş qanlı hadisələri genişmiqyaslı şəkildə araşdıran Deputat-İstintaq Komissiyasının rəyi Ali Sovetin iclasında müzakirəyə çıxarıldı.[8] 8-ci linkdə Ali Sovetin sədr müavini Afiyəddin Cəlilov komissiyanin rəyini təqdim edir.
Rəsmi  sənəd: Azərbaycan Respublikası Milli Məclisinin 16 iyul 1993-cü il tarixli, № 648 nömrəli Qərarı.[19] 19-cu linkdə rəsmi qərar mətni verilib.

1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş hadisələri təhqiq edən deputat-istintaq komissiyasının işinin yekunu barədə

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

Azərbaycan Respublikasının Milli Məclisi Gəncə şəhərində baş vermiş hadisələri təhqiq edən—M. Mütəllimov—sədr, Ş. Hacıkərimov, V. Qasımov, T. Əliyev, İ. İbrahimov, M. Məmmədov, M. Fəttayevdən ibarət deputat-istintaq komissiyasının arayışını dinləyərək qeyd edir ki, 1993-cü il iyunun 4-də Gəncədə baş vermiş faciə əvvəlcədən hazırlanmış, cinayət törətmiş hərbi əməliyyatların ağır nəticəsidir. Milli Məclisə təqdim olunmuş deputat-istintaq komissiyasının materiallarından və rəydən, Milli Məclisin iclasındakı əksər çıxışlardan və ümumiyyətlə müzakirələrdən aydın oldu ki, Gəncə hadisələri Azərbaycan Respublikası Prezidentinin, onun ətrafındakıların səbatsız siyasətinin nəticələridir və axırıncı bir il iqtidarda olan şəxslərin fəaliyyətinin məntiqi yekunudur.

Komissiya qeyd etdiyi kimi, respublikada son dərəcə mürəkkəb ictimai-siyasi şərait mövcud idi. Siyasi ehtiraslar səngimək bilmirdi; hakimiyyət boşluğu, qanunların işləməməsi, torpaqlarımızın xeyli hissəsinin erməni işğalçıları tərəfindən zəbt edilməsi, əhalinin əsas kütləsinin yoxsulluq həddindən aşağı səviyyədə yaşaması, respublikanın milli sərvətlərinin cinayətkarcasına talanması, sosial, siyasi və mədəni həyatda qarmaqarışıqlıq, özbaşınalıq, hərc-mərclik xalqın səbrini son həddə çatdırmış axırıncı bir ilin xarakterik əlamətləridir.
Arayışdan görünür ki, respublikada vəziyyətin ağırlaşdırıcı faktorlarından biri də iqtidarın kadr siyasəti idi. Bu siyasət ancaq Azərbaycan Xalq Cəbhəsinin potensialına söykənmişdi, rəhbərlik, bir qayda olaraq, ancaq Azərbaycan Xalq Cəbhəsinin nümayəndələrini irəli çəkirdi. İqtidar kadrları əsasən şəxsi sədaqət, dostbazlıq, qohumbazlıq prinsiplərinə görə seçirdi. Kadr sahəsində yeganə meyar olan qabiliyyət, səriştə və səviyyə məsələləri arxa plana keçirilmiş, Azərbaycanın intellektual potensialına məhəl qoyulmurdu.

Kadr siyasətini yarıtmaz təşkil etdiklərinə görə bu gün Ə. Elçibəy, İ. Qəmbər, P. Hüseynov, A. Hacıyev xalq qarşısında şəxsi məsuliyyət daşıyırlar.

Gəncə hadisələri məhz ölkədə olan son nöqtəyə çatmış böhranın, cəbhə bölgələrində bir-birinin ardınca baş vermiş uğursuzluqların, hakimiyyətdə olanların pozucu fəaliyyətlərinin gücləndiyi və xüsusilə iqtidara qarşı ümumxalq inamının tam sarsıldığı bir dövrdə baş vermişdir. Gəncə hadisələri bütün bunların ört-basdır edilməsini təmin etmək məqsədilə iqtidar və respublikanın digər yüksək vəzifəli şəxsləri tərəfindən öz xalqına qarşı yönəldilmiş, bununla da respublikada demokratiyanı hərbi-polis rejiminə çevirmək, iqtidara qarşı baş qaldıran qüvvələrin aradan götürülməsinə və məhv edilməsinə nail olmaq cəhdləri ilə bağlı təşkil edilmiş aksiyadır.

İqtidar üçün belələrindən biri də Azərbaycanın xalq deputatı, Milli Qəhrəman Surət Hüseynov oldu. Məsələnin təhlili göstərdi ki, onun orduda və xalq arasında artan nüfuzu hakimiyyətin narahatlığına səbəb olurdu. Məhz buna görə Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsinin S. Hüseynovu satqınlıqda və xəyanətdə ittiham edən məlum qərəzli bəyanatı ilə ona qarşı təqibetmə kampaniyasına başlandı.
Komissiyanın təhqiqi göstərir ki, Azərbaycan Xalq Cəbhəsinin və respublika rəhbərliyinin S. Hüseynovu ləkələmək məqsədi ilə baş tutmayan cəhdləri onlara nəsihət olmadı və iqtidar onu həbs etmək üçün xüsusi hərbi əməliyyatlar həyata keçirmək barəsində müvafiq göstərişlər vermişdir.

1993-cü il mayın sonunda respublika rəhbərliyini təmsil edən Ə. Elçibəy, İ. Qəmbər, P. Hüseynov və Ə. Kərimov güc nazirliklərinin rəhbərlərini və Silahlı Qüvvələrin komandanlığını cəlb etməklə 709 nömrəli hərbi hissənin tərksilah edilməsi və S. Hüseynovun həbs edilməsi əməliyyatını başlamışlar.

Komissiyanın rəyindən göründüyü kimi, iyunun əvvəlində müdafiə naziri D. Rzayevin, Baş prokuror İ. Şirinovun, milli təhlükəsizlik nazirinin birinci müavini S. Əkbərovun, daxili işlər nazirinin birinci müavini Q. Məmmədovun, daxili qoşunların komandanı F. Hacıyevin, ədliyyə nazirinin müavini M. Zeynalovun başçılıqları və iştirakı ilə Həmin əməliyyatı həyata keçirmək üçün Gəncədə xeyli hərbi silah və sursat toplanmışdır, Qeyd etmək lazımdır ki, 709 nömrəli hərbi hissənin tərksilah edilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin səlahiyyətinə aid olan məsələdir. Belə bir halda Azərbaycan Respublikası Prezidentinin və respublikanın digər rəhbərlərinin həmin əməliyyatın keçirilməsi üçün Silahlı Qüvvələrin bütün növlərindən ibarət geniş miqyaslı hərbi qüvvələri cəlb etməsi məqsədyönlü xarakter daşımış və buna heç bir haqq qazandırmaq olmaz. Bu əməliyyatın keçirilməsi üçün Azərbaycan Respublikasının sabiq Baş prokuroru İ. Şirinov S. Hüseynovun həbs edilməsi haqqında qərarı təsdiq etmiş, iqtidarın göstərişinə əsasən Gəncə şəhəri ilə rabitə əlaqələri kəsilmişdir.
Deputat-istintaq komissiyasının təqdim etdiyi arayışdan, sabiq müdafiə naziri D. Rzayevin, müdafiə nazirinin sabiq birinci müavini N. Sadıqovun, sabiq milli təhlükəsizlik naziri F. Təhməzovun, sabiq daxili işlər naziri A. Allahverdiyevin, Azərbaycan Respublikasının hərbi prokuroru R. Əliyevin, Gəncə qarnizonunun hərbi prokuroru R. Yusifovun və dikər şəxslərin Milli Məclisin iclasındakı çıxışlarından məlum olur ki, 1993-cü il iyun ayının 4-də Gəncə şəhərində 709 nömrəli hərbi hissəyə qarşı aparılan hərbi əməliyyatlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı Əbülfəz Elçibəyin göstərişləri ilə həyata keçirilmişdir. Faktlar göstərir ki, əməliyyata sabiq Baş nazir Pənah Hüseynov və Ali Sovetin sədri İsa Qəmbər daxili işlər naziri A. Allahverdiyevin iş otağından bilavasitə rəhbərlik etmişlər.[6]İlkin məlumatlara əsasən 35 nəfər həlak olmuş, 130 nəfər isə yaralanmışdır. hərbi şəhərciyə və hava limanına təxminən 23 milyard rubl ziyan dəymişdir.

Planlaşdırılmış və icrasına başlanılmış əməliyyatın 1993-cü il iyun ayının 4-də Gəncə şəhərində baş tutmaması artıq aydınlığı ilə məlum olmasına baxmayaraq, 1993-cü ilin iyun ayının 5-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı Əbülfəz Elçibəyin rəhbərliyi, Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərin, Azərbaycan Respublikasının Baş naziri Pənah Hüseynovun, Azərbaycan Respublikasının Dövlət katibi Əli Kərimovun, Azərbaycan Respublikasının müdafiə naziri Dadaş Rzayevin, Prezident aparatının Dövlət-hüquq şöbəsinin müdiri Fazil Mustafayevin, müdafiə nazirinin birinci müavini, Baş qərargahın rəisi Nurəddin Sadıqovun və Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsinin sədri Fərəc Quliyevin iştirakları ilə keçirilmiş müşavirədə əməliyyatın başa çatdırılmasını təmin etmək məqsədilə əlavə qüvvələrin, o cümlədən hərbi hava hissələrinin cəlb edilməsi təkidlə təklif edilmişdir, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini, Baş qərargahın rəisi Nurəddin Sadıqov göstərilən əməliyyata əlavə qüvvələrin və hərbi hava hissələrinin cəlb edilməsinin və ordunun siyasi məsələlərdə iştirakının əleyhinə olduğunu rəsmi bildirdiyinə görə, o, elə həmin gün Prezidentin fərmanı ilə tutduğu vəzifəsindən azad edilmişdir. Bu məsələlərlə əlaqədar müdafiə naziri D. Rzayevin etirazı və istefa verməsi barədə bəyanatı rədd edilmişdir.

Eyni zamanda əməliyyata əlavə qüvvələrin, o cümlədən hərbi hava hissələrinin cəlb edilməsi barədə təklifin həyata keçirilməsini təmin etmək məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyinin dəyişdirilməsinə cəhd göstərilmişdir. Bu məqsədlə müdafiə naziri vəzifəsi general Nəcməddin Sadıqova və polkovnik Səfər Əbiyevə təklif edilmişdir. Lakin onlar bu təklifin məqsədini başa düşdükdə verilmiş təklifdən imtina etmişlər.

Milli təhlükəsizlik naziri F. Təhməzovun izahatına görə, respublika Prezidenti yaranmış gərgin vəziyyəti sabitləşdirmək əvəzinə hətta sərhəd qoşunlarının bir hissəsini belə səfərbər edib Gəncəyə göndərilməsi haqqında ona göstəriş vermişdir. Daxili işlər naziri A. Allahverdiyevin Milli Məclisə verdiyi məlumatdan aydın oldu ki, Prezidentin tapşırığına istinad edərək P. Hüseynov və İ. Qəmbər nazirdən təcili surətdə Bakı şəhərinin 8 rayonunda bələdiyyə polisi yaradıb, onlara və Azərbaycan Xalq Cəbhəsinin bir qrupuna silah verilməsini tələb etmişlər.
Azərbaycan Xalq Cəbhəsi dövlət sistemində heç bir statusa malik olmadığı halda, Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyi həmin əməliyyatın keçirilməsi ilə əlaqədar tədbirlərin hazırlanmasında iştirak etmiş və hərbi əməliyyatın həyata keçirilməsində başqa, hərbi hissələrlə birlikdə özünün sərəncamında olan xüsusi batalyonu Gəncə şəhərinə göndərmişdir.

İqtidar tərəfindən Gəncəyə göndərilmiş silahlı qüvvələrin ümumi sayı üç mindən artıq olmuşdur.

Bütün yuxarıda göstərilən tədbirlər Gəncə şəhərində, respublikada silahlı qarşıdurma yaratmış, qardaş qanının tökülməsinə səbəb olmuşdur.        

Təəccüblü odur ki, 1993-cü ilin 4 iyununda Gəncə şəhərində qardaş qırğını baş verdiyi halda Azərbaycan Respublikasının Prezidenti Ə. Elçibəy, Ali Sovetin sədri İ. Qəmbər, Baş nazir P. Hüseynov, Dövlət katibi Ə. Kərimov və respublikanın digər rəhbər vəzifəli şəxsləri hadisə yerində olmamış və vəziyyətin sabitləşdirilməsi üçün heç bir əməli tədbirlər həyata keçirməmişlər.
Komissiyanın materialları, rəyi və Milli Məclisdəki müzakirələr, bir daha təsdiq edir ki, 1993-cü il iyun ayının 4-də Gəncə şəhərində baş vermiş qanlı hadisələr böyük faciə ilə nəticələnmiş, respublikadakı mövcud siyasi və hərbi vəziyyəti daha da gərginləşdirmiş, vətəndaş müharibəsi həddinə çatdırmışdır. Respublikada hakimiyyət böhranı baş vermiş, hərbi hissələrdə nizam-intizam xeyli zəifləmişdir. Bu şəraitdə Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam, Füzuli, Cəbrayıl istiqamətlərində hücumlar şiddətlənmiş, külli miqdarda itkilərə səbəb olmuşdur.

Bu dövrdə baş vermiş hadisələr respublikanın bir çox rayonlarında qanun pozuntularına yol vermişdir. Özbaşınalıq, hərc-mərclik, zorakılıq halları mövcud olmuşdur, bəzi yerlərdə ayrı-ayrı şəxslər qeyri-qanuni yollarla dövlət orqanlarını öz əllərinə keçirmişlər. İqtisadiyyata, xüsusən kənd təsərrüfatı işlərinin aparılmasına ziyan dəymişdir. Əhaliyə sosial xidmət və təminat xeyli pozulmuşdur.
Yuxarıdakıları nəzərə alaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1.    1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş hadisələri təhqiq edən deputat istintaq komissiyasının arayışı nəzərə alınsın.

2.    1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş qanlı hadisələr Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin və digər yüksək vəzifəli şəxslərin əvvəlcədən xüsusi düşünülmüş və planlaşdırılmış siyasətinin nəticəsi hesab edilsin, onlar tərəfindən Azərbaycan  Respublikası Konstitusiyasının və qanunlarının kobud surətdə pozulması kimi qiymətləndirilsin

3.    1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş hadisələrə görə aşağıdakı yüksək vəzifəli şəxslərin bilavasitə məsuliyyət daşıması barədə komissiyanın rəyi təsdiq olunsun:

1.   Əbülfəz Elçibəy—Azərbaycan Respublikasının Prezidenti;
2.   Pənah Hüseynov—sabiq Baş nazir;
3.   İsa Qəmbər—Ali Sovetin sabiq sədri;
4.   Əli Kərimov — sabiq Dövlət katibi;
5.   Arif Hacıyev—sabiq Dövlət müşaviri;
6.   İxtiyar Şirinov—sabiq Baş prokuror;
7.   Abdulla Allahverdiyev—sabiq daxili işlər naziri;
8.   Fəxrəddin Təhməzov—sabiq milli təhlükəsizlik naziri;
9.   Dadaş Rzayev—sabiq müdafiə naziri;
10.  Nurəddin Sadıqov—müdafiə nazirinin sabiq birinci müavini;
11.  Sülhəddin Əkbərov—milli təhlükəsizlik nazirinin birinci müavini;
12.  Fəhmin Hacıyev—Daxili Qoşunların sabiq Baş komandanı;
13.  Qabil Məmmədov—daxili işlər nazirinin birinci müavini;
14.  Məmməd Zeynalov—ədliyyə nazirinin müavini;
15.  İbrahim Tatıyev—Baş prokurorun müavini;
16.  Fərəc Quliyev—Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsinin sədri;
17.  Fazil Mustafayev—Prezident aparatının Dövlət-hüquq şöbəsinin sabiq müdiri.
4.   Gəncə şəhərində baş vermiş hadisələrlə əlaqədar Gəncə qarnizonu və Azərbaycan Respublikası hərbi prokurorluqları tərəfindən fakt üzrə cinayət işi qaldırıldığı nəzərə alınsın və Azərbaycan Respublikası Baş prokuroruna tapşırılsın ki, deputat-istintaq komissiyası tərəfindən toplanmış materiallara və Milli Məclisdə səslənən çıxışlara əsasən hərtərəfli istintaq aparıb qanun çərçivəsində lazımi tədbirlər görsün.
5.   Deputat-istintaq komissiyasının istintaq üçün vacib hesab edilən materialları Azərbaycan Respublikası Prokurorluğuna verilsin.
6.   Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki, Gəncə şəhərində 1993-cü il iyun ayının 4-də baş vermiş hadisələr zamanı həlak olanların ailələrinə və ağır yaralananlara imtiyazlar və güzəştlər təyin olunmasını və dağılmış obyektlərin dövlət hesabına bərpa edilməsi məsələlərini mövcud qanunvericilik əsasında həll etsin.
7.   Xocalı, Şuşa, Laçın. Kəlbəcər rayonlarının və dikər yaşayış məntəqələrinin işğal edilməsi barədə cinayət işlərinin nəticələri haqqında qısa müddətdə Milli Məclisdə istintaq orqanlarının hesabatı dinlənilsin.
8.   Daxili İşlər Nazirliyinə tapşırılsın ki, deputat-istintaq komissiyası üzvlərinin və istintaqla bağlı dikər şəxslərin təhlükəsizliyini təmin etmək üçün təxirəsalınmaz lazımi tədbirlər görsün.

9.    Gəncə şəhərində baş vermiş hadisələrlə əlaqədar yaradılmış deputat-istintaq komissiyasının arayışı “Azərbaycan” qəzetində dərc olunsun.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
Heydər ƏLİYEV.
Bakı şəhəri, 16 iyul 1993-cü il.
№ 648.
 

Qərarın Əsas Nəticələri:
Konstitusiyanın pozulması
 

4 iyun Gəncə faciəsinin əvvəlcədən düşünülmüş və planlaşdırılmış ciddi bir siyasi səhv olduğu, bunun Azərbaycan Respublikası Konstitusiyasının kobud surətdə pozulması ilə nəticələndiyi rəsmən təsdiq edildi.

Məsuliyyət daşıyan şəxslər Baş vermiş qanunsuz hərbi əməliyyata və tökülən qanlara görə birbaşa məsuliyyət daşıyan dövlət rəsmilərinin adları rəsmi dövlət sənədinə salındı: Əbülfəz Elçibəy, Pənah Hüseynov, İsa Qəmbər, Əli Kərimov (Kərimli), Arif Hacıyev.

Böhranın nəticəsinə qısa baxış

AXC-Müsavat İqtidarının Böhranı İdarə Edə Bilməməsi
Azərbaycan Xalq Cəbhəsi (AXC) və Müsavat hakimiyyəti dövründə ölkədə ciddi siyasi, iqtisadi və hərbi böhran hökm sürürdü. Orduda vahid komandanlığın olmaması, daxili çəkişmələr və idarəetmədəki təcrübəsizlik 4 iyun hadisələrində pik nöqtəsinə çatdı. Hökumətin hərbi hissəni tərksilah etmək cəhdi uğursuzluqla nəticələndi və rəsmi strukturlar Gəncədə nəzarəti tamamilə itirdi. Hakimiyyətin yürütdüyü səbatsız siyasət böhranı dərinləşdirdi.

Gəncədə qiyamçı polkovnik Surət Hüseynovun tabeçiliyindəki hərbi qüvvələrlə hökumət qüvvələri arasında baş verən silahlı toqquşmada hər iki tərəfdən onlarla insan həlak oldu. Bu, faktiki olaraq qardaş qırğını və vətəndaş müharibəsinin başlanğıcı idi. S. Hüseynovun qüvvələri Bakıya doğru hərəkət etməyə başladıqda, AXC iqtidarı hərbi və siyasi cəhətdən tamamilə aciz qaldı, ölkədə idarəolunmaz xaos yarandı.
Ölkənin parçalanmaq və müstəqilliyini itirmək təhlükəsi qarşısında qaldığını görən Prezident Əbülfəz Elçibəy və AXC rəhbərliyi yeganə çıxış yolunu o zaman Naxçıvan Ali Məclisinin sədri olan təcrübəli siyasətçi Heydər Əliyevi Bakıya dəvət etməkdə gördü. Xalqın və iqtidarın təkidli dəvəti ilə iyunun 9-da Bakıya gələn Heydər Əliyev iyunun  13-14 də Gəncəyə gedərək hadisə yerində vəziyyətlə tanış oldu və tərəflərlə danışıqlara başladı. İyunun 15-də isə o, Ali Sovetin sədri seçildi.

Bakıda hakimiyyət boşluğu yarandıqdan (Ə. Elçibəy paytaxtı tərk etdikdən) sonra Heydər Əliyev dövlət sükanını əlinə aldı. O, hərbi qarşıdurmanın qarşısını almaq üçün unikal siyasi taktika seçdi.
Siyasi Gediş
 

S. Hüseynovun hərbi təzyiqini zərərsizləşdirmək, onun silahlı qüvvələrini qanuni dövlət müstəvisinə çəkmək və iddialarını cilovlamaq məqsədilə Heydər Əliyev onu Baş nazir[17] vəzifəsinə gətirdi. Bu addım qiyamın başçısını "sistem daxilinə" çəkərək onun radikal və qanunsuz hərəkətlərinin qarşısını aldı, hərbi müxalifəti siyasi nəzarət altına saldı.

Bu taktiki gediş sayəsində ölkədə vətəndaş müharibəsi təhlükəsi sovuşdu. Tədricən qanunsuz silahlı dəstələr ləğv edildi, orduda islahatlara başlanıldı və dövlət institutları bərpa olundu. 1993-cü ilin payızından etibarən Azərbaycanda uzunmüddətli daxili ictimai-siyasi sabitliyin əsası qoyuldu. (Sonradan — 1994-cü ilin oktyabrında Surət Hüseynov yenidən dövlət çevrilişinə cəhd etsə də, artıq güclənmiş dövlət tərəfindən tamamilə zərərsizləşdirildi və vəzifəsindən uzaqlaşdırıldı).

Rəsmi Qiymətləndirmə

 Azərbaycan dövlətinin rəsmi tarix sənədlərində və Milli Məclisin qərarlarında 1993-cü ilin 4 iyun hadisələri "AXC-Müsavat iqtidarının səriştəsizliyi ucbatından ölkəni vətəndaş müharibəsinə və parçalanma həddinə çatdıran hərbi-siyasi böhran" kimi xarakterizə olunur, Heydər Əliyevin hakimiyyətə qayıdışı isə Milli Qurtuluş günü kimi qəbul edilir.

Heydər Əliyevin siyasi iradəsi və xalqın dəstəyi ilə Azərbaycanı real parçalanma və məhv olmaq təhlükəsindən xilas etmişdir. Nə qədər acı olsa da biz bu tarixi yaşadıq. Bu hadisələrin ustündən 33 il kecir. Bu yaxınlarda Azərbaycana qarşı cox boyük cinayətlər törətmiş Ermənistanın keçmiş prezidenti  Robert Kocaryan bu yaxınlarda belə bir müsahibə verib. O deyir ki; “ Azərbaycan indi bizim 90-cı illərdə üzləsdiyimiz birisi ilə qarşı-qarşıyadır. Paşnyan bizim ücün  o vaxtki Elçibəy kimidir. O vaxt Elçibəy hakimiyyətdən gedərkən mən çox məyus olmuşdum. O həqiqətən də bizim ücün allahın bir lütfüydü.[11] 11-ci linkdə Koçaryanın bu ifadələri əks olunur. Koçaryanın  Əbülfəz Elçibəy haqqında bu fikirləri eşitmək xos deyil. Amma tarixdir...

Hadisələrin  Xronologiyası

3 aprel 1993-cü il: Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı baş verdi. 

26 may 1993-cü il: Elmibə iqtidarının məxfi hərbi əməliyyat  “Tufan” hazırlaması 

2 iyun 1993-cü il: Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov hakimiyyətə xəbərdarlıq edərək, ordunun ayrı-ayrı hərbi hissələrinə məxfi əmrlər verildiyini, bunun yolverilməz olduğunu və gələcəkdə ağır nəticələrə səbəb olacağını bəyan etdi. 

4 iyun 1993-cü il: Sürət Hüseynovun tabeçiliyindəki qüvvələr Gəncədə hərbi qiyam qaldırdı və bununla da respublikada "İyun böhranı" başladı. 

9 iyun 1993-cü il: Böhran qarşısında aciz vəziyyətə düşmüş Prezident Əbülfəz Elçibəy və onun komandası təkidli xahişlərlə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etdi.

12 iyun 1993-cü il: Respublika Ali Sovetinin sədri İsa Qəmbər rəsmən istefa verdi. 
13–14 iyun 1993-cü il: Heydər Əliyev 30-a yaxın yerli və xarici jurnalistin iştirakı ilə Gəncəyə tarixi səfər etdi. Bu səfər və aparılan danışıqlar nəticəsində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı və sabitliyin təməli qoyuldu. (Mənbə: Dövlət Televiziyasının video-arxiv sənədləri)

15 iyun 1993-cü il: Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və ölkəni qəti fəlakətdən xilas etmək missiyasını üzərinə götürdü. Bu tarixi gün ölkəmizə Milli Qurtuluş Günü kimi daxil oldu. 

17–18 iyun 1993-cü il (Gecə): Prezident Əbülfəz Elçibəy öz komandasından və xalqdan gizli şəkildə Bakını tərk edərək Ordubad rayonunun Kələki kəndinə getdi.

18 iyun 1993-cü il: Ali Sovetin sədri Heydər Əliyev respublika televiziyası və radiosu ilə xalqa müraciət edərək yaranmış hərbi-siyasi vəziyyət barədə məlumat verdi. 

24 iyun 1993-cü il: Azərbaycan Respublikasının Milli Məclisi ölkədə yaranmış hüquqi boşluğu aradan qaldırmaq üçün prezident səlahiyyətlərini rəsmən Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi. Prezident səlahiyyətlərinin Ali Sovetin sdri Heydər Əliyevə kecməsi haqqinda Azərbaycan Respublikasi Milli Məclisin Qərari[13]

16 iyul 1993-cü il: 4 iyun Gəncə hadisələrini genişmiqyaslı şəkildə tədqiq edən Deputat-İstintaq Komissiyasının işinin yekunu barədə Azərbaycan Respublikası Milli Məclisinin 648 nömrəli qərarı qəbul olundu. (Mənbə: Azərbaycan Respublikası Milli Məclisinin Qərarı)
29 avqust 1993-cü il:[14] Ölkədə Ümumxalq Etimad Referendumu keçirildi. Səsvermədə iştirak edən vətəndaşların 92,02 faizi Əbülfəz Elçibəyə etimad göstərilməsinin əleyhinə səs verdi, yalnız 2,1 faiz seçici onun lehinə mövqe nümayiş etdirdi. (Mənbə: Mərkəzi Seçki Komissiyasının rəsmi yekun protokolu)

Sentyabr 1993-cü il: Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurası 4 İyun hadisələri ilə bağlı rəsmi bəyanat yayaraq özünün yekun siyasi mövqeyini açıqladı. (Mənbə: Partiya arxivi)

Əlavə olunan rəsmi mənbələr (İstinadlar üçün):
1.    Azərbaycan Respublikası Ali Sovetinin (Milli Məclisin) 1993-cü il iyun-iyul ses siyalarının rəsmi stenoqramları.
2.    Azərbaycan Milli İstiqlal Partiyasının arxiv fondu.
3.    1993-cü il  Milli Məclisin islaslarının  video görüntüləri
4.    https://modern.az/az/olke/202896/penah-huseyn-1993-cu-ile-aid-mexfi-senedi-yaydi/ 
5.    https://youtu.be/85fQh2bpX8A?si=x4JisLe5D2iMYHNT Milli Məclisdə 8 iyun çıxışları Etibar Məmmədov, Faiq Baxşəliyev, Tahir Əliyev, Bəxtiyar Vahabzadə, Araz Əlizadə.
6.    https://youtu.be/jfXoeQwx0U0?si=-4ZGJplYpuaFPn0Q Daxili İşlər naziri Abdulla Allahverdiyev 
7.    https://youtu.be/nwpCgYkI3BU?si=ToUkXUFVyrkjK2kY 1993 -cü il Gəncə hadisələri 3-cü hissə
8.    https://youtu.be/AQ_Od0QBFvM?si=j3BqySrPtme7AJdZ 1993-Gəncə hadisələri 5-ci hissə
9.    https://www.facebook.com/share/p/1Eas1ECZuT/
10.    https://www.facebook.com/share/p/1KyzyBTR6z/
11.    https://youtu.be/8dUwy4IypB0?si=Kw4lNHe8-zZZi1dZ
12.    https://youtu.be/jtxhGii_ibw?si=7k0ucJIMJZCf7JVn prezidentin səlahiyyətlərinin mümkünsüzlüyü barədə 
13.    https://e-qanun.az/framework/8415 Prezident səlahiyyətlərinin Ali  Sovetin sədri,Heydər Əliyev verilməsi.
14.    https://e-qanun.az/framework/8502  Etimad Referendumu barədə 
15.    https://e-qanun.az/framework/8443  Əbülfəz Elçibəyin 16 iyun Vaqif Vəliyevi Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi barədə.
16.    https://e-qanun.az/framework/9034  Surət Hüseynovun vəzifəsindən azad edilməsi.
17.    https://e-qanun.az/framework/8483 30 iyun Surət Hüseynovun Baş nazir təyin edilməsi barədə qərar.
18.    https://youtu.be/5jIOrIX6Qgs?si=dhlpVrgY2YNPcdPr ans qızıl fondu gəncə
19.    https://e-qanun.az/framework/8450  Gəncə şəhərində baş vermiş hadisələrlə əlaqədar olaraq Deputat istintaq komissiyasının  Milli Məclisdə təsdiq olunmuş qərarı
20.    https://youtu.be/jtxhGii_ibw?si=H1UBz4fMOVex5JYt 4.44 cü dəqiqədə Etibar Məmmədov prezident vəzifəsinin mümkünsüzlüyü barədə çıxışı
21.    https://youtu.be/a8_SESLYxPU?si=AwIDI5OYp9OTBCKp   Bu videonun  Şadman  Hüseynovun Sülhəddin  Əkbərov toxunulmazlığı barədə qərarı oxunur. Murtuz Ələsgərov prezidentin belə bir vəziyyətdə vəzifəsini icra edə bilməməsi barədə aaqərarı oxunur. Murtuz Ələsgərov prezidentin belə bir vəziyyətdə vəzifəsini icra edə bilməməsi barədə hüquqi arayış verir. 

AMİP Analitik Qrupu