Ağsu şəhidi Sənan Səfərovun anım mərasimi keçirilib

13.08.2026-cı il taricində Ağsu rayonunun Bico kəndindən olan, Birinci Qarabağ müharibəsində şəhid olmuş və uzun illər itkin kimi axtarılan Sənan Köçəri oğlu Səfərovun anım mərasimi keçirilib. Tədbirdən əvvəl şəhidin yaşadığı ev ziyarət olunub, daha sonra Ağsu şəhərində yerləşən Şəhidlər Kompleksinə baş çəkilib və şəhidlərin əziz xatirəsi yad edilib.

Anım mərasimində AMİP sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə, AMİP funksionerləri, şəhidin ailə üzvləri, sinif və döyüş yoldaşları, qazilər, Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, rayon ictimaiyyətinin nümayəndələri və digər şəxslər iştirak ediblər.

Çıxışlarda Sənan Səfərovun həyat və döyüş yolundan, onun Vətənə bağlılığından və göstərdiyi qəhrəmanlıqdan söz açılıb. Bildirilib ki, Sənan Səfərov 1972-ci il avqustun 15-də Ağsu rayonunun Bico kəndində ziyalı ailəsində dünyaya gəlib. 1992-ci ildə hərbi xidmətə başlayan Sənan 1993-cü ildə könüllü olaraq Vətənin müdafiəsi üçün döyüş bölgəsinə yollanıb. Bir sıra ağır döyüşlərdə iştirak edən Sənan 1994-cü il yanvarın 12-də Füzuli şəhərinin müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ağır döyüşlər və kəskin hava şəraiti səbəbindən onun nəşi itkin düşüb.

AMİP sədri, deputat Arzuxan Əlizadə çıxışında şəhidlərimizin qəhrəmanlığının Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını bildirib. O, torpaqlarımızın işğaldan azad olunmasından, şəhidlərimizin qanının yerdə qalmamasından danışaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının şəhidlərimizin ruhu qarşısında ən böyük mənəvi borclardan birinin yerinə yetirilməsi olduğunu vurğulayıb.

Şəhidin sinif yoldaşları Sənanın məktəb illərində necə mehriban, səmimi və dostcanlı insan olduğunu xatırlayıblar. Döyüş yoldaşları isə onun yüksək vətənpərvərliyindən, cəsarətindən və Vətən uğrunda mübarizədə göstərdiyi fədakarlıqdan söz açıblar. Mərasimdə digər itkin şəhidlərin həyat yoldaşları da çıxış edərək, illər keçməsinə baxmayaraq ümidlərini itirmədiklərini, itkin şəhidlərin nəşlərinin bir gün tapılacağına və ailələrinə təhvil veriləcəyinə inandıqlarını bildiriblər.

Qeyd olunub ki, bu ümid üçün əsaslardan biri də işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkarlanması və burada aparılan araşdırmalardır. Azərbaycan Prezidenti İlham Əliyev də Birinci Qarabağ müharibəsindən etibarən itkin düşmüş vətəndaşların taleyinə aydınlıq gətirilməsinin vacibliyini dəfələrlə vurğulayıb. Rəsmi məlumatlara görə, Birinci Qarabağ müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin hesab olunur. Kütləvi məzarlıqların aşkarlanması isə uzun illərdir yaxınlarından xəbər gözləyən ailələr üçün onların doğmalarının taleyinin müəyyənləşdirilməsi baxımından mühüm ümid mənbəyidir.

Tədbirdə məktəblilər tərəfindən Vətən və şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib. Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva da çıxış edərək şəhidlərin xatirəsinin daim əziz tutulmasının vacibliyini vurğulayıb.

Mərasimin sonunda şəhidin həyat yoldaşı Mətanət Səfərova göstərilən diqqət və ehtirama, eləcə də Sənan Səfərovun xatirəsinin daim yaşadılmasına görə tədbir iştirakçılarına təşəkkürünü bildirib.