Ağdam – Tarixi Zəfərin və milli dirçəlişin rəmzi

20 noyabr Ağdam şəhəri günüdür. Bu tarix yaddaşımızda həm ağrının, həm qürurun, həm də həsrətdən qayıdışa uzanan yolun simvoludur. Ağdam illərlə işğalın ağır izlərini daşıdı, dağıldı, susdu, amma heç vaxt Azərbaycanın yaddaşından silinmədi.

Ağdam qədim tarixə, zəngin mədəniyyətə və böyük mənəvi irsə malik Qarabağ torpağıdır. Üzərliktəpənin minillik izlərindən muğamın səsinə, el adətlərindən ədəbiyyatına qədər bu şəhər Azərbaycan tarixinin canlı səhifələrindən biridir. Ağdamın bərpası, milli yaddaşımızın və mədəni ruhumuzun yenidən ayağa qalxmasıdır.

1993-cü ilin iyulunda Ağdamın işğalı xalqımızın yaddaşına ağır bir yara vurdu. Şəhər və kəndlər viran qaldı, evlərdən həyat, küçələrdən səs, ocaqlardan istilik çəkildi. 128 mindən çox insan doğma yurdunu tərk edərək məcburi köçkün həyatı yaşamağa başladı. Məktəblər, mədəniyyət ocaqları, tarixi abidələr dağıdıldı, Ağdamın bir zamanlar zəngin olan həyatı talan edildi. Altı mindən çox insan bu torpağın müdafiəsi uğrunda şəhid oldu. Beynəlxalq hüququn tələbləri, BMT Təhlükəsizlik Şurasının qətnamələri uzun illər bu işğala son qoymadı. Lakin Azərbaycan xalqının iradəsi, mübarizəsi və torpaqlarına olan bağlılığı heç vaxt sönmədi.

2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Zəfər bu həsrətin sonuna doğru böyük bir yol açdı. Noyabrın 20-də Ağdam Azərbaycana qaytarıldı. Bu, tarixi hadisə illərlə yurd həsrəti çəkən insanların arzularına, şəhidlərimizin əmanətinə və milli iradəmizə verilən tarixi cavab idi. Ağdamın azadlığı Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərin, Azərbaycan dövlətinin qətiyyətinin və xalqımızın birliyinin təntənəsi oldu. Bu gün Ağdamın küçələrində yenidən həyat qurulur. Vaxtilə dağıntıların hökm sürdüyü ərazilərdə evlər tikilir, yollar salınır, məktəblər, sosial obyektlər və müasir infrastruktur yaradılır. 2040-cı ilədək inkişafı nəzərdə tutulan Baş Plan əsasında Ağdam müasir, yaşıl və yaşayış üçün əlverişli şəhərə çevrilir. Kəngərli, Xıdırlı və Sarıcalıda həyata keçirilən layihələr, insanların doğma torpaqlarına qayıtması Böyük Qayıdışın artıq gerçəyə çevrildiyini göstərir. 2026-cı ilin noyabrına olan məlumatlara görə, Ağdam şəhəri və kəndlərində 2.146 ailə, təxminən 8.300 nəfər məskunlaşıb. Bu rəqəmlərin arxasında minlərlə sevinc, yenidən qurulan ailə həyatı, doğma torpağa qovuşan insanlar dayanır. Hər yanan ev işığı, hər açılan qapı, Ağdam küçələrində eşidilən hər uşaq səsi bu şəhərin həyata qayıdışından xəbər verir. Ağdamın dirçəlişi iqtisadi inkişafla da müşayiət olunur. Sənaye Parkı, yeni müəssisələr, investisiyalar və yaradılan iş yerləri şəhərin gələcək gücünün əsasını qoyur. Dəmir yolu və avtovağzal kompleksi, Muğam Mərkəzi, yeni turizm infrastrukturu Ağdamın iqtisadi, mədəni və sosial həyatın inkişaf etdiyi müasir şəhər olmasına xidmət edir.

Ağdam bu gün keçmişin ağrısını unutmadan gələcəyə baxır.

Onun yenidən qurulan küçələri, ucalan binaları, qayıdan sakinləri bir həqiqəti təsdiqləyir, həyat doğma torpaqda yenidən başlayır. Ağdamın bərpası Azərbaycanın gücünün, xalqımızın birliyinin və qələbədən doğan quruculuq iradəsinin ifadəsidir. O, yenidən nəfəs alır, öz insanlarına qovuşur və gələcəyə doğru inamla addımlayır. Ağdam dirçəlir, Qarabağ qurulur, Azərbaycan yaşayır və güclənir.

 

Milli Məclisin deputatı Arzuxan Əli-zadə