İranın Milli Təhlükəsizlik Şurasının katibinin müavini Əli Baqerinin IRIB-yə istinadən verdiyi məlumata əsasən, Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman, Pakistan ordusunun komandanı Asim Munir və Türkiyənin Milli Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalının İrana səfəri planlaşdırılır. Səfərin tarixi barədə dəqiq məlumat verilməsə də, yüksək səviyyəli rəsmilərin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşəcəyi bildirilib.
İndiki məqamda regionun əsas dövlətlərindən belə ciddi səfər nəyə hesablanmış ola bilər?
Mövzu ilə bağlı Plat.az-a açıqlamasında politoloq Çingiz Şahbazi bildirib ki, əlbəttə ki, İrana səfər edəcək ölkələrin, Səudiyyə Ərəbistanı, Türkiyə, Pakistanın məqsədi regionda baş verən proseslərin mahiyyətinə toxunur:
"Çünki burada söhbət sadəcə diplomatik səfərdən getmir. Göründüyü kimi burada əsas məsələ, İranla mürəkkəb münasibətləri olan bu üç dövlətin müdafiə, ordu və kəşfiyyat sahəsindəki ən yüksək rütbəli nümayəndələrinin İranla eyni masa arxasında əyləşməsi əsas diqqət çəkən məqamlardandır. Böyük ehtimalla görüşün məqsədi regiondakı münaqişənin genişlənməsinin qarşısını almaq, İranla kommunikasiya kanallarını açıq saxlamaq və diplomatik vasitəçilik aparmaqdır. Həmçinin burada regional təhlükəsizliklə bağlı daha geniş hesablamaların müzakirə olunması ehtimalı da yüksəkdir. ABŞ və İran qarşıdurması fonunda husilərin hücumlarının intensivləşməsi, Səudiyyə Ərəbistanının təhlükəsizlik narahatlıqlarını artırıb. Həmçinin görüş İran və İsrail-ABŞ münasibətlərinin gərginləşdiyi dönəmə təsadüf etdiyindən, döyüşlərin yenidən alovlanmasının qarşısını almağa yönəlmiş diplomatik təşəbbüs kontekstindən də oxumaq olar. Əlbəttə ki, burada əsas faktor kimi ehtimal olunan daha geniş müharibə riski də görüşün məqsədləri arasında yer alır. Diqqət etsəniz Məkkə Müdafiə Sazişinin iştirakçılarının İranla ilk belə yüksək səviyyəli kollektiv təması baş tutacaq və bu böyük ehtimalla Səudiyyə Ərəbistanının husilərin hücumları səbəbindən artan təhlükəsizlik tədbirləri bağlı olması ehtimalını da artırır".
Politoloq qeyd edib ki, digər tərəfdən də görüş, Qərbdən kənar regional aktorların öz təhlükəsizlik mexanizmlərini formalaşdırmaq və regional gərginliyi azaltmaq səyləri kimi də qiymətləndirmək olar. Bu səbəbdən də görüş diplomatik vasitəçilik və regional gərginliyin azaldılması məqsədilə keçirilən tədbirdir, desək yanılmarıq. İran-Səudiyyə Ərəbistanı qarşıdurmasının qarşısını almaq, ABŞ-İsrail və İran müharibəsinin yenidən başlamasının qarşısını almaq, yeni müdafiə ittifaqı ilə İran arasındakı münasibətləri tənzimləmək, kəşfiyyat məlumatlarının mübadiləsi, Hörmüz boğazı, enerji təhlükəsizliyi və regional müharibənin qarşısının almaq kimi məsələlər ələ alınacaq və müzakirə oluna bilər".