Əhməd Əlizadənin hazırda partiya məsələsinə baxılmasına heç bir lüzum yoxdu

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin təşkilatın üzvlüyündən çıxarılması məsələsini hazırda müzakirə etməyi məqsədəuyğun saymır.

Bunu Modern.az-a AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov deyib.

Onun sözlərinə görə, Əhməd Əlizadə hələ ki şübhəli şəxs qismində saxlanılıb və barəsində istintaq davam edir.

“Əhməd Əlizadə barəsində qəti məhkəmə hökmü olmadığından onun partiya üzvlüyünə xitam verilməsi məsələsini qaldırmağı məqsədəuyğun hesab etmirik. Hazırda buna heç bir lüzum yoxdur”, - deyə Əli Orucov bildirib.

Partiya rəsmisi hadisədən sonra Arzuxan Əlizadə ilə bağlı linç kampaniyasına başlanmasından da danışıb. Ə.Oruc qeyd edib ki, qanunvericiliyə əsasən, şəxs öz əməlinə görə məsuliyyət daşıyır və onun hərəkətlərinə görə ailə üzvlərinin adının hallandırılması heç bir çərçivəyə sığmır.

“Buna görə bütün bir ailəni linç etmək, hədəf göstərmək düzgün deyil”, - deyə o vurğulayıb.

Qeyd edək ki, AMİP sədri, deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə bir müddət əvvəl Bakıda ölümlə nəticələnən kütləvi dava ilə əlaqədar polis tərəfindən saxlanılıb.