25 Noyabr – Kəlbəcərin azadlıq və qayıdış salnaməsi

25 Noyabr Azərbaycan xalqının yaddaşında tarixi ədalətin bərpasını, milli birliyimizi və dövlətimizin sarsılmaz gücünü əks etdirən ən əlamətdar günlərdən biridir. Kəlbəcərin işğaldan azad edilərək Azərbaycana qaytarılması xalqımızın uzun illər davam edən yurd həsrətinə son qoyan, minlərlə insanın doğma torpağa qayıdış ümidini gerçəkləşdirən böyük tarixi hadisədir.

Kəlbəcər Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və misilsiz təbiət gözəlliklərinə malik bölgələrindən biridir. Bu diyar əzəmətli dağları, sıx meşələri və şəfalı mineral suları ilə xalqımızın minilliklərə söykənən tarixi yaddaşı ilə dəyərlidir. 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən bu qədim yurd yeri uzun illər ağır sınaqlardan keçdi. Dinc əhali doğma evlərindən didərgin salındı, yaşayış məntəqələri, tarixi abidələr və bütün sosial infrastruktur tamamilə dağıdıldı. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin qəbul edilməsinə baxmayaraq, beynəlxalq hüququn tələbləri uzun müddət kağız üzərində qaldı və kəlbəcərlilər 27 ilə yaxın bir müddətdə Vətən həsrəti ilə yaşamağa məcbur oldular.

2020-ci ilin Vətən müharibəsində qazandığımız tarixi Zəfər bu uzun ayrılığa son qoyan yolun təməlini qoydu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Bu günün hər bir azərbaycanlı üçün mənəvi və siyasi əhəmiyyəti ölçüyəgəlməzdir.

Bu gün Kəlbəcərdə genişmiqyaslı quruculuq işləri aparılır, bölgədə sözün əsl mənasında yeni həyat başlayır. Şəhər və kəndlərin müasir standartlara uyğun bərpası, mühüm yol-nəqliyyat layihələrinin, o cümlədən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun və Murovdağ tunelinin inşası, enerji, təhsil və səhiyyə infrastrukturunun yaradılması bu diyarın gələcək inkişafının möhkəm təməlidir.

Kəlbəcərin yenidən dirçəlişi həm də ölkə iqtisadiyyatı üçün böyük strateji üstünlükdür. Zəngin faydalı qazıntı yataqlarına malik olan bu bölgə gələcəkdə Azərbaycanın sənaye potensialının güclənməsinə, qeyri-neft sektorunun şaxələnməsinə və ixrac imkanlarının artmasına mühüm töhfələr verəcək. Eyni zamanda, Kəlbəcərin geniş və bərəkətli alp çəmənlikləri, zəngin otlaq sahələri burada ənənəvi heyvandarlığın və arıçılığın müasir əsaslarla inkişafı üçün misilsiz şərait yaradır. Bu amillər ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasında və daxili bazarın ekoloji təmiz məhsullarla zənginləşməsində əhəmiyyətli rol oynayacaq.

Bununla yanaşı, Kəlbəcər unikal təbiəti, saf havası və müalicəvi suları ilə Azərbaycanın əsas turizm mərkəzlərindən birinə çevrilmək potensialına malikdir. Əfsanəvi İstisu sanatoriyasının və kurort kompleksinin yenidən qurulması, ekoturizm, dağ və sağlamlıq turizmi marşrutlarının formalaşdırılması həm yerli, həm də xarici turistlərin bu bölgəyə böyük marağını təmin edəcək, regionda yeni iş yerlərinin açılmasına təkan verəcəkdir.

Bütün bu quruculuq işlərinin fonunda ən qürurverici məqam keçmiş məcburi köçkün ailələrinin öz doğma yurdlarına qayıdışıdır. İllərlə həsrətlə gözlənilən bu Böyük Qayıdış insanların öz ocaqlarına, doğulduqları torpağa və xatirələrinə qovuşması deməkdir. Qarşıda duran əsas məqsəd burada sakinlərin rahat yaşaması, çalışması, gənc nəslin müasir təhsil alması və gələcəyə böyük inamla baxması üçün hər cür şəraitin təmin edilməsidir.

25 Noyabr həm də Kəlbəcərin və bütün Qarabağın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad etdiyimiz gündür. Bu torpaqların yenidən azad nəfəs alması uğrunda həyatını fəda edən Vətən övladlarının xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Dövlətimizin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində Kəlbəcər yaxın illərdə öz təbii gözəlliyini qoruyaraq müasir, abad və iqtisadi cəhətdən qüdrətli bir diyara çevriləcəkdir. 25 noyabr Kəlbəcər şəhəri günü münasibətilə həmvətənlərim
xüsusilə də doğma yurdlarına qovuşan kəlbəcərliləri təbrik edir, hər bir ailəyə firavanlıq, əmin-amanlıq və xoş günlər arzulayıram.

Arzuxan ƏLİZADƏ
Milli Məclisin deputatı