12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü müstəqil dövlətçilik tariximizin ən mühüm hadisələrindən birinin ildönümüdür. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilən Konstitusiya Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsasını qoymaqla yanaşı, ölkəmizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən fundamental hüquqi sənəd oldu. Bu sənədin hazırlanması və qəbul edilməsi müstəqilliyin ilk illərində mürəkkəb siyasi, iqtisadi və ictimai proseslərdən keçən Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı idi. Konstitusiyanın qəbulunu zəruri edən əsas amillərdən biri müstəqil dövlətin idarəçilik mexanizmlərinin formalaşdırılması, hakimiyyət qolları arasında səlahiyyət bölgüsünün müəyyənləşdirilməsi, qanunun aliliyinin təmin edilməsi və vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün vahid hüquqi bazanın yaradılması idi.
Bu tarixi sənədin ərsəyə gəlməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Müstəqilliyimizin ilk illərində ölkədə mövcud olan siyasi qeyri-sabitlik, idarəetmə böhranı və dövlətçiliyimiz üçün yaranmış ciddi təhlükələr fonunda Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin gələcək inkişafı üçün mühüm dönüş nöqtəsinə çevrildi. Məhz onun rəhbərliyi ilə hazırlanmış və ümumxalq referendumu ilə qəbul edilmiş Konstitusiya dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, demokratik institutların formalaşdırılması və hüquqi dövlət quruculuğunun təmin edilməsi istiqamətində möhkəm təməl yaratdı.
Xüsusilə qeyd etmək lazımdır ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması da Heydər Əliyevin milli dövlətçilik maraqlarına söykənən prinsipial mövqeyinin nəticəsi idi. Bu fakt onun dövlətçilik fəaliyyətində milli kimliyin, dilin və mənəvi dəyərlərin qorunmasına nə qədər böyük əhəmiyyət verdiyini bir daha nümayiş etdirir.Azərbaycan Konstitusiyasının əsas üstünlüklərindən biri insan hüquq və azadlıqlarını dövlətin ali məqsədlərindən biri kimi müəyyənləşdirməsidir. Əsas Qanunda vətəndaşların bərabərliyi, söz və fikir azadlığı, mülkiyyət hüququ, vicdan azadlığı, sosial təminat və digər fundamental hüquqlar təsbit olunub. Hakimiyyət bölgüsü prinsipinin müəyyənləşdirilməsi, məhkəmə hakimiyyətinin müstəqilliyinin əsaslarının yaradılması, Konstitusiya Məhkəməsi kimi mühüm hüquqi institutun formalaşdırılması ölkəmizdə hüquqi dövlət quruculuğunun inkişafına xidmət edib. Zaman keçdikcə cəmiyyətdə baş verən dəyişikliklər, ölkənin sosial-iqtisadi inkişafı və yeni idarəetmə tələbləri nəzərə alınaraq Konstitusiyaya referendumlar vasitəsilə əlavə və dəyişikliklərin edilməsi də bu sənədin müasir çağırışlara uyğunlaşdırılması baxımından əhəmiyyət daşıyıb.Bu gün Konstitusiyamızın əhəmiyyəti daha geniş siyasi və tarixi məzmun kəsb edir.
Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edib. Bununla da ölkəmizin bütün ərazilərində Konstitusiyanın hüquqi qüvvəsinin təmin olunması üçün tarixi şərait yaranıb. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də məhz bu tarixi reallığın, Konstitusiyamızın qəbulunun 30 illiyinin və dövlət suverenliyimizin tam bərpasının siyasi-hüquqi əhəmiyyətinin ifadəsi idi. Hesab edirəm ki, Konstitusiyaya hörmət yalnız onun müddəalarını bilməkdən ibarət deyil, həm də hər bir vətəndaşın qanunlara əməl etməsi, hüquq və vəzifələrini dərk etməsi, dövlətçiliyin qorunmasına məsuliyyətlə yanaşması deməkdir. Xüsusilə gənc nəslin Konstitusiyanın mahiyyətini, milli dövlətçilik tariximizdəki rolunu dərindən mənimsəməsi vacibdir. Çünki güclü dövlətin təməlində yalnız siyasi və iqtisadi qüdrət deyil, həm də hüquqi düşüncə, qanunun aliliyi və vətəndaş məsuliyyəti dayanır. Konstitusiyamız müstəqilliyimizin, suverenliyimizin və gələcək inkişafımızın əsas hüquqi təminatlarından biri olaraq qalır.
Milli Məclisin deputatı Arzuxan Əlizadə