Hər bir insanın sağlamlığının qorunması vacibdir

Vərəm xəstəliyinə qarşı dərman preparatlarının cəzaçəkmə müəssisələrinə tədarükü üçün əvvəllər barəsində inzibati xəta protokolu tərtib edilmiş şirkətlə müqavilə bağlanması dərmanların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı suallar yaradır. Bununla belə, şirkətin əvvəlki pozuntusunun nə ilə bağlı olduğu və dərman vasitələrinin keyfiyyətinə birbaşa təsir edib-etmədiyi ayrıca qiymətləndirilməlidir. Xüsusilə məhkumların sağlamlığının qorunması baxımından dərmanların mənşəyinə, saxlanma və daşınma şəraitinə, eləcə də keyfiyyətinə nəzarət mühüm əhəmiyyət daşıyır.

Bəs, belə satınalmalarda şirkətin əvvəlki inzibati pozuntusu hansı meyarlarla qiymətləndirilməli, dərmanların keyfiyyət və təhlükəsizliyinə zəmanət verilməsi üçün hansı nəzarət mexanizmləri tətbiq olunmalıdır?
Vərəm dərmanlarının tədarükü: Məhkumların sağlamlığı məsələsində güzəşt ola bilməz - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən farmakoloq Aydın Əliyev bildirib ki, müqavilə bağlanarkən hər bir tərəf üzərinə müəyyən öhdəliklər götürür və həmin öhdəliklərə riayət olunmalıdır.

.
"Xüsusilə qida və dərman məsələlərinə çox ciddi yanaşılmalıdır, çünki hər ikisi insan sağlamlığına və həyatına birbaşa təsir göstərir. Bu məsələlərdə pozuntular davamlı xarakter daşıyırsa, onların hüquqi baxımdan da həlli təmin edilməlidir. Digər tərəfdən, dərmanların saxlanılması və daşınması qaydalarına ciddi əməl olunmalıdır. Hər bir dərmanın içlik vərəqəsində onun xüsusiyyətləri, hansı diaqnozlarda istifadə edilə biləcəyi, hansı hallarda istifadəsinin uyğun olmadığı, saxlanma müddəti və şəraiti barədə məlumatlar əks olunur. Bu tələblərə dəqiq riayət edilməlidir, çünki dərmanlar birbaşa insan orqanizminə daxil olur".

Ekspert bildirib ki, insanın azadlıqda olması və ya cəzaçəkmə müəssisəsində saxlanılması bu baxımdan fərq yaratmır:

"Hər bir insanın sağlamlığının qorunması vacibdir. Həkimlər insanlara kömək etməli, bu prosesdə iştirak edən digər şəxslər də müəyyən edilmiş qayda və tələblərə mütləq əməl etməlidirlər".