Sülh yalnız siyasi sənədlərin imzalanması ilə məhdudlaşmır

Çingiz Şahbazi

Siyasi şərhçi

Regionda siyasi qüvvələr nisbəti dəyişir, yeni tərəfdaşlar formalaşır, böyük dövlətlərin maraqları isə Cənubi Qafqazı beynəlxalq siyasətin diqqət mərkəzinə çəkir. Bu baxımdan, Cənubi Qafqaz öz tarixinin mühüm siyasi transfarmasiya mərhələsini yaşayır, desək yanılmarıq. Uzun illər münaqişələr, qarşıdurmalar və geosiyasi rəqabətlə səciyyələnən regionda, indi yeni siyasi münasibətlər sistemi formalaşmaqdadır. Bu münasibətlər təkcə Azərbaycan, Ermənistan və Gürcüstan arasında münasibətlərlə bitmir, bütünlükdə Avrasiya məkanında geosiyasi proseslərə  təsir göstərir. Son illərdə baş verən hadisələr Cənubi Qafqazın əvvəlki siyasi mənzərəsini əhəmiyyətli dərəcədə dəyişib.

Azərbaycanın 2020-ci ildə əldə etdiyi nəticələr və 2023-cü ildə öz suverenliyini bütün ölkə ərazisində bərpa etməsi regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar artıq beynəlxalq münasibətlərin gündəliyində də öz əksini tapır. Burda başlıca məsələ sülh prosesidir və regionun gələcəyini müəyyən edən əsas amil məhz regionda dayanıqlı sülhə nail olmaqdır. Bu gün Cənubi Qafqazın siyasi gündəliyində ən mühüm məsələlərdən biri Azərbaycan və Ermənistan münasibətlərinin normallaşmasıdır.2025-ci ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar və sülh sazişinin mətninin paraflanması diplomatik prosesdə mühüm mərhələ oldu. Bununla belə paraflanmış sənədin yekun imzalanması və ratifikasiyası hələ qarşıda duran məsələ kimi öz əksini tapmayıb. Bu ilin noyabrında Azərbaycan , ABŞ və Ermənistan arasında TRIPP layihəsinin reallaşdırılması üçün üçtərəfli texniki işçi qruplarının fəaliyyətə başlaması prosesin praktiki mərhələyə keçdiyini göstərir. Burada əsas məsələ ondan ibarətdir ki, sülh yalnız siyasi sənədlərin imzalanması ilə məhdudlaşmır. Sərhədlərin delimitasiyası, kommunikasiya xətlərinin açılması, qarşılıqlı etimadın formalaşdırılması və iqtisadi əməkdaşlığın inkişafı davamlı sülhün əsas şərtləridir. Azərbaycanın mövqeyində suverenlik, ərazi bütövlüyü, qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsipləri mühüm yer tutur. Ermənistanla münasibətlərin normallaşması məhz bu prinsiplər əsasında uzunmüddətli və dayanıqlı xarakter daşıyır.

Cənubi Qafqazın siyasi mənzərəsini, həmçinin Gürcüstan amili olmadan təhlil etmək mümkün deyil. Gürcüstanın coğrafi mövqeyi onu Xəzər dənizi ilə Qara dəniz və Avropa arasında mühüm tranzit ölkəyə çevirir. Azərbaycan və Gürcüstan arasında münasibətlər, enerji təhlükəsizliyi, nəqliyyat və iqtisadi əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda Tbilisinin Avropa İttifaqı və ABŞ ilə münasibətlərində yaranan gərginlik Gürcüstanın xarici siyasət istiqamətləri ətrafında müzakirələri kifayət qədər artırıb. Digər tərəfdən Ermənistan və Gürcüstan arasında noyabrın 6-da dövlət sərhədinin delimitasiyası ilə bağlı danışıqların başlanması diqqətəlayiq hadisədir. Bu prosesin də başlaması göstərir ki, regionda yalnız Azərbaycan -Ermənistan münasibətləri deyil, digər dövlətlər arasındakı sərhəd  və əməkdaşlıq məsələləri də yeni mərhələyə daxil olur. Cənubi Qafqazın strateji əhəmiyyəti onun Avropa ilə Asiyanı birləşdirən nəqliyyat yolları , enerji ehtiyatları və mühüm geosiyasi mövqeyi ilə bağlıdır. Bu səbəbdən Rusiya, ABŞ, Avropa İttifaqı, Çin, Türkiyə, İran və digər böyük dövlətlər regionda baş verən proseslərə xüsusi diqqət yetirirlər.

Regionda müxtəlif maraqların mövcudluğu həm yeni əməkdaşlıq imkanları yaradır, həm də diplomatik balansın qorunmasını vacib edir. Bu dəyişən və dəyişməkdə davam edən geosiyasi şəraitdə Azərbaycanın əsas üstünlüklərindən biri enerji və nəqliyyat imkanlarını vahid strateji siyasət çərçivəsində birləşdirə bilməsidir. Xəzər dənizinin enerji ehtiyatları , Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrində mühüm yer tutur. Həmçinin regional kommunikasiyaların açılması ölkənin Naxçıvanla nəqliyyat əlaqələrinin genişlənməsi və Türk dünyası ilə iqtisadi inteqrasiyanın dərinləşməsi üçün yeni imkanlar yarada bilər. Bütün bunlar onu göstərir ki, Cənubi Qafqaz regionu dəyişir və bu dəyişkənlik onu əvvəlki siyasi münasibətlər sistemi ilə idarə olunan region olaraq saxlaya bilməz. Yeni geosiyasi reallıqlar, imkanlar, perspektivlər, dəyişən tərəfdaşlıqlar və iqtisadi inteqrasiya perspektivləri bölgənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan üçün qarşıdakı dövrün əsas vəzifələrindən biri də əldə olunmuş siyasi -strateji mövqeyi möhkəmləndirmək, sülh gündəliyini irəli aparmaq, iqtisadi imkanlarını daha da genişləndirilmək və regional sabitliyə və təhlükəsizliyə töhfə verməkdir.