Sədi Məhərrəm oğlu Qurbanov – Həyatını İnsanlara Həsr Etmiş Travmatoloq-Cərrah
Bu gün – 2 iyun 2025-ci il tarixində, Qərbi Azərbaycan Böyük Qarakilsə mahalının Arçut kəndində dünyaya göz açmış, sevilən həkim, Travmatoloq-cərrah Sədi Məhərrəm oğlu Qurbanovun anadan olmasının 74-cü ildönümüdür. Təəssüf ki, bu dəyərli insanı fiziki olaraq artıq aramızda görmürük – amansız fələyin hökmü ilə Sədi həkim 6 mart 2025-ci ildə haqq dünyasına qovuşdu. Amma onun xatirəsi, şəfqəti, insanlara göstərdiyi qayğı və peşəsinə olan sonsuz sevgisi daim yaşayacaq.
Sədi Qurbanov 2 iyun 1951-ci ildə Arçut kəndində dünyaya gəlmişdi. Ailəsinin və kənd camaatının fəxri olan Sədi, uşaq yaşlarından çalışqanlığı və məsuliyyət hissi ilə seçilirdi. Arçut kənd orta məktəbində oxuyarkən dərsə davamiyyəti və nümunəvi davranışı ilə müəllimlərinin və sinif yoldaşlarının rəğbətini qazanmış, məktəbi qızıl medalla başa vurmuşdu. Gənclik arzusu olan tibb sahəsində təhsil almaq üçün Azərbaycan Tibb İnstitutuna qəbul olunmuş və bu ali məktəbi də fərqlənmə diplomu ilə bitirərək, gələcəkdə çox sayda insanın həyatında şəfa simvoluna çevrilmişdir.
Peşəsinə böyük sevgi və fədakarlıqla yanaşan Sədi həkim, uzun illər ərzində yüzlərlə insanın sağlamlığına qovuşmasına yardımçı olmuş, ağır travmaların, qəzaların və çətin əməliyyatların öhdəsindən gəlmişdir. Sadəcə bir həkim yox, həm də böyük ürəyə malik bir insan idi. Onun mehriban təbəssümü, səmimi yanaşması, insanlara qayğıkeş münasibəti onu tanıyanların yaddaşında silinməz izlər buraxmışdır.
Sədi Qurbanov həkimlik peşəsini yalnız bilik və bacarıqla deyil, həm də vicdan və mərhəmətlə icra edən nadir şəxslərdən idi. Kəndin, şəhərin, rayonun müxtəlif yerlərindən gələn insanlar onun peşəkarlığına inanaraq, sağlamlıq ümidi ilə üz tutardılar. O, insanların dərdini öz dərdi sayır, şəfa tapmaları üçün gecə-gündüz yorulmadan çalışırdı.
Həyatını insanlara xidmətə həsr etmiş bu fədakar həkimin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq. Hər bir sağalmış xəstə, hər bir minnətdar ailə, hər bir təşəkkür dolu baxış Sədi Qurbanovun həyatda qoyduğu işıqlı izlərin göstəricisidir.
Ruhu şad olsun!
Hazırladı:
Şakir Məmmədov