Çox düzgün qərardır

"Rusiya "status" məsələsini və prosesi asılı vəziyyətdə gələcək nəsillərə saxlamaq istəyir. Qərb tərəfdən isə bu cür tələblər yoxdur"

"Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqlarında hansı müzakirə platforması faydalı olarsa, ona üstünlük veriləcək".  

Bu barədə "Sherg.az"a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri, keçmiş millət vəkili Etibar Məmmədov deyib. 

ABŞ, Brüssel və Rusiyanın vasitəçiliyi ilə aparılan sülh danışıqları barədə fikrini bəyan edən Etibar Məmmədov vurğulayıb ki, hələki Rusiyanın mövqeyi Azərbaycanın mənafelərinə uyğun deyil: 

"Rusiya "status" məsələsini və prosesi asılı vəziyyətdə gələcək nəsillərə saxlamaq istəyir. Qərb tərəfdən isə bu cür tələblər yoxdur. Qərbin gündəmə gətirdiyi Qarabağdakı ermənilərin təhlükəsizliyi məsələsidir. Bu məsələnin həlli də Prezidentin elan etdiyi kimi Qarabağda yaşamaq istəyən ermənilərin vətəndaşlığı qəbul etməsindən və reinteqrasiya prosesindən keçir. Bunun üçün də ayrıca protokol, qayda tətbiq oluna bilər ki, ermənilərin vətəndaşlığı qəbul etməsi prosesinin hansı formada olacağı bəlli olsun. Əlbəttə, bu mürəkkəb və qəliz məsələdir. Amma əvvəl-axır bu münasibətlər qurulmalıdır, görüşlər təşkil edilməlidir. Bilinməlidir ki, erməni icmasının nümayəndələri kimdir və onlarla hansı şəkildə danışmaq lazımdır. Uzun çəkən prosesdir, bir-iki günə həlluna bilməz. Əsas odur ki, sülh müqaviləsi imzalansın və Ermənistanla sərhədlər müəyyənləşsin. İrəvan sərhəddən bu yana qarışmasın. Əgər sülh sazişi imzalanarsa, Ermənistan Qarabağdakı ermənilərin maliyyələşməsindən, onların müdafiəsindən əl çəkməlidir. Həmin bölgə bütünlüklə Azərbaycan dövlətinin səlahiyyətlərinə daxil olmalıdır".

Etibar Məmmədov Ermənistanın TIR şousuna da münasibət bildirib: 

"Ermənistan tərəfinin istədiyini həyata keçirməsinə imkan vermək olmaz. Onların "humanitar yardım" adı ilə Qarabağdakı ermənilərə göndərməyə çalışdıqları yük maşınlarının Azərbaycan ərazisinə buraxılmaması çox düzgün qərardır. Əgər məqsəd həqiqətən humanitar yardımdırsa, onlara alternativ yol göstərilir ki, oradan istifadə etsinlər. Bu haqlı mövqedir və heç bir tərəddüd ola bilməz və fikrimcə, olmayacaq". 

AMİP qurucusu onu da vurğulayıb ki, Türkiyə bütün prosesin içindədir: 

"Türkiyə hər hadisə ilə bağlı ətraflı məlumatlandırılır və prosesdə iştirak edir. Təbii ki, bu məsələnin də görünməyən tərəfləri var. Türkiyəsiz bu məsələlərin heç birinin həlli yoxdur".

Millət