28 noyabr 2026-cı il tarixində Azərbaycan Milli İstiqlal Partiyasının sədri Milli Məclisin deputatı Arzuxan Əlizadə Sabunçu rayonu, Nikolay Baybakov küçəsi 258 ünvanında vətəndaşlarla görüş keçirib.
Qəbul zamanı sakinlərin müraciətləri, sosial və məişət problemləri diqqətlə dinlənilib. Müraciət edənlər arasında qazilər də olub. Qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlar qarşısında müvafiq məsələlərin qaldırılacağı bildirilib. Görüşdə xüsusilə Sabunçu rayonunda yol, su və kanalizasiya infrastrukturu ilə bağlı problemlər diqqət çəkib. Bu çətinliklər sakinlərin gündəlik həyatına birbaşa təsir göstərir və onların sistemli həllini zəruri edir.
Arzuxan Əlizadə qeyd edib ki, bu istiqamətdə bələdiyyələrin rolu və imkanları genişləndirilməli, onlara real səlahiyyətlər və maliyyə resursları verilməlidir. Yerli problemlərin həlli üçün infrastruktur ehtiyacları əvvəlcədən müəyyənləşdirilməli, kommunal qurumlar və bələdiyyələr arasında koordinasiya gücləndirilməli, konkret icra planları hazırlanmalıdır.
Deputat vurğulayıb ki, bələdiyyələr rayonların sosial-iqtisadi inkişafında daha fəal iştirak etmədən və onların maliyyə imkanları artırılmadan bir çox yerli problemlərin davamlı həlli çətin olacaq. Bu məsələlər Milli Məclisdə də mütəmadi müzakirə olunur və müvafiq təkliflər səsləndirilir.