“”Maraqlar toqquşması haqqında” qanun layihəsi dövlət idarəçiliyində şəffaflığın təmin edilməsi, korrupsiya hallarının qarşısının alınması və vəzifəli şəxslərin məsuliyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır”.
Bunu “Unikal”a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, deputat Arzuxan Əlizadə deyib. O bildirib ki, dövlət vəzifəsi şəxsi maraqların təmin olunması üçün deyil, cəmiyyətə və dövlətə xidmət etmək üçün verilən səlahiyyətdir:
“Hər bir vəzifəli şəxs öz fəaliyyətində şəxsi, ailəvi və digər maraqlarını dövlətin və ictimaiyyətin maraqlarından üstün tutmamalıdır. Bu baxımdan maraqlar toqquşmasının hüquqi çərçivədə tənzimlənməsi zəruridir. Yeni qanun layihəsi vəzifəli şəxslərin hansı hallarda maraqlar toqquşmasına yol verdiyini müəyyənləşdirməklə yanaşı, belə halların qarşısının alınması üçün konkret mexanizmlərin formalaşdırılmasına imkan verəcək. Hesab edirəm ki, qanunun qəbul edilməsi ilə iş bitməməlidir. Əsas məsələ onun praktikada necə tətbiq olunacağıdır. Qanunun tələbləri bütün dövlət qurumlarında eyni şəkildə və istisnasız icra edilməlidir. Heç bir vəzifəli şəxs tutduğu mövqedən, siyasi və ya inzibati nüfuzundan asılı olaraq qanunun tələblərindən kənarda qalmamalıdır. Bunun üçün müvafiq nəzarət mexanizmləri yaradılmalı, pozuntulara görə real məsuliyyət tədbirləri görülməlidir. Əks halda, qanunun kağız üzərində qalması və formal xarakter daşıması riski yaranar”.
Məmurların gəlir bəyannaməsini təqdim etməsi məsələsinə toxunan deputat qeyd edib ki, gəlir və əmlak bəyannamələrinin təqdim edilməsi bu prosesin ən vacib istiqamətlərindən biridir:
“Hesab edirəm ki, vəzifəli şəxslərin gəlirləri, əmlakları, sahibkarlıq fəaliyyəti və maliyyə maraqları ilə bağlı məlumatların bəyan edilməsi şəffaflığın təmin olunmasına ciddi töhfə verə bilər. Bu sistem yalnız vəzifəli şəxsləri deyil, qanunvericiliklə müəyyən edilən qaydada onların ailə üzvlərini də əhatə etməlidir. Burada əsas məqsəd kiminsə şəxsi həyatına müdaxilə etmək deyil, dövlət vəzifəsindən sui-istifadə hallarının qarşısını almaq, gəlirlərin qanuni mənbələrini müəyyənləşdirmək və vəzifəyə təyin olunmazdan əvvəlki maliyyə vəziyyəti ilə sonrakı dəyişikliklər arasında müqayisə aparmaqdır. Bəyannamələrin vaxtında təqdim olunması məlumatların yoxlanılması və qanunla müəyyən edilmiş çərçivədə ictimai nəzarətə açıq olması vacibdir. Eyni zamanda, bəyan edilən məlumatların həqiqiliyinə görə məsuliyyət də konkret şəkildə müəyyənləşdirilməlidir”.