İsrail Müdafiə Qüvvələrinin (İDF) baş qərargah rəisi, general-leytenant Eyal Zamir bir neçə cəbhədə davam edən uzunmüddətli müharibə fonunda orduda nizam-intizamın zəiflədiyini bəyan edib və hərbçilərin qeyri-etik davranışlarını kəskin tənqid edib.
Musavat.com xəbər verir ki, ali komandanlığın konfransında çıxış edən general mürəkkəb şəraitə baxmayaraq, pozuntuların qəbulolunmaz olduğunu vurğulayıb.
Onun sözlərinə görə, qeydə alınan insidentlər uzunmüddətli gərgin dövrün nəticəsidir, lakin bu, bəraət qazandırmaq üçün əsas ola bilməz və ordu öz dəyərlərindən geri çəkilməməlidir.
Zamir Livanın cənubunda İsrail əsgərlərinin talançılıq etməsi barədə xəbərlərə də münasibət bildirərək, bu cür hərəkətlərin ordunu rüsvay etdiyini və nüfuzuna xələl gətirdiyini qeyd edib.
O əlavə edib ki, faktlar təsdiqlənərsə, ciddi araşdırma aparılacaq.
Bundan əvvəl hərbçilər Livanın cənubunda İsa peyğəmbərin heykəlini dağıtdıqları üçün artıq cəzalandırılıblar. Eyni zamanda, günəş panellərinin zədələnməsini əks etdirən video görüntülərlə bağlı da yoxlamalara başlanılıb. Baş Qərargah rəisi həmçinin xəbərdarlıq edib ki, sosial şəbəkələrdən özünüreklam və ya mübahisəli kontentlərin paylaşılması üçün istifadə edilməsi "qırmızı xətt"dir və intizam tədbirləri ilə nəticələnəcək.
General Zamir orduda qadınların rolunu da xüsusi vurğulayaraq, onların döyüş qabiliyyətinin ayrılmaz hissəsi olduğunu qeyd edib. O bildirib ki, ultra-ortodoks yəhudilər də daxil olmaqla, əhalinin müxtəlif qruplarının orduya inteqrasiyası hərbi dəyərlərə xələl gətirmədən davam etdiriləcək.