Ermənistan rəhbərliyi bir tərəfdən sülhdən danışır, digər tərəfdən...

Partiya sədri: “Sülh prosesi siyasi bəyanatların çoxluğu ilə deyil, qəbul edilmiş qərarların icrası və əldə olunmuş nəticələrlə ölçülməlidir”

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlunun Azərbaycan–Ermənistan münasibətləri, sülh müqaviləsinin imzalanması, Ermənistanın Konstitusiya problemi və regionda yaranmış yeni siyasi reallıqlarla bağlı müsahibə verib.

Pravda.az müsahibəni təqdim edir:

– Ağasif bəy, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması uzun müddətdir beynəlxalq siyasi gündəmin əsas mövzularından biridir. Mövcud prosesi necə qiymətləndirirsiniz?

– İlk növbədə, bir fundamental həqiqəti qeyd etmək istəyirəm ki, Azərbaycan sülhə hazır olduğunu yalnız siyasi bəyanatlarla deyil, konkret qərarları və dövlət siyasəti ilə nümayiş etdirib. 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş tarixi razılaşmalar, sülh müqaviləsinin mətninin paraflanması və dövlətlərarası münasibətlərin normallaşdırılması istiqamətində atılmış addımlar Cənubi Qafqaz üçün tamamilə yeni siyasi mərhələnin əsasını qoydu. Lakin diplomatik razılaşmaların mövcudluğu onların praktiki icrasını əvəz etmir. Ermənistanda keçirilmiş parlament seçkilərindən, yeni hökumətin formalaşdırılmasından sonra gözləntilər ondan ibarət idi ki, İrəvan sülh gündəliyinə daha məsuliyyətli və əməli yanaşma nümayiş etdirəcək. Təəssüf ki, müşahidə etdiyimiz proses bu gözləntiləri tam doğrultmur. Biz diplomatik ritorikanın artdığını görürük, lakin əsas məsələlərdə eyni intensivliklə irəliləyiş müşahidə etmirik. Sülh prosesi siyasi bəyanatların çoxluğu ilə deyil, qəbul edilmiş qərarların icrası və əldə olunmuş nəticələrlə ölçülməlidir. Azərbaycanın mövqeyi prinsipialdır: regionda davamlı sülh təmin edilməli, dövlətlərin suverenliyi və ərazi bütövlüyü qarşılıqlı şəkildə tanınmalı, gələcək münasibətlər hüquqi baxımdan heç bir qeyri-müəyyənliyə yer qoymamalıdır.

– Hesab edirsiniz ki, Ermənistan sülh müqaviləsinin imzalanmasını məqsədli şəkildə ləngidir?

– Burada əsas məsələ bəyan edilmiş niyyətlərlə atılan addımlar arasındakı fərqdir. Ermənistan rəhbərliyi bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə sülhün yekun hüquqi rəsmiləşdirilməsi üçün Azərbaycanın irəli sürdüyü fundamental məsələlər üzrə aydın həll mexanizmi ortaya qoymur. Bu, təbii olaraq, prosesin süni şəkildə uzadılması barədə ciddi suallar yaradır. Biz unutmamalıyıq ki, sülh müqaviləsi sadəcə iki dövlət arasında imzalanacaq növbəti diplomatik sənəd deyil. Bu, onilliklər ərzində davam etmiş qarşıdurmanın hüquqi və siyasi baxımdan yekunlaşdırılması deməkdir. Belə tarixi əhəmiyyətə malik sənəddə gələcək münaqişələrə zəmin yarada biləcək ziddiyyətlərin qalması qəbuledilməzdir. Azərbaycan üçün sülh müvəqqəti siyasi razılaşma deyil, gələcək nəsillərin təhlükəsizliyinə verilən dövlət təminatıdır. Məhz buna görə də biz prosesin sürətindən daha çox onun hüquqi etibarlılığına və nəticəsinin dayanıqlılığına əhəmiyyət verməliyik.

– Ermənistanın yeni Konstitusiyasının qəbul edilməməsi sülh müqaviləsinin imzalanmasına nə dərəcədə mane olur?

– Bu, Azərbaycanın sülh gündəliyində ən prinsipial məsələlərdən biridir. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Ermənistanın hüquqi sistemində ölkəmizin ərazi bütövlüyünə qarşı iddialar kimi şərh edilə bilən müddəalar tamamilə aradan qaldırılmalıdır. Burada söhbət Ermənistanın daxili siyasi proseslərinə müdaxilədən getmir. Söhbət gələcək dövlətlərarası münasibətlərin hüquqi əsaslarının ziddiyyətsiz olmasından gedir. Bir tərəfdən sülh müqaviləsi imzalamaq, digər tərəfdən isə həmin müqavilənin mahiyyəti ilə ziddiyyət yaradan konstitusion istinadların qüvvədə qalmasına şərait yaratmaq davamlı sülh baxımından ciddi risklər doğura bilər. Ermənistan rəhbərliyi bu məsələ ilə bağlı öz cəmiyyətinə aydın siyasi mövqe təqdim etməlidir. Azərbaycanın Ermənistan Konstitusiyası ilə bağlı tələbi də məhz gələcəkdə ərazi iddialarının yenidən ortaya çıxmasının qarşısını almaq məqsədi daşıyır. Sülh müqaviləsi imzalandıqdan sonra onun hüquqi əsaslarının mübahisələndirilməsi ehtimalı qalmamalıdır. Bu, Ermənistanın da uzunmüddətli təhlükəsizlik maraqlarına uyğun olmalıdır.

– Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin 2031-ci ilə qədər imzalanmasını qarşısına məqsəd qoyduğunu bəyan edib. Bu açıqlamaya münasibətiniz necədir?

– Açığı, bu açıqlama məndə ciddi suallar yaradır. Əgər tərəflər sülh müqaviləsinin mətnini artıq razılaşdırıblarsa, əgər regionda faktiki olaraq müharibə vəziyyəti aradan qalxıbsa, o zaman sülh müqaviləsinin imzalanmasının niyə 2031-ci ilə qədər uzana biləcəyi aydın izah edilməlidir. Beş il siyasi baxımdan çox böyük müddətdir. Bu müddət ərzində regionda, beynəlxalq münasibətlər sistemində və ayrı-ayrı dövlətlərin daxili siyasətində müxtəlif dəyişikliklər baş verə bilər. Bizim üçün əsas sual budur: Ermənistan rəhbərliyi sülh prosesinin yekunlaşdırılması üçün konkret siyasi və hüquqi addımların hansı müddətdə atılacağını müəyyənləşdiribmi? Əgər müəyyənləşdiribsə, bu yol xəritəsi ictimaiyyətə təqdim olunmalıdır. Azərbaycan öz prinsipial mövqeyini qorumaqla uzunmüddətli diplomatik proseslər aparmaq qabiliyyətini dəfələrlə nümayiş etdirib. Lakin bunu da unutmaq olmaz ki, sülhə hazır olmaq qeyri-müəyyən müddətə uzanan siyasi gözləntilərlə razılaşmaq demək deyil. Sülhə həqiqətən strateji məqsəd kimi yanaşılırsa, bu məqsəd konkret qərarlarda öz əksini tapmalıdır.

– TRIPP layihəsinin icrası və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantının yaradılması məsələsini necə qiymətləndirirsiniz?

– Bu məsələ təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqazın gələcək iqtisadi və geosiyasi inkişafı üçün strateji əhəmiyyət daşıyır. Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat bağlantısının təmin olunması ölkəmizin mühüm milli maraqlarındandır. Vaşinqton razılaşmalarında da bu məsələ xüsusi yer tutur. TRIPP layihəsi regional kommunikasiyaların açılması, tranzit imkanlarının genişləndirilməsi və iqtisadi əməkdaşlığın inkişafı baxımından mühüm perspektivlər yaradır. Lakin strateji layihələr yalnız siyasi razılaşmaların elan edilməsi ilə həyata keçirilmir. Bunun üçün texniki sənədləşmə, konkret icra mexanizmləri, infrastruktur işləri və şəffaf fəaliyyət qrafiki tələb olunur. İctimaiyyət layihənin hansı mərhələdə olduğunu, nəzərdə tutulmuş tikinti işlərinin nə zaman başlayacağını və hansı müddətdə başa çatdırılacağını bilməlidir. Biz bu layihəyə yalnız nəqliyyat infrastrukturu kimi baxmamalıyıq. Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında etibarlı bağlantının yaradılması ölkəmizin iqtisadi bütövlüyünün möhkəmləndirilməsi və regional inteqrasiyanın genişləndirilməsi baxımından tarixi əhəmiyyət daşıyır. Bu məsələdə də diplomatik bəyanatlar real icra ilə müşayiət olunmalıdır.

– Son vaxtlar Ermənistan rəhbərliyi anklavlar, eksklavlar və hətta mümkün ərazi mübadiləsi məsələsini gündəmə gətirir. Sizcə, bu yanaşmanın arxasında nə dayanır?

– Delimitasiya və demarkasiya prosesi son dərəcə həssas, mürəkkəb və ciddi hüquqi əsaslandırma tələb edən məsələdir. Bu proses siyasi improvizasiyalar üzərində deyil, müvafiq komissiyaların fəaliyyəti, tarixi-hüquqi sənədlər və qarşılıqlı razılaşdırılmış prinsiplər əsasında həyata keçirilməlidir. Əgər anklavlar və eksklavlarla bağlı konkret razılaşma əldə edilməyibsə, mövzunun ictimai müstəvidə sanki artıq danışıqların nəticəsi kimi təqdim olunması doğru olmaz. Ərazi mübadiləsi barədə bəyanatlar da yalnız konkret və qarşılıqlı şəkildə təsdiqlənmiş danışıqların mövcudluğu fonunda ciddi siyasi məzmun kəsb edə bilər. Hesab edirəm ki, burada əsas prinsip son dərəcə aydın olmalıdır: Azərbaycanın suveren əraziləri siyasi sövdələşmə predmeti kimi təqdim edilə bilməz. Sərhədlərin delimitasiyası beynəlxalq hüquq, qarşılıqlı razılaşmalar və dövlətlərin ərazi bütövlüyünə hörmət əsasında aparılmalıdır. Əks halda, həllini gözləyən məsələlərin süni şəkildə mürəkkəbləşdirilməsi ümumi sülh gündəliyinə mənfi təsir göstərə bilər.

– Bəs sərhəddə baş verən ayrı-ayrı insidentlərin sülh prosesinə təsirini necə qiymətləndirirsiniz?

– Sərhəd xəttinin müəyyən hissələrinin hələ tam delimitasiya və demarkasiya olunmaması özlüyündə həssas vəziyyət yaradır. Belə şəraitdə baş verən hər hansı insident dərhal siyasi mübahisələrin predmetinə çevrilə və ictimai etimadı zəiflədə bilər. Ona görə də bu cür məsələlərə emosional bəyanatlarla deyil, faktların obyektiv araşdırılması, müvafiq qurumlar arasında əlaqə və beynəlxalq hüququn prinsipləri əsasında yanaşılmalıdır. Hər iki tərəf anlamalıdır ki, sülh yalnız dövlət rəhbərlərinin imzaladığı sənədlərdən ibarət deyil. Sülh eyni zamanda cəmiyyətlər arasında təhlükəsizlik hissinin formalaşmasıdır. Bunun üçün sərhəddə sabitlik, qarşılıqlı etimadın möhkəmləndirilməsi və əldə olunmuş razılaşmalara əməl olunması xüsusi əhəmiyyət daşıyır.

– Sizcə, Ermənistan rəhbərliyi regionda mümkün geosiyasi dəyişiklikləri gözləməklə sülh prosesində əlavə üstünlüklər əldə etməyə çalışa bilərmi?

– Cənubi Qafqaz tarixən böyük geosiyasi maraqların toqquşduğu region olub. Lakin bu gün regionda formalaşmış yeni siyasi reallıqlar nəzərə alınmadan uzunmüddətli sülhə nail olmaq mümkün deyil. Hər hansı dövlətin gələcək beynəlxalq dəyişikliklər hesabına daha əlverişli siyasi vəziyyət yaranacağını düşünərək mövcud razılaşmaların icrasını təxirə salması riskli yanaşma olardı. Bizim mövqeyimiz budur ki, regionun gələcəyi xarici güclərin rəqabəti üzərində deyil, suveren dövlətlərin qarşılıqlı hörmət və əməkdaşlığı əsasında qurulmalıdır. Azərbaycan regionda iqtisadi əməkdaşlığın, nəqliyyat əlaqələrinin və təhlükəsizliyin möhkəmləndirilməsində maraqlıdır. Bu baxımdan Ermənistanın da uzunmüddətli dövlət maraqlarının məhz sabit və proqnozlaşdırılan regional münasibətlərdə olduğunu düşünürəm. Sülhü gələcək geosiyasi fürsətlərə bağlamaq əvəzinə, mövcud tarixi fürsəti real nəticəyə çevirmək lazımdır.

– Ağasif bəy, yekun olaraq Ermənistan rəhbərliyinə və beynəlxalq ictimaiyyətə mesajınız nə olardı?

– Azərbaycanla Ermənistan arasında sülhün təmin olunması yalnız iki dövlətin deyil, bütövlükdə regionun gələcəyi baxımından mühüm tarixi fürsətdir. Azərbaycan artıq öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş dövlətdir. Bu gün ölkəmizin strateji məqsədləri sırasında davamlı təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf və regional əməkdaşlıq mühüm yer tutur. Mənim qənaətimə görə, Ermənistan rəhbərliyi də başa düşməlidir ki, sülh prosesi sonsuz siyasi müzakirələr meydanına çevrilməməlidir. Beynəlxalq ictimaiyyət isə tərəflər arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsini təşviq etməli, prosesə beynəlxalq hüquq prinsipləri əsasında yanaşmalıdır. Biz Ermənistandan qeyri-mümkün olanı deyil, davamlı sülh üçün aydın hüquqi təminatları və konkret siyasi iradəni gözləyirik. Tarix bizə dəfələrlə göstərib ki, sülh üçün yaranmış imkanlardan vaxtında istifadə edilmədikdə bunun siyasi və humanitar nəticələri ağır ola bilər. Azərbaycanın sülhə sadiqliyi onun milli maraqlarından, suverenliyindən və ərazi bütövlüyündən güzəştə getməsi kimi başa düşülməməlidir. Davamlı sülh qarşılıqlı etimad, siyasi məsuliyyət və hüquqi müəyyənlik tələb edir. Biz sülh istəyirik, amma elə bir sülh ki, sabah yenidən mübahisələrin, ərazi iddialarının və qarşıdurmaların hüquqi zəmininə çevrilməsin. Azərbaycan öz tarixi məsuliyyətini dərk edir. İndi Ermənistan rəhbərliyinin də bu məsuliyyətə uyğun konkret qərarlar qəbul etməsi vacibdir. Çünki sülhün dəyəri onun nə qədər çox vəd edilməsində deyil, nə qədər etibarlı şəkildə təmin olunmasındadır!