Avropa niyə parçalanır?

Avropa liderləri arasında artan narahatlıq fonunda ABŞ-İran qarşıdurmasının təsirləri daha geniş müzakirə mövzusuna çevrilib. "Politico" nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, bu gərginlik artıq təkcə geosiyasi müstəvidə deyil, həm də iqtisadi sferada ciddi təzyiq yaradır. Xüsusilə enerji qiymətlərində dalğalanma və inflyasiya risklərinin artması Avropa İttifaqının bəzi ölkələrini daha həssas vəziyyətə salır və “kövrək nüvə” anlayışını yenidən gündəmə gətirir. Mövcud iqtisadi zəifləmə fonunda bu təzyiqlərin siyasi sabitliyə təsiri də diqqət mərkəzindədir.

Bəs görəsən, ABŞ-İran gərginliyinin yaratdığı enerji və inflyasiya şokları fonunda, Avropa İttifaqında artıq müşahidə olunan iqtisadi zəifləmə nəzərə alınarsa, Aİ daxilində parçalanma riski varmı?

Politoloq Rəşad Bayramov Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ-İran gərginliyi Avropa İttifaqı daxilində müyyən problemlər və risklər yaradıb.

Onun sözlərinə görə, bu qarşıdurmanın xüsusilə enerji bazarları və inflyasiya üzərindən Avropanın onsuz da həssas olan iqtisadi strukturuna təzyiq göstərdiyi danılmazdır:

“Amma bununla belə bunun təlaş və ya qaçılmaz parçalanma kimi təqdim edilməsi müəyyən qədər şişirdilmiş yanaşmadır. Əsas məsələ Avropanın enerji asılılığı və iqtisadi yorğunluğudur. Rusiya-Ukrayna müharibəsi fonunda Avropa Rusiya qazından asılılığı kəskin şəkildə azaltmağa nail olsa da, bu keçid daha bahalı enerji mənbələrinə yönəlməklə baş verdi. ABŞ-İran qarşıdurması nəticəsində də Yaxın Şərqdə neft və qaz təchizatı zəncirlərində pozuntuların meydana gəlməsi, qiymətlərin sıçramasına səbəb oldu. Bu isə artıq yüksək inflyasiya ilə mübarizə aparan Avropa iqtisadiyyatları üçün əlavə zərbə deməkdir”.

Politoloq vurğulayıb ki, belə bir vəziyyətdə Aİ daxilində fərqli təsirlər ortaya çıxır:

“Almaniya və Niderland kimi sənaye əsaslı iqtisadiyyatlar enerji qiymətlərinə daha həssasdır, cənub ölkələri olan İtaliya, İspaniya, Yunanıstan isə borc yükü və sosial xərclər baxımından daha kövrəkdir. Bu fərqlər iqtisadi siyasətdə parçalanma meyillərini gücləndirə bilər. Məsələn, bəzi ölkələr daha sərt fiskal intizamı dəstəkləyərkən, digərləri subsidiyalar və dövlət müdaxiləsinin artırılmasını tələb edir. Bu isə artıq mövcud olan “şimal–cənub” iqtisadi xəttini daha da dərinləşdirə bilər. Bununla yanaşı, siyasi müstəvidə də risklər artır. Enerji qiymətlərinin yüksəlməsi və yaşayış xərclərinin artması populist və avroskeptik qüvvələrin mövqeyini gücləndirir. Bu dinamika xüsusilə Fransa, İtaliya və Almaniyada artıq müşahidə olunur. Əgər iqtisadi təzyiq davamlı olarsa, bu qüvvələr Aİ daxilində qərar qəbuletmə prosesini daha da çətinləşdirə və konsensus mexanizmini zəiflədə bilər. Bu mənada “kövrək nüvə” anlayışı daha çox siyasi koordinasiyanın zəifləməsinə işarə edir, institusional dağılmaya işarə etmir”.

Müsahibimiz qeyd edib ki, Avropa İttifaqı son illərdə böhranlara adaptasiya qabiliyyətini də nümayiş etdirib:

“Pandemiya dövründə yaradılan ortaq maliyyə mexanizmləri və enerji diversifikasiyası istiqamətində atılan addımlar göstərdi ki, ciddi təzyiq anlarında inteqrasiya zəifləmək əvəzinə bəzən daha da dərinləşə bilir. ABŞ-İran gərginliyi də paradoksal olaraq Aİ-ni enerji təhlükəsizliyi və müdafiə siyasətində daha koordinasiyalı addımlar atmağa sövq edə bilər. Odur ki, bəli, ABŞ-İran qarşıdurmasının Avropa üçün iqtisadi şok yaratmaq potensialı yüksəkdir və bu, Aİ daxilində mövcud zəiflikləri üzə çıxara bilər. Lakin bu prosesin birbaşa parçalanmaya gətirib çıxaracağı ehtimalı aşağıdır. Ehtimal olunan odur ki, Aİ daxilində fikir ayrılıqlarının artması, qərarların daha gec və çətin qəbul edilməsi və siyasi gərginliyin yüksəlməsinə gətirib çıxara bilər. Yəni bir daha təkrar edirəm söhbət sistemin dağılmasından yox, onun daha çox stress altında işləməsindən gedir”.