Azərbaycanın çağdaş tarixində dərin iz buraxan və yeni səhifələr yaradan Milli Azadlıq Hərəkatının lideri Etibar Məmmədov 22 ildən artıqdır ki, fəal siyasətdə olmasa da, onun haqqında mütəmadi müzakirələr gedir, barəsində müxtəlif fikirlər səsləndirilməkdədir. Elə siyasətdə olduğu dönəmlərdə də E.Məmmədov fenomeni həmişə diqqət mərkəzində olub. Hərə öz prizmasından, dünyagörüşündən, maraqları kontekstindən, etik və əxlaq səviyyəsindən yanaşıb. Bu, bir çox hallarda əksinə olaraq həmin şəxslərin iç üzlərinin və daxili aləmlərinin lakmusuna çevrilib. O şəxslər üçün geniş müzakirələr və mövzular açılır ki, həmin şəxslər daima cəmiyyət üçün, insanlar üçün, tarix üçün önəm daşıyır və maraq kəsb edir. Onun fəaliyyəti böyük bir epoxaya çevrilir. Hətta siyasi fəaliyyətdən çəkilsə də, kölgəsi bir çoxlarını ciddi şəkildə narahat edir, bir qulağı Etibar Məmmədovun ayağının tıqqıltı səslərində qalır. Etibar Məmmədov onlar üçün Demokl qılıncına çevrilir. Və Demokl kimi də təlxəklik etməkdən yaxa qurtara bilmirlər.
Kimsə kiminsə haqqında yazanda ilk növbədə özünün buna haqqının hər mənada çatdığını nəzərə almalıdır. Təbii ki, heç kəs toxunulmaz deyil. Etibar Məmmədov sağlam tənqidə, alternativ fikirlərə açıq olan tək-tək siyasətçilərdən biridir. Ancaq kimlərsə qərəz dolu, ağlına və ağzına gələnləri yazırsa və gerçəklikləri saxtalaşdırmaqla təhriflərə yol verirsə, yaxud bir qəpik qədər dəyəri olmayanlar tərəfindən “qələmə alınırsa”, buna seyrçi qalmaq mümkünsüz olur. Bu, həm də ədalətin və haqqın qurban verilməməsindən doğan məcburiyyətdir.
E.Məmmədovun “tənqidşünasları”nın
adətən əsas fokuslandıqları xüsusatlar AXC hakimiyyəti ilə bağlıdır. Bu tip insanlar aradan xeyli müddət keçməsinə rəğmən, təkamüldən və sağlam düşüncədən kənarda qalıb sınıq qrammofon valı kimi eyni fikirləri səsləndirməkdə davam edirlər. Bu insanların dövlətçilik, elementar siyasi və politoloji təfəkkürləri o qədər bəsit və primitivdir ki, dediklərinin fərqini belə anlamırlar. Yaxud daxili kin və yoluxduqları qərəz anlamağa imkan vermir. Bu “tənqidşünaslar”dan biri öz sosial media hesabından Etibar Məmmədov haqqında güya təhlillər aparır və onu “kompromissizlik və həddindən artıq şişirdilmiş iddialarda”, “aşırı siyasi eqonun və hakimiyyəti təkbaşına idarə etmək istəyinin təzahüründə” ittiham edir; bildirir ki, “onun daxilindəki AXC nifrəti, Elçibəy hökumətini nəyin bahasına olursa-olsun devirmək və bu xaosdan özü üçün hakimiyyət dividenti qazanmaq istəyi dövlətçilik təfəkkürünü və milli maraqları tamamilə iflic etməkdə idi”, həmçinin onu “Surət Hüseynovun siyasi müttəfiqinə və vəkilinə çevrilməkdə”, “aksiyada tərəfdarlarını meydanda qoyub qaçmaqda” suçlayır. Təbii ki, bunların hamısı həmin şəxsin dar təxəyyülünün və düşüncələrinin məhsuludur; yalan, iftira və böhtanla dolu, məqsədli şəkildə ortaya qoyulan iddialardır.
Azərbaycan Xalq Hərəkatının iki nəhənginin — Əbülfəz Elçibəylə Etibar Məmmədovun üz-üzə qoyulmasına, aralarında nifaq salınmasına Cəbhənin yarandığı ilk illərdən start verilib. Etibar bəyin xarizması, qətiyyəti və “radikallığı” Cəbhə daxilindəki “loyal”ları, “mötədil”ləri çətin duruma salırdı. Onların siyasi vurnuxmalarını, oyunlarını, şəxsi maraqlarının təmin edilməsi üçün quraşdırdıqları ssenarilərini, düzüb-qoşduqları kombinasiyalarını pozurdu. Etibar Məmmədovun mətbuata verdiyi müsahibəsində: "AXC hərəkatına hamı borcludur. İndiki hakimiyyət də borcludur, gələcək hakimiyyət də, gələcək nəsillərimiz də", — deməsi onun Cəbhəyə yüksək rəğbət və qiymətinin lakonik ifadəsi idi.
Lakin həmin AXC sonradan öz məqsəd və məramından uzaqlaşaraq, müharibə gedən ölkədə diqqəti müdafiəyə yönəltmək əvəzinə, hakimiyyət uğrunda mübarizəyə girişmişdi. Formalaşmaqda olan Milli Orduya deyil, AXC-yə tabe olan silahlı özünümüdafiə dəstələri yaradılmışdı. Azərbaycanda faktiki olaraq dövlət avtoriteti çökdürülmüş, anarxik düzənə doğru gedilirdi. 1992-ci ilin may ayında silahlı hücumla AXC Mütəllibov hakimiyyətini devirərək siyasi hakimiyyəti ələ keçirir. Özünü “milli” adlandıran AXC bu zaman hakimiyyəti kommunistlərlə bölüşdürür. Ayaz Mütəllibovun kommunist baş naziri Rəhim Hüseynov və digərləri öz postlarında qalırlar. AXC-nin əsl siması yırtılır və xalq yox, hakimiyyət “sevdalısı” olması üzə çıxır. Bu zaman hərəkat yoldaşı olan Etibar Məmmədov nəinki yaddan çıxarılır, hətta ona düşmən obrazında baxırlar.
Hakimiyyəti ələ alan AXC dərhal da rəqiblərinə qarşı repressiyalara başlayır. Və basqı altında prezident seçkilərinə gedilir. Xalq arasında populyar və böyük elektorata malik olmasına baxmayaraq, 17 iyun 1992-ci ildə keçirilən prezident seçkilərində prezidentliyə namizəd olan Etibar Məmmədov iddiasından əl çəkərək namizədliyini geri götürür və Əbülfəz Elçibəy prezident seçilir. Hərgah, bu qalibiyyət də mübahisə doğurmaqdadır. Çünki Azərbaycan Ziyalılarının Demokratik İttifaqından prezidentliyə namizədliyi irəli sürülən Nizami Süleymanovun qalib gəlməsi iddia edilirdi. Rəsmi nəticələrə görə, 33,8 faiz səslə ikinci olan N.Süleymanov nəticələrin saxtalaşdırılması barədə bəyanat vermişdi. Bu seçkilər Etibar Məmmədovun AXC-yə və onun liderinə etdiyi ən böyük güzəşt idi. Lakin AXC bu güzəştlərdən sui-istifadə edərək cənab Məmmədovu siyasi səhnədən tamamilə silmək, ölkədən uzaqlaşdırmaq, hətta onu fiziki olaraq aradan götürmək planları üzərində işləməyə başladı. Onun partiyasına və şəxsinə davamlı təzyiqlər və hücumlar edildi.
Azərbaycanda sivil mübarizə aparan və ilk siyasi partiyanı — AMİP-i yaratmaqla təkpartiyalı siyasi sistemdən çoxpartiyalı siyasi sistemə keçidin bünövrəsini qoyan Etibar Məmmədov, AXC iqtidarına müxalif siyasi partiya lideri olaraq Azərbaycanın uçuruma aparıldığını görürdü və bunun qarşısını almağa çalışırdı. Bəzilərinin söylədiyi kimi,
AXC-ni Etibar Məmmədov deyil, onun rəhbərliyində olan İsa Qəmbər və digərləri parçaladı
— həm hakimiyyətdaxili mübarizələri ilə, həm də özlərinə ayrı-ayrılıqda siyasi partiyalar yaratmaqla. Praktikada adətən müxtəlif partiyalar seçkidə uğur qazanaraq koalisiya hökuməti qurur. AXC isə hakimiyyətə yiyələndikdən sonra partiyalara parçalandı. Hakimiyyətin ikinci adamı İsa Qəmbər Müsavat Partiyasını yaratmaqla faktiki idarəçiliyi əlinə aldı. Prezident Ə.Elçibəy formal olaraq daxili qruplaşmaların alətinə çevrildi. Hakimiyyət hərisliyi AXC-Müsavatı bir-birlərini əzməyə və məhv etməyə gətirib çıxartdı. Azərbaycanın taleyi və xalqın problemləri qaldı kənarda; onlar daxili çəkişmələrdə, nüfuz uğrunda amansız rəqabətdə idilər. Etibar Məmmədov dəfələrlə müxtəlif formalarda, yüksək tribunalardan prosesin təhlükəli istiqamətə getdiyi barədə xəbərdarlıqlarını etdi. Ancaq nəticə çıxarılmadı. Özlərini idarə edə bilməyənlərin iqtidara keçməsi faciəvi sonluqla bitməli idi və bitdi də. Kim bunların səhvini və özbaşınalıqlarını üzərinə deyirdisə, düşmən elan olunurdu.
AXC-nin yüksək titullar və vəzifələr verdiyi Surət Hüseynovun da “günahı” Elçibəy iqtidarının yarıtmaz və səriştəsizliyini, idarəçiliyin bərbad hala salınmasını, başıpozuqluğu dilə gətirməsi və Etibar Məmmədovun səlahiyyətləndirilməsinin zəruriliyini açıq şəkildə deməsi idi. Baş nazirin müavini Surət Hüseynov da digərləri kimi Elçibəyin ətrafını saran hörümçəklərin, tarantulaların qurduğu torun Azərbaycanı məhvə sürüklədiyini görürdü və bunun nicatını Etibar Məmmədovun hakimiyyətdə yüksək səviyyədə təmsil olunmasında görürdü. Ancaq İsa Qəmbər - Pənah Hüseyn - Arif Hacılı triosu buna qarşı çıxdılar və “mənə yoxdur, heç kimə yoxdur” prinsipindən çıxış edərək S.Hüseynovu “qiyamçı polkovnik” elan edib üzərinə qanunsuz olaraq ordu yeritdilər. Paralel olaraq da Etibar Məmmədovun sədri olduğu AMİP-in Azadlıq prospekti 179 ünvanında yerləşən mərkəzi qərargahını daxili qoşunların bölmələri ilə mühasirəyə aldılar.
“Demokratik” və “milli hökumət” anti-milli yol seçərək, baş nazir P.Hüseynovun təbiri ilə desək, xalqı əzib keçmək yolunu tutdu. AXC iqtidarı xalqın bir ilə yaxın müddətdə öz siyasətləri və əməlləri ilə o həddə nifrətini qazandı ki, bir ovuc qiyam iştirakçısının qarşısında nə özləri dayana bildilər, nə də onları kimsə müdafiə etdi. Fərari kimi hamısı qoyub qaçdı. Halbuki xalq onlara dövlətini və taleyini əmanət etmişdir.
Əmanətə xəyanət etdilər.
Etibar Məmmədovu “milli hökuməti”, Elçibəyi müdafiə etməməkdə suçlayan şəxs heç özü liderini qorumadı, həmin ərəfələrdə Şərurun İcra Başçısı vəzifəsindən dabanına tüpürüb ilk qaçanlardan oldu. Etibar Məmmədov qədər Ə.Elçibəyə sayğı göstərən, onun şəxsiyyətini və nüfuzunu qorumağa çalışan nə komandasında, nə də ətrafında ikinci şəxs olmayıb. O, Elçibəyi prezident vəzifəsinin fövqündə duracaq bir lider kimi görürdü. Ancaq siyasi hakimiyyət hərisləri və ətrafı onu öz məqsədləri üçün qabağa verərək, onun nüfuzunu və imicini bir il ərzində elə amansızcasına xərclədilər ki, dünyaya sığmayan, imperiyaya meydan oxuyan Elçibəy bir qaranlıq gecədə heç kəsə məlumat vermədən qaçıb kiçik, doğma kəndi Kələkiyə sığınmaq zorunda qaldı. Bu, həm də ətrafına, komandasına dərin bir etirazı, bəlkə də nifrəti idi. Bəlkə də şəxsi xilası idi. Elçibəyin qəfil Kələkiyə gedişindən sonra E.Məmmədov onun Bakıya qayıtmasını və vəzifəsini icra etməsini, buna təminat veriləcəyini diqqətinə çatdırsa da, o, bundan imtina etdi. Etibar Məmmədov İsa Qəmbəri də həbsdən və cəzalardan xilas etdi.
Burada maraqlı bir detala toxunmaq yerinə düşərdi. Surət Hüseynovun bir ovuc dəstəsi Nəvai postuna yaxınlaşıb, hakimiyyətin tamam süqutu an məsələsidir. Yerli icra başçıları hamısı qorxudan gizlənib, bir qismi vəzifəsini dondurub. Prezident Elçibəy inandığı şəxsi — Arif Hacılını Etibar Məmmədovla danışıqlar aparmaq üçün AMİP qərargahına göndərib; o isə bir qədər avaralandıqdan sonra güya hal-əhval tutmağa gəldiyini söyləyir. Qayıdanda isə Elçibəyə Etibar bəyin təkliflərə razı olmadığı barədə yalan məlumat verir. Komandanın digər bir üzvü isə H.Əliyevlə hakimiyyət bölgüsü barədə danışıqlar aparır. 1992-ci il təcrübəsini yenidən sınaqdan keçirməyə çalışırlar. Həmin vaxtlar da gizli olaraq kommunistlərlə koalisiyaya nail olmuşdular. Lakin İ.Qəmbərin, P.Hüseynin və A.Hacılının hesablamaları onda düzgün olmadı ki, Heydər Əliyev Ayaz Mütəllibov deyildi. Onların fikirləri H.Əliyevi prosesə cəlb etməklə qiyamı yatırmaq və sonra da onu yola salmaq idi. Bu ağılsız başları ilə qlobal siyasətin nəhəngini Ə.Elçibəy kimi idarə edə bilməyəcəklərini heç düşünməmişdilər.
Elçibəy Kələkidən Bakıya qayıtdıqdan sonra ilk atdığı addım AMİP-in Mərkəzi Qərargahına gələrək AXCP ilə AMİP arasında əməkdaşlıq və müttəfiqlik sazişinin bağlanması oldu. Bir vaxtlar eyni komandada təmsil olunan İsa Qəmbər, Arif Hacılı və digərlərinin rəhbərliyində olduğu Müsavat Partiyası, baş naziri olduğu P.Hüseynin Azərbaycan Xalq Partiyası ilə deyil, məhz AMİP-i seçməsi Etibar Məmmədova və partiyasına güvənin, etibarın və inamın olmasından qaynaqlanırdı. Məntiqlə, onun hakimiyyətini yıxmaqda birbaşa iştirak edən liderlə və partiya ilə niyə əməkdaşlıq və müttəfiqlik edilsin ki?! Elçibəyi özünə kumir hesab edən və “təəssübünü” çəkənlər bu detalların üzərindən sükutla keçirlər. Əksinə, çalışırlar ki, Elçibəylə Etibar Məmmədov arasında qarşıdurma və ixtilaf yaratsınlar və hər iki liderin tərəfdarlarını qarşı-qarşıya qoysunlar. Eyni xətt bu gün də davam etməkdədir.
“Elçibəyi Etibar Məmmədov yıxdı” deyənlər, özləri öz liderlərinə xəyanət edərək onu meydanda tək qoydular. 15 iyul 2016-cı ildə ABŞ kimi dünya nəhəngi Türkiyədə hərbi çevriliş edərək Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaq üçün hərbi qiyama təşəbbüs göstərdi. Həmin cəhddə aralarında generallar da olmaqla 5761 ali zabit heyəti iştirak edib və 37 helikopter, 34 təyyarə, 3 gəmi, 74 tank, 246 zirehli texnikadan istifadə olunub. Türkiyədə baş vermiş hərbi çevrilişə cəhdin qarşısını almaq üçün keçirilən əməliyyat zamanı 265 nəfər, o cümlədən 161 mülki şəxs şəhid oldu, yüzlərlə insan yaralandı. Prezident Ərdoğan ən çətin şərtlər və imkanlar daxilində tərəfdarlarını və xalqı qiyama qarşı qaldırdı. Sonadək mübarizə apardı. İnsanlar küçələrə axışıb sinələrini güllənin və tankın qarşısına verərək dövlətçiliyini və seçilmiş prezidentini qorudu. Şəhid oldu, yaralandı. Müxalifət də hakimiyyətə dəstəyini ifadə elədi. Qiyam baş tutmadı.
Azərbaycanda isə bir nəfərin belə seçilmiş prezident Elçibəyi qorumaq üçün meydana çıxmamasının, özünü şəhid etməməsinin, müxalifətin onun hakimiyyətini dəstəkləməməsinin səbəblərini indiyədək də analiz etmək istəmir ki! Bilirsinizmi niyə? Çünki hakimiyyətdə olanlar bir-birlərini ittiham edəcəklər, paxırlarını açıb tökəcəklər, yarıtmaz və səriştəsiz idarəçiliklərinə görə xalqdan üzr istəməli olacaqlar. 1993-cü il 4 iyun Gəncə hadisələrindən uzun illər ötməsinə baxmayaraq, AMİP-dən başqa heç bir partiya həmin hadisələri müzakirə edərək buna rəsmi siyasi qiymət verməyib.
1998-ci ildə Müsavat Partiyası və AXCP-nin prezident seçkilərini boykot qərarı alması da məhz İsa Qəmbərin Ə.Elçibəyə vahid namizədlə bağlı güzəştə getməməsi idi. Elçibəy İsa Qəmbərin hələ cavan olduğuna görə şansının yenə qalmasını, özünün isə birinci prezidentliyi dövründə buraxdığı səhvləri düzəltmək və xalqın etimadını doğrultmaq üçün bunun bir fürsət olduğunu bildirirdi.
İ.Qəmbər liderinə həmin fürsəti vermədi.
Etibar Məmmədov doğru yol seçdi və xalqı səfərbər etməyi bacardı. Müxalifət 1998-ci ildə də hadisələrə marginal maraqları prizmasından yanaşaraq xalqın və Etibar Məmmədovun mübarizəsini dəstəkləmədi. AMİP və lideri Etibar Məmmədov təkbaşına yüz minlərin iştirakı ilə davamlı kütləvi etirazlara başladı. F.Novruzoğlunun səhvən “Qələbə” meydanında (hadisələr Elmlər Akademiyası metrosu, BDU və Azərbaycan Nəşriyyatının qarşısında cərəyan edirdi) təsvir etdiyi həmin vahiməli hadisələrdə E.Məmmədov aksiyaya sonradan qoşulmamışdı və ilk başdan önündə addımlayırdı. Verilən komanda kütləvi etiraza sərt müdaxilə, liderlərin ciddi şəkildə cəzalandırılması, E.Məmmədova ağır fiziki xəsarət yetirilməsi olduğundan heç nəyə məhəl qoyulmurdu. Millət vəkili Şadman Hüseynin polislər dəyənəklə zərbə endirərək başını yardılar. Etibar Məmmədov ən kritik və ən təhlükəli məqamda, Elçibəyin ətrafından fərqli olaraq, özünü risk altında qoyub ətrafını zor və işgəncə aparatı ilə meydanda tək buraxmadı. Baxmayaraq ki, Etibar Məmmədov meydandan çıxarılmasına qarşı idi, lakin onun silahdaşları ən doğrunu seçərək liderlərini əliyalın qorudular. Bu, liderin xarakterinin və liderə olan sevginin, inamın görkümü idi! Həmin hadisələr xalqın və millətin demokratiya və dəyərlər uğrunda mübarizə salnaməsinin ən parlaq səhifəsi kimi yaddaşlara həkk olundu.
Halbuki 2003-cü ildə özünü prezident elan edən İsa Qəmbər tərəfdarlarının və üzvlərinin etiraz aksiyalarında nəinki iştirak etmədi, hətta xəlvəti surətdə, polisin himayəsi və qoruması altında kabinetini tərk edib həftələrlə Müsavat Partiyasının qərargahına ayaq basmadı. Həbsə atılan, repressiyalara məruz qalan əqidədaşlarının taleyi ilə maraqlanmadı.
2003-cü il prezident seçkiləri zamanı müxalifətin seçkilərdə vahid namizədlə iştirakı barədə də dəfələrlə mətbuatda, sosial mediada qızğın müzakirələr gedib. Azərfreedom"un rəhbəri Qurban Məmmədov hadisələrin iştirakçısı kimi bu mövzuda çıxışlar edərək məsələyə bir daha aydınlıq gətirib. Prezidentliyə şanslı namizədlərdən biri olan, AXCP və AMİP-in qurduğu “Qələbə” seçki blokunun irəli sürdüyü E.Məmmədov, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinin və tanınmış ziyalıların xahişlərini nəzərə alaraq, öz ambisiyalarından bir addım geri çəkildi və “Bizim Azərbaycan” seçki blokunun namizədi İ.Qəmbərin vahid namizədliyini qəbul edəcəyinə razılıq verdi. Ancaq İ.Qəmbər bu razılaşmaları E.Məmmədova məlumat vermədən pozdu və seçkidən sonra özünü qalib elan etdi. Etibar Məmmədov bir daha sübut etdi ki, o, Azərbaycanın və xalqın maraqları naminə siyasi ambisiyalarını və iddialarını qurban verir və buna da hər zaman hazırdır. İndi kimlərinsə onu “kompromissizlik və həddindən artıq şişirdilmiş iddialarda”, “aşırı siyasi eqonun və hakimiyyəti təkbaşına idarə etmək istəyinin təzahüründə” ittiham etməsi absurd və ağılsızlıqdır.
Etibar Məmmədov başqaları kimi siyasi meydanı zəbt edərək, yeni siyasi liderlərin, gənc nəslin formalaşmasına əngəl olan siyasilərdən deyil. Azərbaycan siyasətində
bir çox novatorluq və siyasi mədəniyyət nümunələri
də məhz Etibar Məmmədovun adı ilə bağlıdır. 2004-cü ildə AMİP sədri postundan istefa verərək istifa mədəniyyəti göstərdi. Başqa partiyalar olsaydı, onun istefasından sonra AXC və Müsavat kimi hüceyrələrə parçalanardı. Lakin AMİP sağlam və möhkəm təməl üzərində qurulduğundan, kənar təsirlərə və davamlı təzyiqlərə baxmayaraq monolitliyini qoruyur. Hazırda da ölkənin aparıcı siyasi partiyalarından biridir, inkişaf edir.
Etibar bəyə vurulan “damğalardan” biri də onun müxalifətin birləşməsinə mane olan fiqur olması idi. 22 il müddət ərzində müxalifətin bir birlik modeli ortaya qoyulmadı; didişmələr və parçalanmalar hələ də davam edir. Mən deyərdim ki, yeganə siyasətçidir ki, hətta aşırı tənqidçiləri və təftişçiləri onun əleyhinə ciddi arqument və mötəbər sübutlar təqdim edə bilmirlər. Çünki yoxdur! Ona görə də faktlara, obyektiv təhlillərə və real gerçəkliklərə deyil, qərəzə, böhtana, hətta etik çərçivələri aşaraq təhqirə əl atırlar. Bu, siyasi mübarizə üsulu deyil, acizlikdir; Etibar Məmmədov şəxsiyyəti qarşısında cılızlığın əlamətləridir. Cılız adamlar isə böyük düşünə, böyük ideallar ardınca gedə və yaxşı nümunə ola bilməzlər. Belələrinin sürdükləri həyat da başdaşlarında həkk olunan doğum və ölüm tarixlərindən ibarət olur.
Əli Orucov