“Qərb bir çox hallarda demokratiya pərdəsi altında əslində sümürgəçilik, istismar siyasəti yürüdür”

90-cı illərin sonlarından başlayaraq, Qərb Şərqə demokratiya gətirmək təşəbbüslərinə başladı və güc yolu ilə bunun tətbiqinə start verildi. 2000-ci ilin əvvəllərində ilk hədəf İraq və Səddam Hüseyn oldu. İlk vaxtlarda çoxları, iraqlıların əksəri də elə zənn edirdi ki, bütün bəlalar Səddam Hüseynə, avtoritar rəhbərə görədir.

Səddam edam edildi, bundan sonra İraqa xeyli bombalar yağdırıldı, rejim dəyişikliyi baş verdi. Ardınca oxşar proseslər Misirdə, Tunisdə, Liviyada həyata keçirildi. İlk “demokratik bombalama” əməliyyatına məruz qalmış İraq xalqından 20 il sonra indi necə yaşadıqlarını soruşublar. Özü də sorğunu məhz ABŞ-da yerləşən, dünya üzrə insan resurslarını öyrənən və statistik araşdırma xidmətləri göstərən nüfuzlu “Gallup” təşkilatı reallaşdırıb. İraqlıların cavabı belə olub ki, “Səddam Hüseynin dövründə daha yaxşı yaşayırdıq...”

İraqda keçirilmiş sorğuya görə, əhalinin əksəriyyəti 2003-cü ildə ABŞ-ın işğalından sonra ölkədə həyat şəraitinin pisləşdiyini düşünür. Sorğu İraqın keçmiş prezidenti Səddam Hüseynin devrilməsinin 20-ci ildönümü ilə bağlı keçirilib. İraqın hazırkı vəziyyətini ABŞ-ın işğalından əvvəlki vəziyyəti ilə müqayisə edən respondentlərin 60 faizi vəziyyətin pisləşdiyini, 40 faizi isə yaxşılaşdığını söyləyib. İraqlıların təxminən 51 faizi hesab edir ki, ABŞ-ın məqsədi İraqın təbii sərvətlərini oğurlamaq olub. Sorğuda iştirak edən İraq şiələrinin təxminən 75 faizi koalisiya qüvvələrinin gəlişinə mənfi münasibət bəsləyir. Sorğuda iştirak edən iraqlıların 47 faizi İraqda qalmaq və yeni bir ölkə qurmaq istəyini bildirsə də, hər dörd respondentdən biri ölkədən çıxıb getmək arzusunda olduğunu söyləyib... Oxşar durum Amerikanın demokratiya gətirmək istədiyi digər Şərq ölkələrində də hökm sürür. Uzun illərdir bu ölkələrdə - bütövlükdə Yaxın Şərqdə normal yaşamı təmin etmək mümkün olmur. Səbəb nədir, niyə Qərb Şərqə vəd etdiyi demokratiyanı gətirə bilmədi? Məqsəd əvvəldən bu deyildimi, yoxsa cəmiyyətlər hazır deyil?

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov “Yeni Müsavat”a açıqlamasında demokratiyaya xalqların özlərinin hazır olmasını öncül sayır: “Demokratiya bir ənənədir. Bu, tarixən və uzun proseslərdən keçərək formalaşır. Bu, həm də yaşayış tərzinə çevrilir. Əsrlərlə despotik bir idarəetmə rejimlərində və cəmiyyətlərində birdən-birə demokratiya qurmaq mümkün deyil. Xüsusən də xaricdən bu yöndə edilən cəhdlər həm uğursuz alınır, həm də formalaşan düzəni dağıdaraq qarmaqarışıq bir vəziyyət yaradır. Demokratiyaya gərək rejimlərlə birlikdə cəmiyyətin, xalqların özü də hazır ola. Əks halda, sonuncular faciəvi olur. Necə ki, biz bunun bariz nümunələrini Şimali Afrika ölkələrində, Ərəb baharında gördük, Şimali Afrikanın ərəbdilli ölkələrində Liviyada M.Qəddafi, Misirdə Hüsnü Mübarək, Tunisdə bin Əli, Yəməndə A.Saleh və s. kimi on illər boyu hakimiyyəti zorakı üsullarla əllərində saxlayan despotlar postlarını itirməklə yanaşı, həyatlarından da məhrum edildilər. Bəziləri qaçaq və didərgin həyat yaşamalı oldular. Lakin bu dəyişikliklər həmin ölkələrdə xaosa, özbaşınalıqlara, gərginliyə və sosial iqtisadi böhrana gətirib çıxartdı. Mən İraqın Səddam Hüseyn rejimi ilə Ərəb baharında baş verən dəyişikliklərin səbəblərini bir-birindən ayırardım. Səddam Hüseyn Qərbin maraqlarına açıq şəkildə toxundu. Onun Küveytə hərbi təcavüzü və onu İraqa ilhaq etməsi, eyni zamanda nüvə bəhanəsi verməsi həyatı bahasına başa gələn buraxdığı səhvlər idi. Maraqlıdır ki, Ərəb baharı zamanı devrilən ölkə başçılarının hamısı ABŞ-ın yaxın müttəfiqləri və dostu olub. Eləcə də İraq prezidenti Qərblə sıx əlaqədə olub. İran- İraq müharibəsində Qərbdən hər cür, hətta silah dəstəyi də alıb. Bu gizli hərbi dəstək sonra iraqgeyt adı ilə ABŞ-da geniş siyasi qalmaqal yaratdı. İraq eyni zamanda Bağdad paktı adlandırılan SENTO hərbi ittifaqında Qərblə təmsil olunub. Qərbin bu rejimlərə də baxışları fərqli olub”.

Ekspert Qərbin demokratiya oyununa da toxundu: “Fikrimcə, Qərb bir çox hallarda demokratiya pərdəsi altında əslində sümürgəçilik, istismar siyasəti yürüdür. Hansı rejimlərdə buna qarşı bir qədər müqavimətlə rastlaşanda isə demokratiya bəhanəsi işə salınır. Bu gün təkcə İraqda deyil, rəngli inqilabların, inqilabı baharların ağır fəsadları demək olar ki, hər yerdə var. Liviya, Misir, Tunis, Mərakeş, Yəmən, Suriya və s. qarşıdurma və hərtərəfli ciddi böhran məngənəsindədir. Demokratiyanın yolu, fikrimcə, küçələrdən, meydanlardan və çalışmalardan deyil, şüurlardan və ağıllardan keçir. Qərbin özü də heç istəmir ki, Qərb demokratiyası digər ölkələrdə də bərqərar olsun. Demokratik ölkələri istismar etmək və müstəmləkəyə çevirmək demək olar ki, mümkün olmur. Bu gün onların işinə daha çox idarə olunan xaos və müti rejimlər yarayır. İraq neftini, qazını, eləcə də başqa təbii sərvətlərini ABŞ yaşamaqdadır. Heç kəsə də hesabat vermir. Bir çox ölkələrə də demokratiya ixracı bunun üçün lazımdır. Doğrudur, devrilən rejimlərdə istər Qəddafi, istər Mübarək, istərsə də Səddam Hüseyn olsun, despotik idarəetmə vardısa, amma sabitlik və sosial həyat mövcud idi. İnsanların təməl, fundamental hüquq və azadlıqlarına məhəl qoyulmurdusa, onların yaşayışı bəzilərində yüksək səviyyədə təmin olunurdu. ABŞ-ın gətirdiyi "demokratiya"dan sonra heç biri qalmadı. Təəssüflər olsun ki, bu gün Qərbin başqa ölkələrə, xüsusən də bir qədər müstəqil siyasi kurs yeridən hakimiyyətlərə təzyiq aləti məhz demokratiyadır. Belə yanaşma isə uzun illər demokratiya uğrunda mübarizə aparan və rejimlərin hər cür repressiyalarına dözən insanları və cəmiyyətləri ruhdan salır, onların mövqelərini zəiflədir. Nəticə etibarı ilə daha çox əzilən və məhrumiyyətlərə məruz qalan da xalqlar və millətlər olur. Düşünürəm ki, nə qədər ki, demokratiya Qərbin maraqlarından çıxıb ümumbəşəri dəyərlərə çevrilməyib, bu məfhum öz cəlbediciliyini getdikcə itirməkdə davam edəcək".

Azad Vətən Partiyasının sədri Akif Nağı bildirdi ki, heç nəyi, xüsusilə də demokratiyanı zorla, silah gücünə “gətirmək” olmaz: “Demokratiya hər bir millətin özünün təbii yolla keçməli olduğu prosesdir. Hər hansı kənar müdaxilə yalnız əks reaksiyalar, fəsadlar törədir. Əslində ABŞ və digər Qərb ölkələri bu və ya digər ölkənin demokratikləşməsi fikrində olmayıb, bu gün də elədir. Onlar demokratiya "bayrağı" altında zəngin ölkələrə sahib çıxmağa çalışırlar. İraqı, Liviyanı, Misiri xaraba qoydular, əhalini bədbəxt günə saldılar, özləri də oturublar yeraltı, yerüstü sərvətlərin üzərində,  talançılıqla məşğuldurlar. Bu ölkələrin əhalisi artıq Səddam, Qəzzafi “həsrəti” ilə yaşayırlar. Amerikanın vəd etdiyi demokratiya geriyə, diktaturaya, totalitar düşüncəyə doğru yol açdı. Vaşinqton, digər “demokratiya mərkəzləri” əldə olunan bu nəticənin fərqinə varmalıdırlar. İlk növbədə, istənilən ölkənin özəlliyi, ictimai düşüncə tərzi, keçdiyi dövlətçilik yolu nəzərə alınmalıdır. Bunu nəzərə almır, zorla istədiklərini həyata keçirməyə çalışırlar. Bu, həm də avrosentrizm deyilən Qərb eqoizmindən irəli gəlir. Üç minlik dövlətçilik tarixi olan Şərq ölkələrinə, o cümlədən Azərbaycana heç kəs, xüsusilə də 200 illik dövlətçilik tarixi olanlar dövləti necə qurmağı öyrətmək fikrinə düşməsinlər. Biz tariximizə, milli-mənəvi dəyərlərimizə, əldə etdiyimiz uğurlara söykənərək öz yolumuzla, yəni Azərbaycan yolu ilə getməli, daxili işlərimizə müdaxilələrə imkan verməməli, Şərq dövlətləri üçün nümunə olacaq dövlətçilik modelimizi təkmilləşdirməliyik. Qərbin insan haqları, məsələn, İranın din xadimlərinin haqları adı altında daxili işlərimizə müdaxilə etməsinə imkan verməməliyik".