Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Yekaterinburqdakı zorakılıqlardan danışdı

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Yekaterinburqda azərbaycanlılara qarşı zorakı rəftardan narahatlığını bildirib.

Musavat.com bildirir ki, Peter Mixalko bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Rusiyada etnik azərbaycanlılara qarşı zorakılıq, işgəncə və qeyri-insani rəftar, hətta ölüm halları ilə nəticələnən hadisələr barədə məlumatlar məni dərindən narahat edir. Bu zorakılıqların Rusiya təhlükəsizlik qüvvələri tərəfindən törədildiyi bildirilir.

Hadisənin qurbanları və onların ailələri ilə həmrəy olduğumu bildirirəm".

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri saxlanılıb. Əməliyyat zamanı Ziyəddin və Hüseyn Səfərov adlı iki qardaş öldürülüb, xeyli azərbaycanlı saxlanılıb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib. Musavat.com