Ana dilimizə ehtiram göstərmək hər birimizin vətəndaşlıq borcudur


Bildiyimiz kimi insanın düşüncəsi həmişə dillə çərçivələnir. Dil ünsiyyət və idrak məqsədləri üçün elmi əsaslarla təsdiqlənmiş və istifadə olunan işarələr sistemidir. Dildən kənar düşüncə obrazları qeyri-müəyyən impulslar, iradi impulslar yalnız üz ifadələri və ya jestlər vasitəsilə ötürülə bilər ki, bu da vacib olsa da, insanın düşüncələrini, hisslərini və təcrübələrini üzə çıxaran nitqlə müqayisə olunmazdır.

Nitq insanlar arasında dil vasitəsilə ünsiyyətdir.

Dil, düşüncə, davranış və milli kimliyimiz - günümüzün aktuallığını qoruyan və qaynar mövzularından olduğu da hər kəsə məlumdur. Odur ki,  bu yazıya da aşağıdakı müdrik kəlamla - “neçə dil bilirsinizsə, o qədər də adamsınız.”, başlamaq bu yerdə yerinə düşərdi. Belə ki, bu müdrik kəlamın işığında hər millətin öz ana dilinə sayğı duyaraq qeyd etmək lazımdır ki, millətlərin milli kimliyini, dil, düşüncə, davranış müəyyən edir.

Digər dillərdə düşüncə və davranışların kütləviliyi özlüyündə düşünülmüş və məqsədli bir prosesdir. Bu prosesin kökü uzaqlara gedir və əsası da yüz illər bundan öncə qoyularaq milli kimliyin assimliyasiyasına hesablandığı da gözlər önündədir.

Əsas mövzuya keçərək və altını cızaraq bildirmək istəyirəm ki, xalq olaraq tarixi minilliklərin ağrılı-acılı sınaqlarından, yadellilərin təcavüz, təzyiq və işğallarından, müxtəlif dillərin təsirindən qalib çıxan, bu günümüzə qədər saflığını, zənginliyini qoruyaraq gələn dilimiz, Azərbaycan türklərinin ana dili, müqəddəs Azərbaycan dili – Azərbaycan türkçəsi bizim mahiyyəti-varlığımızdır.

Onu qorumaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Xalqlar dünyada öz dili və mədəniyyəti ilə tanınır deyə dilin qorunmasında hər bir vətəndaş böyük səylə çalışmalıdır. Bu gün latın xalqı olmasa da dilləri onları tarixdə yaşadır. Dil ünsiyyət vasitəsidir, bu dillə bir-birimizi başa düşür, ünsiyyət qura bilirik.

Bəs qloballaşan müasir dövrdə dilimizi xarici təhdidlərdən qoruya bilirikmi? Yad kəlmələrin dilə olan axınının qarşısını almağı bacarırıqmı?

Bu istiqamətdə sualların sayını yetərincə artırmaq da olardı. Ancaq biz bu yazımızda tarixin keşməkeşindən məğrurluqla çıxan Azərbaycan dilinin hazırda qarşılaşdığı çətinliklərdən söhbət açacaq və hər bir vətəndaşın doğma dilini qoruması yolunda aparması gərəkən mücadiləyə toxunacağıq.

Doğma Bakımızda hazırda xeyli sayda müxtəlif müəssisə, təşkilat, ticarət şəbəkələri, kafe, restoran və s. fəaliyyət göstərir və bu obyektləri də adsız təsəvvür etmək mümkün deyil. Obyektlərə ad verilərkən ilk öncə dilin zəngin imkanlarından istifadə etmək lazımdır. Çox təəssüf ki, bu sahədə hazırda ciddi nöqsanlar hiss olunur.

Öz növbəsində bu nöqsanlar dilin saflığının qorunmasında çalışanları olduqca ciddi narahat edir. Biz paytaxt və regionlarda fəaliyyət göstərən əksər müəssisələrin adlarının xarici kəlmələrdən ibarət olduğunu görürük. Bəzənsə xarici kəlmələrlə yanaşı, lazımsız sözlərdən, söz birləşmələrindən ibarət olduğunun da şahidi oluruq. Öncə bu hal dilin daxili imkanlarından düzgün istifadə edilmədiyini göstərir. Bu cür hallarla qarşılaşdıqca öz-özümə sual verirəm ki, “biz həqiqətənmi dilimizi sevmirik?” Axı, xarici sözlərə nə ehtiyac var? Axı niyə unuduruq bu dilin yaşaması uğrunda qurban verilən neçə-neçə canları?

Bugünki durumda beynəlmiləlləşmə, qloballaşma adı ilə dilimizə öz əllərimizlə soyqırım törətmirikmi?

Bəs vətəndaşlıq borcu, milli anlayış, milli kimliyə bağlılıq bu insanlarda niyə şəxsi mənfəət olan yerdə ikinci, üçüncü plana keçir? Niyə bu insanlar anlamırlar ki, ana Vətənimiz, ana dilimiz uğrunda bu gün də Vətən oğulları şəhid olurlar.

Bir sözlə, dilimizə hörmət, ehtiram göstərmək hər birimizin şərəf məsələsi olmalıdır! Gəlin bu şərəfimizi birlikdə qoruyaq!

Çingiz Aytmatovun “GÜN VAR ƏSRƏ BƏRABƏR“ əsərində “məlum” irticaçı şovonistlərin “manqurd”laşdırma siyasətini də əsla unutmayaq.

Əflatun MƏMMƏDOV,
​MSN ETİN-nin l müavini, YAP Xətai rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini