Azərbaycançılıq ideyası – “Mühüm əhəmiyyət daşıyır”


“Azərbaycançılıq ideyası Azərbaycan xalqının milli kimliyini, tarixi köklərini, mənəvi dəyərlərini və dövlətçilik ənənələrini özündə birləşdirən mühüm məfkurədir”. 

Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu ideyanın əsas mahiyyəti ölkəmizdə yaşayan hər bir insanın milli mənsubiyyətindən, dilindən və dini etiqadından asılı olmayaraq, özünü Azərbaycanın ayrılmaz parçası hesab etməsi, ümumi dövlətçilik maraqları ətrafında birləşməsidir:
“Azərbaycançılıq yalnız milli kimliyin qorunması deyil, eyni zamanda müstəqil dövlətə bağlılığın, vətənpərvərliyin, milli həmrəyliyin və vətəndaş məsuliyyətinin ifadəsidir. Bu ideya cəmiyyətin müxtəlif təbəqələri arasında birlik və qarşılıqlı hörmətin möhkəmləndirilməsinə, ölkənin milli maraqlarının qorunmasına xidmət edir”.

Millət vəkili qeyd edib ki, Azərbaycançılıq ideyasının formalaşmasında və dövlətçilik məfkurəsi səviyyəsinə yüksəlməsində Heydər Əliyevin tarixi xidmətləri xüsusi qeyd olunmalıdır:
“Məhz onun siyasi fəaliyyəti nəticəsində Azərbaycançılıq müstəqil dövlətimizin ideoloji əsaslarından birinə çevrilib. Bu gün də həmin ideya Azərbaycan dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin qorunması, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların vahid amal ətrafında birləşməsi baxımından öz aktuallığını saxlayır”.

Arzuxan Əlizadə vurğulayıb ki, Azərbaycançıılıq ideyası olduqca mühümdür:
“Hesab edirəm ki, Azərbaycançılıq ideyasının gələcək nəsillərə düzgün aşılanması, xüsusilə gənclərin milli tariximizə, dövlətçiliyimizə və Vətənə bağlılıq ruhunda yetişdirilməsi mühüm əhəmiyyət daşıyır. Çünki güclü dövlətin təməlində yalnız iqtisadi və siyasi imkanlar deyil, həm də milli birlik, ortaq dəyərlər və dövlətçilik şüuru dayanır”.