Nağdsız ödənişlərin geniş yayıldığı dövrdə vətəndaşların tez-tez qarşılaşdığı problemlərdən biri də pulun yanlışlıqla başqa şəxsin bank kartına göndərilməsidir. Bəzən bir rəqəmin səhv yazılması, bəzən də diqqətsizlik nəticəsində yüzlərlə, hətta minlərlə manat başqa şəxsin hesabına köçürülür. Belə hallarda pulu geri almaq mümkündürmü sualı yaranır.
Hüquqşünasların fikrincə, cavab birmənalıdır – bəli, mümkündür. Lakin bunun üçün qanunun müəyyən etdiyi prosedurlara əməl olunmalıdır.
Məsələ son günlərdə bir vətəndaşın səhvən başqa şəxsin kartına 1500 manat göndərməsi fonunda yenidən aktuallaşıb. İlk baxışdan sadə görünən bu hadisə əslində ciddi hüquqi münasibətlər yaradır.
Azərbaycan qanunvericiliyinə görə, başqa şəxsin hesabına hüquqi əsas olmadan daxil olmuş pul vəsaiti "əsassız varlanma" hesab edilir və geri qaytarılmalıdır. Mülki Məcəllənin 1091-ci maddəsi də məhz bu prinsipi təsbit edir. Hüquqi münasibət və ya müqavilə olmadığı halda, vəsaiti alan şəxs həmin pul üzərində qanuni hüquq əldə etmir.
Bəzi hallarda vətəndaşlar Mülki Məcəllənin 354.1-ci maddəsinə istinad edərək belə tələblər irəli sürürlər. Həmin maddədə göstərilir ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi barədə iddia əqdin icrasına başlanıldığı gündən bir il ərzində verilə bilər. Lakin Konstitusiya Məhkəməsi öz qərarında aydın şəkildə izah edib ki, bu norma yalnız əhəmiyyətsiz əqdlər nəticəsində yaranmış əsassız varlanma hallarına şamil olunur. Bank hesabına yanlışlıqla köçürülmüş vəsait isə başqa hüquqi kateqoriyaya daxildir.
Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, bankın və ya şəxsin yanlışlıqla başqa hesab sahibinə pul köçürməsi nəticəsində yaranan əsassız varlanma hallarında vəsaitin geri qaytarılması tələbi hüquq sahibinə məlum olduğu vaxtdan etibarən ən geci iki il ərzində irəli sürülə bilər.
Praktikada ilk addım banka müraciət etməkdir. Bank qarşı tərəfin bankı ilə əlaqə saxlayaraq vəsaitin könüllü qaytarılması üçün tədbirlər görür. Əgər pulu alan şəxs razılıq verərsə, problem məhkəməyə getmədən həll olunur. Əks halda, vətəndaş məhkəməyə müraciət etməli olur.
Mövzu ilə bağlı Musavat.com-a danışan vəkil Ceyhun Yusifov bildirib ki, vətəndaşların böyük hissəsi belə hallarda hüquqlarını tam bilmirlər:
"Səhvən başqa şəxsin kart hesabına pul köçürülməsi həmin vəsait üzərində mülkiyyət hüququ yaratmır. Pulun karta daxil olması onun sahibinə çevrilmək demək deyil. Əgər şəxs həmin vəsaitin ona aid olmadığını bildiyi halda qaytarmaqdan imtina edirsə, bu artıq əsassız varlanma halıdır və məhkəmə qaydasında geri tələb oluna bilər."
Vəkilin sözlərinə görə, ilk növbədə əməliyyatı təsdiqləyən qəbz, köçürmə məlumatları və bank müraciətləri saxlanılmalıdır:
"Vətəndaş dərhal öz bankına müraciət etməli, yanlış əməliyyat barədə məlumat verməlidir. Bankın vasitəçiliyi ilə məsələ həll olunmazsa, məhkəməyə müraciət edilə bilər. Təcrübədə belə iddiaların böyük əksəriyyəti vəsaiti göndərən şəxsin xeyrinə həll olunur. Çünki pulu alan tərəf onun özünə məxsus olduğunu sübut edə bilmir."
Ceyhun Yusifov qeyd edib ki, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə bağlı yanlış təsəvvürlər də mövcuddur:
"Bu norma əhəmiyyətsiz əqdlərlə bağlıdır. Yanlış bank köçürməsi isə adətən əsassız varlanma münasibəti yaradır və burada Konstitusiya Məhkəməsinin müəyyən etdiyi hüquqi yanaşma tətbiq olunur. Belə hallarda vətəndaşın hüquqları kifayət qədər güclü müdafiə olunur."
Hüquqşünaslar vətəndaşlara tövsiyə edirlər ki, bank əməliyyatları zamanı kart nömrələrini və köçürülən məbləği bir neçə dəfə yoxlasınlar. Çünki bir neçə saniyəlik diqqətsizlik sonradan aylarla davam edən məhkəmə çəkişməsinə səbəb ola bilər.