ABŞ-Çin rəqabətini aradan qaldırmasa da...

Çin Sədri Si Cinpin sentyabrın 23-dən 25-dək ABŞ-yə dövlət səfəri edəcək. Bu barədə Çin tərəfinin rəsmi məlumatında qeyd edilib. Bildirilib ki, səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutacaq. Ancaq görüşün təfərrüatları ilə bağlı əlavə detallar verilməyib. 

Bəs bu səfər zamanı hansı məsələlər gündəmdə olacaq? ABŞ-Çin iqtisadi qarşıdurmasının dinc yolla həlli baxımından effektiv nəticə verəcəkmi?

Mövzu ilə bağlı Plat.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, Donald Tramp və Si Cinpinin sentyabrın 24-də Vaşinqtonda keçirəcəyi görüş ABŞ-Çin münasibətlərinin yalnız siyasi deyil, həm də qlobal iqtisadi sabitlik baxımından mühüm mərhələsi hesab olunur:

"Si Cinpinin sentyabrın 23–25-də ABŞ-yə səfəri çərçivəsində baş tutacaq danışıqların əsas xüsusiyyəti ondan ibarətdir ki, tərəflər bir tərəfdən strateji rəqabəti davam etdirir, digər tərəfdən isə iqtisadi qarşıdurmanın nəzarətdən çıxmasının hər iki ölkə üçün ciddi nəticələr yarada biləcəyini nəzərə alırlar. Görüş ərəfəsində ABŞ və Çin rəsmilərinin Nyu-Yorkda apardığı danışıqlar da göstərir ki, liderlərin sammitinə qədər müəyyən razılaşmalar üçün zəmin formalaşdırılmağa çalışılır. 

Görüşün gündəliyində ilk növbədə tariflər və iki ölkə arasında qüvvədə olan ticarət atəşkəsinin gələcəyi dayanır. Hazırkı razılaşmanın noyabrın 10-da başa çatması nəzərdə tutulduğundan, tərəflərin əsas məqsədlərindən biri yeni tarif eskalasiyasının qarşısını almaq və mövcud güzəştləri uzatmaq ola bilər. Bundan başqa, Çinin ABŞ-dən kənd təsərrüfatı məhsulları və təyyarələr alması, Vaşinqtonun isə müəyyən qeyri-strateji məhsullara tətbiq olunan tarifləri yumşaltması müzakirə edilən variantlar sırasındadır".

Politoloq qeyd edib ki, digər mühüm istiqamət kritik minerallar və nadir torpaq elementləridir:

"Müasir sənaye, elektronika, avtomobil və müdafiə sektorları üçün əhəmiyyətli olan bu resurslar ABŞ-Çin rəqabətində iqtisadi alətdən əlavə, strateji təsir vasitəsinə çevrilib. Vaşinqton Çin tədarükündən asılılığı azaltmağa çalışır, Pekin isə öz növbəsində ABŞ-nin texnologiya və avadanlıq ixracına qoyduğu məhdudiyyətlərin yumşaldılmasını istəyir. Buna görə tərəflərin bu sahədə qarşılıqlı güzəştlərə getməsi sammitin ən konkret nəticələrindən biri ola bilər. 

Süni intellekt də yeni gündəlikdə xüsusi yer tutur. Burada məsələ sadəcə texnologiya bazarındakı rəqabət deyil. Süni intelekt təhlükəsizliyi, modellərin idarə olunması və potensial sistem risklərinin qarşısının alınması barədə dialoq imkanları da müzakirə edilir. ABŞ administrasiyasının belə risklər üzrə Çinlə danışmağa açıq olması, iki ölkə arasında rəqabətlə yanaşı, müəyyən sahələrdə koordinasiya imkanlarının saxlanıldığını göstərir". 

Sonda həmsöhbətimiz əlavə edib ki, bütün bu məsələlər üzrə genişmiqyaslı və yekun iqtisadi saziş əldə olunacağı gözləntisini gözləmək də mümkün deyil: 

"Tərəflərin texnologiya, sənaye siyasəti, ixrac nəzarəti və təhlükəsizlik sahələrində maraqları hələ də ciddi şəkildə fərqlənir. Tayvan məsələsi də iqtisadi danışıqlardan kənarda qalmayan, lakin kompromisi daha çətinləşdirən siyasi mövzulardan biridir. 

Bu baxımdan, sammitin effektivliyi böyük tarixi sazişin imzalanması yox, qarşıdurmanın yeni mərhələyə keçməsinin qarşısını ala biləcək mexanizmlərin yaradılması ilə ölçülə bilər. Tariflərin artırılmasının təxirə salınması, kritik minerallar üzrə tədarükün sabitləşdirilməsi, süni intelekt sahəsində dialoqun institusional xarakter alması və yeni danışıqlar mexanizmlərinin yaradılması real nəticə hesab oluna bilər. Belə razılaşmalar ABŞ-Çin rəqabətini aradan qaldırmasa da, onu daha proqnozlaşdırılan və idarəolunan çərçivəyə gətirə bilər".