ABŞ Prezidenti Donald Tramp və Vladimir Putin son telefon danışığından sonra bu həftə Budapeştdə görüşməyi qərara alıblar.
"İlkin görüşlərə ABŞ tərəfindən dövlət katibi Marko Rubio rəhbərlik edəcək. Onunla birlikdə daha sonra təyin olunacaq digər şəxslər də iştirak edəcək. Görüşün yeri hələ müəyyənləşdirilməyib. Daha sonra Prezident Vladimir Putin və mən razılaşdırılmış məkanda — Macarıstanın Budapeşt şəhərində görüşəcəyik. Məqsədimiz Rusiya və Ukrayna arasında olan bu “biabırçı" müharibəyə son qoymaq imkanlarını müzakirə etməkdir", - deyə Tramp sosial media hesabında yazıb.
Maraqlıdır, bu dəfəki görüşdən gözləntilər nədir? Konkret nəticə əldə olunacaqmı?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Orucov Trampla Putinin oktyabrın sonlarında Budapeştdə planlaşdırılan görüşünün Ukrayna–Rusiya müharibəsinin dayandırılmasına müsbət təsir göstərəcəyini düşünmür:
"Bundan əvvəl də ABŞ-nin təşəbbüs və cəhdləri nəticəsiz qalıb, Kreml isə işğalçı müharibəsini davam etdirib. Hətta cari ilin avqustunda Alyaskada keçirilən Tramp–Putin görüşü, yüksək səviyyədə qarşılanma və aparılan müzakirələr də heç nəyi dəyişmədi. Əksinə, Rusiya hücumlarının intensivliyini və miqyasını artırdı, mülki obyektləri və enerji sektorunu hədəfə aldı, şəhərləri və yaşayış məntəqələrini bombalamaqda davam etdi.
Trampın sistemsiz siyasəti Putini bir qədər də cəsarətləndirdi. NATO səmasını pozdu, hədələyici tonunu daha da sərtləşdirdi. Qərbdən fərqli olaraq, Tramp administrasiyası Rusiya ilə əlverişli sövdələşməyə can atır. ABŞ üçün Ukraynanın təhlükəsizliyi və ərazi bütövlüyü prioritet deyil. Əsas məqsəd – müharibəni dayandırmaq, Rusiya ilə ticari əlaqələri bərpa etmək və Pekinin Moskva üzərindəki təsirini azaltmaqdır".
Ekspertin sözlərinə görə, Alyaska görüşü bir daha sübut etdi ki, güzəştlərlə Kremli dayandırmaq, onu təcavüzkar planlarından döndərmək mümkün deyil. Əksinə, bu güzəştlər Putində özünə inamı artırır və ambisiyalarını dərinləşdirir. Nəzərdə tutulan Macarıstan görüşündə də eyni mənzərə gözlənilir. Tramp Qərbsiz və Ukraynanın maraqlarına əhəmiyyət vermədən qazanmaq istəyir. Lakin Ukrayna–Rusiya müharibəsi Qərbin təhlükəsizlik arxitekturasının qorunmasında mühüm həlqədir. Əgər bu həlqə qırılarsa, domino effekti yaranacaq və Moskva təsir zonalarını genişləndirmək həvəsinə düşəcək. Qərbin də Tramp–Putin görüşündən narahatlığı məhz bundandır: Birləşmiş Ştatların yenidən Rusiyaya ciddi güzəştlərə gedəcəyi və Putinin tələsinə düşəcəyi ehtimal edilir.
Analitik əlavə edib ki, Zelenski ilə Trampın son görüşlərindən çıxarılan nəticələr Qərb paytaxtlarında təşviş yaradıb:
"Haqlı olaraq, ABŞ-nin təklif etdiyi “ərazi əvəzində sülh” prinsipi İkinci Dünya müharibəsi ərəfəsində Çexiyanın Sudet vilayətinin Hitlerə güzəştə gedilməsi ilə müqayisə olunur. Putinin mövqeyi və niyyətləri aydındır – o, bir addım da geri çəkilmək niyyətində deyil. Ukraynanın və onun qərbli müttəfiqlərinin mövqeyi isə dəyişməzdir. Belə olan halda, Macarıstanda Putin–Tramp görüşü ən yaxşı halda bəzi humanitar razılaşmalarla və nümayəndə heyətlərinin yenidən bir araya gələrək detalları müzakirə etməsi ilə nəticələnə bilər. Əgər cəbhə xəttində müvəqqəti atəşkəs əldə edilərsə, bu, ilk və əhəmiyyətli uğur hesab oluna bilər". TodayPress TV