İranda siyasət çoxqütblü mühitdə formalaşır

İranın keçmiş prezidenti Həsən Ruhani və keçmiş xarici işlər naziri Cavad Zərifin bir neçə gün əvvəl İran hakimiyyəti tərəfindən həbs edildiyi bildirilir.

Sözügedən iddiaları TodayPress TV-yə şərh edən politoloq Çingiz Şahbazi bildirib ki, hazırda İranın keçmiş Prezidenti Həsən Ruhani və keçmiş xarici işlər naziri Cavad Zərifin həbs olunması ilə bağlı rəsmi şəkildə təsdiqlənmiş hər hansı məlumat mövcud deyil:

“Hazırda etibarlı və rəsmi mənbələr tərəfindən Həsən Ruhani və Cavad Zərifin İran hakimiyyəti tərəfindən həbs olunmasını təsdiqləyən məlumat yoxdur. Yayılan iddialar əsasən sosial mediada və bəzi xəbər saytlarında dolaşır, lakin rəsmi mənbələr bu xəbərləri təsdiqləməyib, hökumətə yaxın dairələr isə onları təkzib edib”.

Politoloqun sözlərinə görə, qeyri-rəsmi mənbələrdə səslənən iddialar da etibarlılıq baxımından şübhə doğurur:

“Qeyri-rəsmi məlumatlarda bu şəxslərin guya ABŞ və İsrail ilə əməkdaşlıqda şübhəli bilinərək saxlanıldığı iddia olunur. Lakin Həsən Ruhaninin ətrafındakı mənbələr bu xəbərlərin yalan olduğunu bildirərək, onların cəmiyyətdə bölücülük yaratmaq məqsədilə yayıldığını qeyd ediblər. Ruhaninin ofisi də mövqeyini yaxın günlərdə rəsmi şəkildə açıqlayacağını bəyan edib”.

Çingiz Şahbazi qeyd edib ki, bu cür dezinformasiyalar İranda mövcud olan çoxqütblü siyasi mühitin məhsuludur:

“İranda baş verən hadisələr fonunda ölkə daxilində siyasətin çoxqütblü xarakter daşıması bu tip məlumatların yayılmasına zəmin yaradır. Xüsusilə radikal mühafizəkarlarla daha islahatçı və Qərbyönümlü siyasi qanad arasında mövcud olan gərginlik belə şayiələrin ortaya çıxmasına səbəb olur”.

Ekspert vurğulayıb ki, bu proses informasiya müstəvisində açıq qarşıdurma formasını alır:

“Bu kimi şayiələr birbaşa siyasi gərginlikdən qaynaqlanır və islahatçı qanadla mühafizəkar qanad arasında informasiya “müharibəsi”nin davam edəcəyi də istisna edilmir. Rəsmi təsdiqini tapmayan bu tip məlumatlar fakt kimi deyil, şayiə kimi qiymətləndirilməlidir”.

Analitik əlavə edib ki, Ruhani və Zərifin keçmiş fəaliyyəti də bu cür iddiaların yayılmasında rol oynaya bilər:

“Məlum olduğu kimi, Həsən Ruhani və Cavad Zərif 2013–2021-ci illərdə hökumətin nüvə proqramı və xarici siyasət sahəsində atdığı, cəmiyyətdə birmənalı qarşılanmayan addımlara görə tənqid olunublar. Bu səbəbdən sosial mediada yayılan bu cür məlumatlar onların siyasi mövqelərini zəiflətmək və ya mövcud mübahisələri dərinləşdirmək məqsədilə istifadə oluna bilər”.

Ç.Şahbazi sonda qeyd edib ki, rəsmi təsdiq olmadığı müddətdə bu cür xəbərlərə ehtiyatla yanaşılmalıdır:

“İranda siyasət çoxqütblü mühitdə formalaşır və bu səbəbdən siyasi gərginlikdən qaynaqlanan, lakin rəsmi təsdiqini tapmayan informasiyalar fakt kimi deyil, şayiə kimi qəbul edilməlidir”.