İran Zəngəzur dəhlizinin açılmasına heç bir halda əngəl ola bilməyəcək

Ekspertlər düşünür ki, məhz İcevan yolu Ermənistana taxıl və neft daşınması üçün ən yaxşı yoldur, amma bu...
İran Zəngəzur dəhlizinin heç bir şəkildə, heç bir ad altında, heç bir tərəfin iştirakı ilə çəkilməsini istəmir. Onun üçün yeganə məqbul variant bu dəhlizin ümumiyyətlə olmamasıdır. İran tərəfi Zəngəzur dəhlizi məsələsində israrlı şəkildə əks mövqe qoyaraq, müxtəlif bəhanələr gətirməklə prosesi qaralamağa çalışır. Hələ bir müddət əvvəl İranın dini lideri Əli Xamneyinin müşaviri Əli Əkbər Vilayətinin verdiyi açıqlama da bunu təsdiqləyir.

Lakin Tehran mediasında başqa bir maraqlı tendensiya diqqəti çəkir. Məsələ odur ki, İran Zəngəzur dəhlizinin deyil, başqa bir yolun açılmasının təşəbbüskarı kimi çıxış etməyə çalışır. Məsələn, SEPAH-a bağlı “Tasnim” Agentliyi yazıb ki, İcevan-Qazax yolu çəkilərsə, bu tarixdə Qərblə Şərqi birləşdirən ən qısa quru yol olacaq. Daha sonra isə “Bu, Azərbaycan və Ermənistan üçün ciddi əhəmiyyət daşıyır”, - deyə qeyd edib. 

İran əvvəllər Zəngəzur dəhlizi ilə bağlı Rusiya ilə şiddətli diplomatik və siyasi qarşıdurmaya girsə də, Tehran və Moskva indi “Tramp marşrutu”na qarşı mahiyyətcə birləşib, eyni zamanda rəsmi İrəvana yeni təzyiqlər silsiləsi başlayıb. 

Həqiqətən də ekspertlər düşünürlər ki, məhz Qazax-İcevan yolu Ermənistana taxıl və neft daşınması üçün ən yaxşı yoldur və bərpa edilməlidir. Aydın məsələdir ki, bu, Gürcüstan üçün iqtisadi baxımdan heç də arzuolunan mənzərə deyil. Çünki bu tranzitdən qazanılan milyonlar indi Ermənistanın qazancına çevrilə bilər. Ekspertlər qeyd edir ki, dəmir yolunun bərpasının sürətlənməsi üçün Ermənistandakı esklavlarımızın qaytarılmasına zərurət var. Xüsusilə də dəmir yolu xəttinin keçdiyi kəndlər - Sofulu və Bərxudarlı kəndlərinin qaytarılması və sürətli olaraq, Qazaxdan həmin kəndlərə həm avtomobil, həm də dəmir yolunun inşası ən real yoldur. Azərbaycan bu istiqamətdə işləri tez həyata keçirə bilər. İranın və Rusiyanın təzyiqlərindən yayınmaq üçün Qazax-İcevan müvəqqəti çıxış yolu kimi görünə bilər. Zəngəzur daha geniş layihədir, amma onun inşası uzana bilər.

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov isə qeyd etdi ki, İran Zəngəzur dəhlizinin açılmasına heç bir halda əngəl ola bilməyəcək: “8 avqustda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Ağ Evdə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın iştirakı ilə əldə edilmiş razılaşmalar, Tramp yolunun açılması barədə imzalanan sənədlər prosesi geri dönüşü olmayan prosesə çevirdi. Bu yolun adının necə adlandırılmasından asılı olmayaraq açılacaq və bunun da arxasında Birləşmiş Ştatlar kimi qlobal super güc dayanır.  İranın hədələri və təxribatları nəticə verməyəcək. Ermənistanla Azərbaycan arasında nəqliyyat əlaqələrinin bir neçə istiqamətdə olması sovet dönəmlərində də var idi. Eynilə də Naxçıvanı Azərbaycana birləşdirən dəmiryol xətti də mövcud olub. İranın da siyasi coğrafiyası dəyişməyib. Tehran bəhanə edir ki, Zəngəzur dəhlizinin işə salınması onun təhlükəsizliyini təhdid edir. Dövlətlərin ərazisi dəyişdirilir, ABŞ regiona daxil olur və s. Bütün bunların hamısı cəfəngiyyatdan başqa bir şey deyil. Əksinə, bu yolun açılması regionun hərtərəfli inteqrasiyasına və inkişafına stimul verəcək. Təhlükəsizliyini təminat altına alacaq. Həm də bu dəhliz təkcə Azərbaycanı Azərbaycanla birləşdirən nəqliyyat kommunikasiya dəhlizi olmayacaq. Asiya ilə Avropanı birləşdirən və iqtisadi siyasi cəhətdən möhkəm bağlayan bağ olacaq. Bu layihə birləşdirici xarakter alacaq. Zəngəzur dəhlizi ilə bağlı Moskvanın İrana təzyiq etmək üçün bir neçə aləti var. İqtisadi, ticari asılılıqdan tutulmuş siyasi asılılığa qədər Kreml İrəvana təsir göstərə, eyni zamanda 2020-ci il 10  noyabr bəyanatındakı 9-cu bəndə istinad edə bilər. Moskva bununla bağlı bəzi xatırlatmalarını da səsləndirib. Bunun isə nəyisə dəyişəcəyinə inanmıram. Yükdaşımaların Qazax-İcevan dəmir yolu xətti ilə göndərilməsi mümkündür, ancaq öncə sülh sazişi imzalanmalı, bəzi delimitasiya problemləri həll edilməlidir.  Bu xəttin özünün də əsaslı təmirə ehtiyacı var və bu işlər  müəyyən zaman alacaq. Zəngəzur dəhlizinin də digər nəqliyyat xətləri ilə əvəzləməsi mümkün deyil. Odur ki, nə Rusiya, nə də İran Zəngəzur (TRIPP) yolunu özlərinin istədikləri kimi improvizə edə və dəyişə bilməzlər. Bu artıq qlobal bir layihənin qırılmaz zənciri halına gəlib”. “Yeni Müsavat”