İmmunitetin güclənməsinin səbəblərindən biri də....

Soyuq havalarda insanlar daha çox xəstəliklərə meylli olurlar. Ona görə ki, immun sistemi viruslara daha açıq olur. Nəticədə vitamin çatışmadıqda zəifləmiş bədən qrip xəstəliyinə daha tez yoluxur. 

Bəs bu cür havalarda immuniteti gücləndirmək üçün hansı əsas müalicə üsulları tətbiq olunmalıdır?

Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Aydın Əliyev bu barədə Patrulaz.az-a açıqlamasında bildirib ki, açıq geyimli insanlarda qarın nahiyyəyə soyuq dəyməsi xəstəliklərə yoluxdurur

“Mən həmişə bu fikirlər üzərində dayanmışam ki, Allahın 4 “resepti” var, adları fəsillərdir. Yeni fəsillərə uyğun geyinmək lazımdır. Gənclərimiz geyimlərinə fikir verdikdə, bəzən açıq geyindiklərini görmək olur. Bu havalarda çox açıq geyinmək düzgün deyil, xüsusən qarın tərəfinin açıq olmaması vacibdir. Orada qaraciyər, böyrəklər, mədə və bağırsaq sistemi yerləşir. Onlar sanki soba kimidir, qidaları həll edir. Soyuq havada qidalar düzgün həll olunmur. Həmçinin gəncin immun sistemi zəifləyir”.

A. Əliyev qışda sağlam həyat tərzi, düzgün qidalanma və xoş münasibətlər immuniteti gücləndirdiyini vurğulayıb. O, xüsusilə qarın nahiyəsinin soyuğa məruz qalmasının xəstəlik riskini artırdığını bildirib:

“Səhər duranda, xüsusən cavanları nəzərdə tuturam, soyuq duş qəbul etməsələr belə, bədəni dəsmalla qızarana qədər silmək lazımdır və səhər normal qidalanmaq mütləqdir. Ümumiyyətlə, qış gəldikcə mütləq sulu qidalar qəbul olunmalıdır və bol tərəvəz yeyilməlidir. Hərəkətdə olmaq lazımdır. Pis vərdişlərdən, siqaret, spirt və rəngli içkilərdən uzaq durmaq lazımdır.

İmmunitetin güclənməsinin səbəblərindən biri də insanların bir-birinə xoş münasibət göstərməsidir. Hətta biri kobud danışanda belə, sən öz insanlığını göstərməlisən. İnsan yalnız mənəvi və fiziki dünyası üst-üstə düşəndə güclü olur”.

Həkimlərin sözlərinə görə, yeməkdən əvvəl tərəvəz qəbul etmək bədəni vitaminlərlə təmin edir və hormonların normal işləməsinə kömək edir:

“Həmçinin hər dəfə deyirəm, mütləq yeməkdən əvvəl birinci tərəvəzlər qəbul olunmalıdır. Onlar vitamin yaradır, bu vitaminlər nəticədə qidalara çevrilir. Həm də bədəndə vəzilər vasitəsilə hormonlar yaranır. Vəzilər normal işləyir və insan sinir və hormon baxımından düzgün yaşayır”.