Gənc kadrlar özlərini doğrultmayanda böyük məyusluq yaranır

“Biz həmişə deyirik ki, gənc kadrlara ehtiyac var. Amma gənc kadrlar özlərini doğrultmayanda böyük məyusluq yaranır. Prezident İlham Əliyev də yerli telekanallara müsahibəsi zamanı məhz bu nüansı xüsusi vurğuladı”.
 

Bu sözləri Versus.Az-a Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsi ilə bağlı açıqlamasında Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova deyib.

Könül xanım vurğulayıb ki, məhz yarıtmaz gənc kadrlar digər gənclərin yolunda bir əngəldir:

“Həmişə narazılıq edirik ki, nəyə görə filan məmur gənclərə yol açmır, nəyə görə gənc kadrlar kənarda qalırlar. İndi görürük ki, sözün əsl mənasında “qurunun oduna yaş” da yanır, pislər yaxşıların üstünə kölgə salır.

Ən pisi budur ki, hər dəfə ölkə başçısı yeni təyin etdiyi şəxslərlə danışır, tapşırıqlar verir ki, insanlara diqqətli olun, iş adamlarına maneə olmayın, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə aparın. Bəziləri özlərini doğrultsa da, bəziləri bir ay keçməmiş pozuntulara yol verdiklərinə görə vəzifələrindən uzaqlaşdırılırlar. Görün nə qədər məsuliyyətsizdilər ki, prezident bunlara etimad göstərir, bunlar bu etimadı dəyərləndirə bilmirlər. Demək ki, burada gənc nəsil, yaşlı nəsil məsələsi əsas deyil, əsas keyfiyyətdir”.

K.İsmayılova Prezidentin struktur islahatları ilə bağlı fikirlərinə toxundu. Bildirdi ki, ölkə başçısının da dediyi kimi, struktur islahatlarının aparılması vacibdir, amma saf, təmiz kadrların yetişdirilməsi ondan daha vacib məsələdir:

“Prezident çıxışında elə mesajlar verdi ki, artıq bu mesajlardan da bir nəticə çıxarmayacaqlarsa, əyri yolla davam edəcəklərsə, son dayanacaqları təbii ki, məhkəmə olacaq. Ümumiyyətlə, hansı vəzifədə olmağından asılı olmayaraq, işində məsuliyyətli, təmiz olmaq lazımdır. Məmurlar birdəfəlik bilsinlər ki, güclü ictimai nəzarət var və heç nə gizli qalmır”.