Bakı ilə Londonu üz-üzə qoymaq istəyənlərin məqsədi nədir?
Britaniya 44 günlük Vətən müharibəsi dönəmində bizə şəksiz dəstək verən ölkələrdəndir. Ancaq təəssüf ki, bu ölkənin bəzi media orqanları davamlı olaraq anti-Azərbaycan təbliğatı aparır.
Britaniyanın “Daily Express” tabloidi isə iki gün əvvəl Azərbaycanı hədəfə çıxaran məqalə dərc edib. Məqalədə Azərbaycan “Rusiyanın keçmiş müttəfiqi” kimi təqdim edilir və “Ukraynaya gizli şəkildə qırıcı təyyarələr və qaz verdiyi” iddia olunur.
Daha sonra “Daily Express” yazır ki, Bakı guya "Su-22" təyyarələrini Ukraynaya göndərir, “onları... humanitar yardım kimi maskalayır”. Guya bu döyüş təyyarələri Türkiyə, Sudan və Almaniyadan tranzit keçərək “əvvəllər Rusiyanın təchizat şəbəkələrindən istifadə edən” marşrutlar üzrə hərəkət edir. Nəşr iddia edir ki, Azərbaycan Trans-Balkan qaz kəməri ilə “gizli çatdırılmalara” başlayıb və hazırda Ukrayna bazarında Rusiya qazını “əvəz edir”.
Tabloid daha da irəli gedərək Azərbaycanın guya Ukraynaya Sovet və Rusiya silahlarını sata biləcəyini yazır. Britaniya nəşri bu cür yalanı uydurarkən unudur ki, əgər doğrudan da Azərbaycandan bu cür “tədarüklər” baş versəydi, Moskvanın reaksiyası dərhal olardı. Çünki Rusiya kəşfiyyat xidmətləri Ukraynaya silah tranzitini gözünü qırpmadan izləyir. Bakının bu savaşda mövqeyi dəyişməz olaraq qalır: Azərbaycan neytrallığını ciddi şəkildə qoruyur və ilk gündən Ukraynaya yalnız humanitar yardım göstərir.
AMİP liderinin köməkçisi, politoloq Əli Orucovun fikrincə, Böyük Britaniya mətbuatında Azərbaycana qarşı təxribat xarakterli yazıların işıq üzü görməsi təəssüf doğurur: “Birləşmiş Krallıq Bakı ilə isti münasibətlərə malikdir və ən yaxın tərəfdaşlardan biridir. 44 günlük Vətən müharibəsində də London haqqın yanında oldu, Azərbaycanı dəstəklədi. Britaniyadakı bəzi media orqanlarının yaydığı feyk məlumatlar, qərəzli materiallar təbii ki, rəsmi mövqeyi əks etdirmir. Ancaq cəmiyyətdə yanlış rəy formalaşdırılması baxımından qəbuledilməzdir. Britaniya Yayın Korporasiyası BBC-nin fəaliyyəti ilə bağlı zaman-zaman skandallar yaşanıb. ABŞ Prezidenti Donald Tramp barədə həqiqətə uyğun olmayan material dərc etdiyinə görə rəhbərlikdə istefalar baş verdi və rəsmi üzr istənildi. Bu nüfuzlu media orqanı üçün utancverici bir haldır. Etibarlılığa və mötəbərliyə ciddi xələl gətirən hadisədir. Həmin media orqanının Azərbaycana qarşı başlatdığı çirkin kampaniya iflasa uğradı. Bəzi dairələr məqsədlərinə çata bilmədilər. Azərbaycan qəti qələbəsini qazandı, beynəlxalq tədbirlərə ev sahibliyini yüksək səviyyədə reallaşdırdı. "Daily Ekspress" tabloidinin Azərbaycana qarşı irəli sürdüyü ağlasığmaz sərsəm iddiaların da bir mərkəzdən idarə olunduğu qənaətindəyəm. Bunun arxasında çirkin və məkrli məqsədlər durur. Əsas məqsəd Azərbaycanı Rusiya ilə qarşı-qarşıya qoymaq və nifaq toxumu səpmək, eyni zamanda Ermənistanla Azərbaycan arasında aparılan sülh və normallaşma planına kölgə salmaqdır. Birtərəfli və qərəzli təbliğat kampaniyası bundan əvvəl olduğu kimi yenə də iflas edəcək. Tabloid elə yalanlar uydurur ki, sanki uşaqbaşı aldadır. Təyyarələrin və digər silahların Azərbaycandan Ukraynaya tədarükü iddiası həqiqətən də bu nəşrin nə qədər qeyri-ciddi və böhtançı olduğunun bariz göstəricidir. Azərbaycanla Ukrayna əlaqələri heç vaxt gizli olmayıb və bu, sırf iqtisadi, humanitar xarakter daşıyıb. Azərbaycanın göstərdiyi humanizm, əksinə, təqdir olunmalıdır. Bu gün kollektiv Qərb Ukraynanın işğalının dayandırılması, fəlakət və faciələrin durdurulması ilə bağlı çabalar içərisindədir. Rusiya Ukraynanın enerji sektorunun 60 faizindən çoxunu məhv edərək milyonlarla insanı soyuq fəsillərdə çıxılmaz vəziyyətdə qoyur. Azərbaycanın belə bir məsul dönəmdə Ukrayna xalqının çətin durumdan çıxarılmasına dəstəyini ifadə etməsi dövlətimizin böyüklüyüdür, onun humanizm meyarlarına sadiqliyidir. “Daily Ekspress” isə yalançı danosçuluq edərək özünü Kremlin nökəri və agenti kimi aparır". “Yeni Müsavat”