Azərbaycan Gürcüstana ən çox investisiya yatıran ölkələrdən biridir

Aprelin 6-da Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə Gürcüstana rəsmi dövlət səfəri edib. Səfər bir çox medianın diqqət mərkəzində olub.

Səfər çərçivəsində İlham Əliyevlə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili arasında keçirilən təkbətək görüş zamanı iki ölkə arasında yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətləri və müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Liderlər həmçinin regionda sabitliyin və sülhün qorunmasının strateji əhəmiyyətini vurğulayıblar.

Dövlət başçısı çıxışında Gürcüstanla güclü iqtisadi əlaqələrdən, eləcə də Cənubi Qafqazda formalaşan yeni vəziyyət fonunda regional ölkələrin əlavə imkanlar əldə etməsinin vacibliyini qeyd edib. Gürcüstana rəsmi səfər zamanı diqqət çəkən məqamlardan biri də Tbilisidə ölkə rəhbərinin şərəfinə təşkil olunan lanç olub.

Bu rəsmi səfər çərçivəsində Azərbaycan-Gürcüstan münasibətlərinin mövcud inkişaf istiqamətləri barədə Patrul.az-a açıqlama verən Milli Məclisin deputatı Arzuxan Əlizadənin sözlərinə görə, əlaqələrin yüksək səviyyəyə çatmasında hər iki ölkənin tarixində yaşanan oxşar proseslər mühüm rol oynayıb:

“Azərbaycan və Gürcüstan tarixinin müəyyən dövrlərində oxşar taleyi yaşamış dövlətlərdir. XIX əsrin əvvəllərində hər iki ölkə Rusiya imperiyasının işğalına məruz qalmış, müəyyən müddət onun tərkibində fəaliyyət göstərmişdir. 1918-ci ildə isə həm Azərbaycan, həm də Gürcüstan müstəqillik əldə edib. 1920-ci ildə hər iki ölkə bolşeviklər tərəfindən yenidən işğala məruz qalıb. Nəticədə 70 il ərzində bir dövlətin müttəfiq respublikaları kimi mövcudluqlarını qoruyublar. 1991-ci ildə isə hər iki ölkə müstəqilliyini yenidən bərpa edib və bu günə qədər müstəqil dövlətlər kimi normal qonşuluq və dostluq prinsiplərinə əsaslanan əlaqələrini davam etdirirlər.

Azərbaycanla Gürcüstan arasında diplomatik münasibətlər 1992-ci ildən başlayıb. Müstəqilliyin ilk illərində Gürcüstanda daxili siyasi qarışıqlıq hökm sürürdü və həmin dövrdə Borçalıda yaşayan azərbaycanlılara qarşı mənfi münasibət müşahidə olunurdu. Nəticədə soydaşlarımızın bir hissəsi həmin əraziləri tərk edərək xarici ölkələrə üz tutmaq məcburiyyətində qalmışdı”.

A. Əlizadə bildirib ki, Azərbaycanla Gürcüstan arasında mövcud müsbət münasibətlərin əsası Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə qoyulub:

“1993-cü ildən Heydər Əliyevin hakimiyyəti dövründə Gürcüstana Eduard Şevardnadze rəhbərlik edirdi. Hər iki liderin fəaliyyəti nəticəsində dövlətlər arasında münasibətlər normal inkişaf etməyə başladı. Əliyevlə Şevardnadze arasındakı dostluq əlaqələri Azərbaycan-Gürcüstan münasibətlərinə də müsbət təsir göstərdi. Həmin dövrdən etibarən iki ölkə arasında əməkdaşlıq dostluq və bərabərlik prinsipləri əsasında inkişaf etdirilir”.

Deputatın sözlərinə görə, iki ölkə arasında münasibətlərin inkişafında iqtisadi amillər xüsusi rol oynayır:

“Bu əlaqələrin müsbət məcrada inkişafına iqtisadi faktorlar ciddi təsir göstərib. Azərbaycandan qaynaqlanan enerji və logistika layihələri əsasən Gürcüstan üzərindən həyata keçirilir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, eləcə də Cənub Qaz Dəhlizi kimi iri layihələr ölkələrimizi bir-birinə daha da yaxınlaşdırır. Bu layihələrin reallaşması Gürcüstan iqtisadiyyatına da böyük dividendlər qazandırır və münasibətlərin inkişafına təkan verir.

Azərbaycan Gürcüstana ən çox investisiya yatıran ölkələrdən biridir. İnvestisiyaların həcmi təxminən 3,6-4 milyard dollar civarındadır. Bu kontekstdə yeni layihələrin həyata keçirilməsi və mövcud əməkdaşlığın genişləndirilməsi prosesi davam edir”.

Deputat İlham Əliyevin Gürcüstana rəsmi səfərini yüksək qiymətləndirərək bildirib:

“Aprelin 6-da İlham Əliyevin Gürcüstana səfəri zamanı qeyd olunan layihələrin genişləndirilməsi məsələləri də müzakirə olundu.

Eyni zamanda hər iki ölkə liderləri arasında münasibətlər yüksək səviyyədədir. Gürcüstan Prezidenti Mixeil Kavelaşvili seçildikdən sonra ilk səfərini Azərbaycana edib. Bu, Gürcüstanın ölkəmizə verdiyi önəmin göstəricisidir. Gürcüstan rəhbərliyi dəfələrlə etiraf edib ki, müstəqilliyin ilk illərində Azərbaycanın göstərdiyi dəstək onlar üçün həyati əhəmiyyət daşıyıb. Həmin dövrdə Gürcüstanda ciddi enerji problemi yaşanırdı, Tbilisinin işıq təminatında çətinliklər mövcud idi. Azərbaycan bu çətin dövrdə qonşu ölkəyə böyük dəstək göstərib.

Bu dəstəklərin nəticəsində Gürcüstan iqtisadiyyatı inkişaf edib. İqtisadi əməkdaşlığın genişlənməsi digər sahələrə də müsbət təsir göstərir. Dövlətlərimiz arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq davam edir və bu, regionda dayanıqlı sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır. Gələcəkdə də bu layihələrin genişləndirilməsi iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək”.