26 dekabr 2025-ci il tarixində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının genişləndirilmiş iclası keçirilib. İclasda Siyasi Şura üzvləri ilə yanaşı, Bakı şəhər təşkilat sədrləri və Mərkəzi İntizam Komissiyasının (MİK) üzvləri iştirak ediblər.
İclası giriş sözü ilə açan AMİP sədri, millət vəkili Arzuxan Əli-zadə ABŞ-a etdiyi işgüzar səfərin nəticələri barədə geniş məlumat verib. Qeyd olunub ki, Vaşinqtonda keçirilən Beynəlxalq Demokratlar İttifaqının (IDU) forumu çərçivəsində Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən mühüm sənəd qəbul edilib.
Bəyanatda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanması zərurəti və Zəngəzur dəhlizinin açılmasına dəstək ifadə olunub. Partiyanın beynəlxalq məsələlər üzrə sədr müavini Elşən Mustafayev sənədin əhəmiyyətindən danışaraq, bu addımın Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsinə xidmət etdiyini və sənədin yekdilliklə qəbul edilməsinin böyük uğur olduğunu vurğulayıb.
İclasın gündəliyində duran əsas məsələlərdən biri də partiyanın struktur islahatları olub. Ali Məclisin sədri Rəşad Bayramov Ali Məclis tərəfindən qəbul edilmiş qərara uyğun olaraq, Qərbi Azərbaycan Departamentinin yaradılması və rəhbər təyinatı məsələsinin Siyasi Şuranın müzakirəsinə çıxarılmasını təklif edib.
Partiya sədri Arzuxan Əli-zadə bu strukturun strateji əhəmiyyətini qeyd edərək, nizamnaməyə uyğun olaraq Təbriz Musayevin namizədliyini departament rəhbəri vəzifəsinə irəli sürüb. Səsvermə nəticəsində Təbriz Musayev yekdilliklə Qərbi Azərbaycan Departamentinin rəhbəri seçilib.
İclasın rəsmi hissəsində həmçinin partiya fəallarının mükafatlandırılması mərasimi keçirilib. Yubiley yaşları münasibətilə, Siyasi Şura üzvü Məmməd Qələndərli, Ali Məclisin üzvü Əmiraslan Naibov, Xətai təşkilatının sədri Nicat Əlizadə, partiya sədri tərəfindən xüsusi təbriknamələrlə təltif olunublar.
İlin yekunlarına həsr olunmuş genişləndirilmiş iclas gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və qəbul edilən mühüm qərarlarla başa çatıb.