Avropa Parlamentinin plenar iclasında Azərbaycanın "Euronest"dən çıxması və Avropa Parlamenti ilə əməkdaşlığı dayandırması müzakirə olunub. Müzakirələr zamanı deputatların əksəriyyəti Brüsselin xarici siyasətini tənqid edib, Aİ-nin "moralizatorluq" və "təzyiq" yanaşmasının strateji tərəfdaşları uzaqlaşdırdığını bildirib. Xüsusilə, Azərbaycanın enerji təhlükəsizliyi və Cənubi Qafqazda sülh prosesi üçün əhəmiyyəti vurğulanıb, eyni zamanda ABŞ-ın regionda yeni tranzit marşrutu ("Tramp Marşrutu"-red.) yaratması Avropanın geosiyasi təcrid olunması riskini artırdığı qeyd olunub. Nə baş verir?
Bu istiqamətdə Hafta.az-ın suallarını politoloq Rəşad Bayramov cavablandırıb.
- Avropa Parlamentində özünütənqidin qaynaqları nədir?
- Avropa Parlamentində Azərbaycanın “Euronest”dən çıxması ətrafında aparılan müzakirələr Avropa İttifaqının Cənubi Qafqaz siyasətində yaşadığı strateji çətinliklərin simptomudur. Bu debatlar bir neçə paralel xətti üzə çıxarır. Bunlar Aİ daxilində artan özünütənqid, regionda dəyişən güc balansı və Qərbin təsir alətlərinin məhdudlaşmasıdır.
Müşahidələr göstərir ki, Avropa Parlamentində özünütənqid bir neçə mənbədən qidalanır. Birincisi, Aİ-nin xarici siyasətinin nəticəvermə problemi artıq açıq şəkildə görünür. Ukrayna müharibəsi, Yaxın Şərqdə təsirin azalması və Cənubi Qafqazda vasitəçilik imkanlarının sıfırlanması Brüsselin normativ güc modelinin məhdudluğunu üzə çıxarıb. Deputatlar anlayırlar ki, yalnız insan haqları və demokratik standartlar üzərindən qurulan yanaşma real geosiyasi nəticə vermir.
İkincisi, Avropa daxilində siyasi parçalanma artır. Sağ-populist partiyaların yüksəlişi və üzv dövlətlərin fərqli xarici siyasət maraqları vahid xəttin formalaşmasını çətinləşdirir. Bu da Avropa Parlamentində daha realist və praqmatik yanaşmalara çağırışları gücləndirir.
Nəhayət, enerji və təhlükəsizlik böhranları Aİ-ni artıq maraqlardan çıxış etməyə məcbur edir. Azərbaycan kimi enerji və tranzit baxımından əhəmiyyətli ölkələrlə münasibətlərin gərginləşməsi daxili debatları daha da kəskinləşdirir.
- Azərbaycanın “Euronest”dən çıxması Avropa İttifaqının Cənubi Qafqazdakı enerji və nəqliyyat strategiyasına hansı konkret risklər yarada bilər?
- Azərbaycanın “Euronest”dən çıxmasının yaratdığı strateji risklər Avropa İttifaqı üçün praktiki nəticələr doğura bilər. İlk növbədə, Cənubi Qafqazda dialoq platformasının zəifləməsi Brüsselin regional proseslərə təsir imkanlarını azaldır. “Euronest” Avropa Şərq Tərəfdaşlığı çərçivəsində siyasi kommunikasiya kanalı idi və onun zəifləməsi Aİ-ni qərarvermə prosesindən daha da uzaqlaşdırır.
Enerji baxımından bu, xüsusilə kritikdir. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyində artıq strateji rol oynayır. Dialoq mexanizmlərinin zəifləməsi yeni enerji müqavilələrinin siyasi koordinasiyasını çətinləşdirə bilər.
Nəqliyyat və logistika sahəsində isə Orta Dəhliz və regional bağlantı layihələrində Aİ-nin koordinasiya imkanları zəifləyir. Bu, Avropanın Asiya ilə birbaşa ticarət marşrutlarında rəqabət qabiliyyətinə təsir göstərə bilər.
- Deputatların tənqid etdiyi “daimi moralizatorluq və ideoloji qınama” yanaşmasının əvəzinə Aİ-nin hansı realpolitik addımları atması Bakı ilə münasibətləri bərpa edə bilər?
- Deputatların tənqid etdiyi “moralizatorluq” yanaşması əvəzinə Aİ-nin daha balanslı və maraq əsaslı siyasətə keçməsi şərtdir. Belə ki, şərtli əməkdaşlıq modeli daha çevik şəkildə tətbiq olunmalıdır. Məsələn, insan haqları və digər məsələlər dayandırma aləti deyil, mərhələli dialoq predmeti olmalıdır.
Paralel olaraq enerji, nəqliyyat və təhlükəsizlik sahələrində strateji tərəfdaşlıq daha da genişləndirilməlidir. Azərbaycanla münasibətlər ideoloji çərçivədən çıxarılıb praktik əməkdaşlıq xəttinə yönəldilməlidir.
Ən nəhayət, Brüssel region ölkələri ilə “bərabərhüquqlu tərəfdaşlıq” modelini gücləndirməli, diktə edən roldan imtina etməlidir.
- ABŞ-ın Azərbaycan-Ermənistan arasında tranzit dəhlizi yaratması fonunda Avropa İttifaqı regionda nüfuzunu qorumaq üçün hansı alternativ təkliflər irəli sürə bilər?
- ABŞ-ın Azərbaycan-Ermənistan tranzit dəhlizi təşəbbüsü Avropanın regiondakı roluna təbii olaraq bu və ya digər şəkildə rəqabət yaradır. Bu fonda Aİ alternativ olaraq bir neçə istiqamət irəli sürə bilər.
İlk növbədə, Orta Dəhliz üzərində daha aktiv investisiya və siyasi dəstək göstərilə bilər. Bu, Avropanı Çin–Mərkəzi Asiya–Qafqaz xəttində əsas oyunçulardan biri kimi saxlaya bilər. Paralel olaraq Aİ regionda infrastruktur və enerji inteqrasiyasını vahid paket halında təqdim etməli, yol, dəmir yolu və enerji şəbəkələrinin sinxron inkişafına dəstək verməlidir.
Ümumiyyətlə, Avropa İttifaqı regionda nüfuzunu qorumaq istəyirsə, ideoloji sərtlikdən çıxaraq strateji maraqlar üzərində qurulan çevik və realist siyasətə keçməlidir.