Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Gənclər Təşkilatının təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş təntənəli və interaktiv tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan məruzəçi Seyranə Quliyeva öncə Azərbaycan Milli İstiqlal Partiyasının yaranma tarixi, keçdiyi şərəfli yol və fəaliyyət istiqamətləri barədə qısa məlumat verib. Daha sonra “28 May Dövlət Müstəqilliyi Günü - tarixə baxış kontekstində” mövzusunda geniş məruzə ilə çıxış edən Seyranə Quliyeva, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının tarixi xidmətlərini xüsusi vurğulayıb və respublikaçılıq ənənələrinin gənc nəsil tərəfindən dərindən öyrənilməsinin vacibliyini qeyd edib.
Tədbirin növbəti hissəsi gənclərin şəxsi inkişafı, nitq mədəniyyəti və ictimai-siyasi proseslərdə fəal iştirakı mövzularına həsr olunub. Gənclərin innovativ düşüncə və liderlik bacarıqlarının inkişafı üzrə Azərin Rəhimovanın moderatorluğu ilə keçirilən panel müzakirələr interaktiv və yüksək motivasiyalı mühitdə davam edib.
Partiya funksionerləri ilə gənclər arasında keçən diskussiyada müasir dövrün çağırışları, gəncliyin qarşılaşdığı problemlər və onların effektiv həlli yolları ətrafında maraqlı və geniş rezonans doğuran fikir mübadiləsi aparılıb. Tədbirin sonunda AMİP sədri, millət vəkili Arzuxan Əli-zadə çıxış edərək təşkilatçılara və fəal gənclərə dərin minnətdarlığını bildirib. Millət vəkili müasir dünyada gənclərin öz üzərlərində davamlı işləmələrinin, elmi və praktiki biliklərə yiyələnmələrinin önəmini diqqətə çatdırıb. O, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi yolunda gəncliyin doğru istiqamətləndirilməsinin partiyanın prioritet hədəflərindən biri olduğunu vurğulayaraq, gənc nəslə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirin sonunda fəal iştirak edən gənclərə AMİP Sədri Arzuxan Əli-zadə tərəfindən imzalanmış xüsusi sertifikatlar təntənəli şəkildə təqdim olunub və xatirə şəkilləri çəkdirilib.
AMİP Mətbuat Xidməti
23 May 2026.