Ötən gün Tehran münaqişənin həllinə dair Vaşinqtona yeni bir təklif təqdim edib. Belə ki, İran ABŞ-yə Hörmüz boğazını açmağı və nüvə danışıqlarını daha sonraya saxlamaqla münaqişəni dayandırmağı təklif edib. ABŞ Prezidenti Donald Tramp isə təklifdən məmnun deyil. Çünki təklifdə nüvə məsələsinin sonraya saxlanılması istənilir.
Mövzu ilə bağlı siyasi şərhçi Çingiz Şahbazi Redaktor.az-a açıqlamasında bildirdi ki, mövcud vəziyyətdə İran taktiki olaraq mərhələli razılaşma modeli təklif edir:
"Əvvəlcə blokadanın və Hörmüz boğazı məsələsinin həlli və atəşkəsin davamlı olaraq əldə olunması nəzərdə tutulur. Daha sonrakı mərhələdə nüvə müzakirələrinə start vermək olar. Əlbəttə ki, bu İran üçün vaxt qazanmaq və iqtisadi baxımdan nəfəs almaq cəhdidir.
ABŞ Prezidenti Donald Trampın dövründə öncə nüvə məsələsi prinsip olaraq israrla tələb olunub və bu səbəbdən Trampın İranın təqdim etdiyi bu təklifə qarşı narazılığını ifadə etməsini başa düşmək olar. Çünki Tehran zənginləşdirilmiş uran ehtiyatı və mümkün silah potensialı barədə konkret öhdəlik vermir".