26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təbrik
Azərbaycan Milli İstiqlal Partiyası 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə bütün hərbi qulluqçularımızı, zabit və gizirlərimizi, əsgərlərimizi, ehtiyatda olan hərbçilərimizi, eləcə də hərbi xidmət keçmiş bütün vətəndaşlarımızı ürəkdən təbrik edir!
108 il əvvəl əsası qoyulan Azərbaycan Ordusu bu gün dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün ən etibarlı təminatçısı, xalqımızın qürur mənbəyidir. Şanlı Ordumuzun keçdiyi zəfər yolu, qazandığı tarixi nailiyyətlər və nümayiş etdirdiyi yüksək peşəkarlıq hər bir azərbaycanlının qəlbində sonsuz fəxr hissi doğurur. Bu əlamətdar gündə Vətən uğrunda canlarını fəda etmiş qəhrəman Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onların müqəddəs ruhları qarşısında baş əyirik. Məhz onların misilsiz qəhrəmanlığı və fədakarlığı sayəsində Azərbaycan xalqı tarixi Zəfər sevincini yaşadı, dövlətimizin gücü və iradəsi bütün dünyaya nümayiş etdirildi. Eyni zamanda, sağlamlıqlarını və həyatlarını Vətən yolunda fəda etmiş igid Qazilərimizə dərin minnətdarlığımızı bildirir, onlara möhkəm can sağlığı, uzun ömür və firavan həyat arzulayırıq. Onların şücaəti və vətənpərvərliyi gələcək nəsillər üçün örnəkdir. Bu gün Azərbaycan nəinki regionun ən güclü ordularından birinə malikdir, həm də müasir və peşəkar ordu quruculuğu sahəsində dünyada nümunə göstərilən dövlətlər sırasındadır. Ordumuzun döyüş qabiliyyətinin artırılması, ən müasir texnologiyalarla təchiz olunması və peşəkar kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanın təhlükəsiz gələcəyinin etibarlı təminatıdır.
Azərbaycan Ordusu ölkəmizin müdafiəsinə xidmət etməklə yanaşı bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin qorunmasına mühüm töhfə verir. Çünki güclü ordu hər zaman sülhün ən etibarlı təminatçısı, sülh quruculuğunun əsas dayaqlarından biridir.
Əziz hərbçilər!
Sizlərin Vətənə sədaqətlə xidmətiniz, xalqımıza bağlılığınız və yüksək döyüş ruhunuz hər birimiz üçün qürur mənbəyidir. Sizə möhkəm cansağlığı, xidmətdə uğurlar, yeni nailiyyətlər və şərəfli fəaliyyətinizdə davamlı zəfərlər arzulayırıq. Qoy üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın, Azərbaycan Ordusu daha da qüdrətlənsin və dövlətimizin gücünə güc qatsın!
AMİP Mətbuat Xidməti
25.06.2026