Əziz həmvətənlər! Hörmətli soydaşlar!
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) şanlı tariximizin ən parlaq səhifəsi olan 8 Noyabr – Zəfər Günü münasibətilə bütün Azərbaycan xalqını və dünya azərbaycanlılarını səmimi-qəlbdən təbrik edir! 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının sarsılmaz iradəsinin, milli birliyinin və dövlətçilik əzminin təntənəsi kimi tarixə düşdü. Otuz ilə yaxın davam edən işğala son qoyulması, tarixi ədalətin bərpa edilməsi və dövlət suverenliyimizin tam təmin olunması xalqımızın ən böyük milli arzusunun gerçəkləşməsi idi. Bu möhtəşəm Zəfərin qazanılmasında müstəsna rolu olan Müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinə dərin minnətdarlığımızı bildiririk. Vətən torpaqlarının azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, Allahdan onlara rəhmət diləyirik. Sağlamlığını itirmiş qazilərimizə isə şəfa və uzun ömür arzulayırıq.
Qazanılmış bu tarixi Qələbə regionda yeni reallıqlar yaratmaqla yanaşı, müstəqil Azərbaycanın gələcək inkişafı üçün möhkəm zəmin formalaşdırdı. Bu gün hər birimizin əsas borcu dövlət müstəqilliyimizi göz bəbəyi kimi qorumaq, milli birliyimizi daha da gücləndirmək və azad olunmuş torpaqlarımızın dirçəlişinə töhfə verməkdir.
Zəfər Günümüz mübarək olsun!
Yaşasın bütöv və müstəqil Azərbaycan!
Azərbaycan Milli İstiqlal Partiyası