Gələcək Azərbaycan Partiyası (GAP) 8 Noyabr – Zəfər Günü münasibətilə bəyanat yayıb.

 

Həmin bəyanatda deyilir:

“8 Noyabr – Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsi günüdür!

Bu gün Azərbaycan xalqı özünün çoxəsrlik tarixinin ən şanlı səhifələrindən biri olan 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünü sonsuz fəxarət, milli qürur və böyük təntənə hissi ilə qeyd edir.

2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə yalnız hərbi zəfər deyil, Azərbaycan xalqının milli iradəsinin, dövlətimizin qüdrətinin, Ordumuzun yenilməzliyinin və müdrik siyasi rəhbərliyin tarixi təntənəsidir.

Bu Zəfərin təməlində üç sarsılmaz qüvvə dayanırdı: güclü Dövlət, yenilməz Ordu və vahid amal ətrafında birləşmiş Azərbaycan Xalqı!

Vətən müharibəsi bir daha sübut etdi ki, xalqla ordunun birliyi, dövlətlə millətin həmrəyliyi və rəhbərlə xalq arasında qarşılıqlı etimad mövcud olduqda ən mürəkkəb tarixi vəzifələrin öhdəsindən gəlmək mümkündür.

Azərbaycan xalqı 44 gün ərzində bir yumruğa çevrilərək bütün dünyaya milli həmrəyliyin, vətən sevgisinin və dövlətə sədaqətin möhtəşəm nümunəsini nümayiş etdirdi.

Bu tarixi Qələbənin baş memarı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin nümayiş etdirdiyi hərbi-strateji sərrastlıq, siyasi uzaqgörənlik, qətiyyət və diplomatik məharət dövlətçilik tariximizin ən parlaq səhifələrindən biri kimi yaddaşlara həkk olundu.

Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində yalnız ordulara rəhbərlik edən Ali Baş Komandan deyil, eyni zamanda hərbi strategiyanı, siyasi iradəni və diplomatiyanı vahid məqsədə yönəltməyi bacaran böyük dövlət xadimi kimi tarix yazdı.

Döyüş meydanında hərbi əməliyyatların strateji ardıcıllıqla aparılması, beynəlxalq siyasi təzyiqlər qarşısında nümayiş etdirilən sarsılmaz mövqe, diplomatik müstəvidə Azərbaycanın haqlı mövqeyinin qətiyyətlə müdafiəsi və informasiya mübarizəsində əldə olunan üstünlük Prezident İlham Əliyevin çoxşaxəli liderlik qabiliyyətinin bariz nümunəsi oldu. Onun Vətən müharibəsi dövründə həyata keçirdiyi diplomatiya, heç şübhəsiz, müasir beynəlxalq münasibətlər tarixində diplomatik məharətin əsl şedevri kimi qiymətləndirilməyə layiqdir.

Bu gün - Prezident İlham Əliyevin liderlik miqyası artıq yalnız Azərbaycanın dövlət sərhədləri ilə məhdudlaşmır. Bu gün fəxarətlə demək olar ki, İlham Əliyev Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanı olmaqla yanaşı həm də qlobal siyasi proseslərdə öz sözünü deməyi bacaran dünya miqyaslı beynəlxalq siyasi liderdir! 

Bu gün üçrəngli Azərbaycan Bayrağının Şuşada, Xankəndidə, Xocalıda, Laçında, Kəlbəcərdə və digər doğma torpaqlarımızda qürurla dalğalanması xalqımızın milli iradəsinin və dövlətimizin gücünün əbədi rəmzidir.

Bu böyük Zəfərin qazanılmasında canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayır, Azərbaycan Ordusunun bütün şəxsi heyətinə minnətdarlığımızı bildiririk.

Şəhidlərimizin qanı ilə yazılmış Zəfər tariximiz xalqımızın yaddaşında əbədi yaşayacaq!

Gələcək Azərbaycan Partiyası olaraq bəyan edirik ki, biz Azərbaycanın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü və dövlətçilik maraqlarını bütün siyasi maraqlardan üstün tutmuşuq və bundan sonra da tutacağıq.

Gələcək Azərbaycan Partiyası dünən olduğu kimi, bu gün də, sabah da Azərbaycan Dövlətinin, qəhrəman Ordumuzun və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yanındadır!

Bizim üçün dövlətçilik mənafeyi, milli birlik, Azərbaycanın təhlükəsizliyi və qüdrətli gələcəyi dəyişməz prinsiplərdir.

İnanırıq ki, Azərbaycan xalqı Zəfər ruhunu daim yaşadacaq, bu möhtəşəm Qələbəni milli həmrəyliyin, vətənpərvərliyin və gələcək nəsillərə ötürüləcək dövlətçilik irsinin əsas dayaqlarından birinə çevirəcəkdir.

Gələcək Azərbaycan Partiyası olaraq bütün Azərbaycan xalqını, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı, qəhrəman hərbçilərimizi, şəhid ailələrimizi və qazilərimizi 8 Noyabr – Zəfər Günü münasibətilə ürəkdən təbrik edirik!

Yaşasın müstəqil və qüdrətli Azərbaycan!

Zəfərimiz əbədi, dövlətimiz qüdrətli, birliyimiz sarsılmaz olsun!”