8 Noyabr – Zəfər Günü münasibətilə bir qrup Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) üzvü və partiya funksionerləri ilə birlikdə Zəfər Parkında yerləşən Zəfər Memorial Kompleksini ziyarət etdik.
Ziyarət zamanı Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad etdik, onların ruhu qarşısında baş əydik.
Zəfərin memarları sırasında ilk növbədə canlarını Vətənə fəda edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz, döyüş meydanında qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, həmçinin bu tarixi Qələbəyə öz töhfəsini verən bütöv Azərbaycan xalqı dayanır.
Bu gün Zəfər Memorial Kompleksinin önündə bir daha anladıq ki, 8 Noyabr yalnız hərbi Qələbənin təqvimdəki tarixi deyil. Bu gün milli iradəmizin, dövlətçilik əzmimizin, Vətən sevgimizin və tarixi ədalətin təntənəsidir.
Şuşanın azadlığı ilə zirvəyə yüksələn bu Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq, gələcək nəsillərə qürur və milli birlik nümunəsi olacaq.
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Qazilərimizə ehtiramımız sonsuzdur!
Zəfərimiz əbədi, Azərbaycanımız bütöv və daim var olsun!
8 Noyabr – Zəfər Günümüz mübarək!