Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton NATO müttəfiqlərindən Hörmüz boğazının blokadadan çıxarılması məsələsində dəstək gözləyir.
Siyasi şərhçi Çingiz Şahbazi Redaktor.az-a açıqlamasında qeyd etdi ki, ABŞ müttəfiqlərinə belə bir çağırış edə bilər, bu onun haqqıdır:
"Amma bu o demək deyil ki, ABŞ Fars körfəzində yaranmış vəziyyətdən dolayı çıxılmaz vəziyyətə düşüb. Hesab edirəm ki, Hörmüz boğazında İranın taktiki addımları müvəqqəti xarakter daşıyır və NATO ölkələri ABŞ-nin bu çağırışına mütləq cavab verəcəklər və lazım gələrsə NATO ABŞ-ni digər məsələlərdə də tək buraxmaz. Əlbətdə ki, bu yalnız Fars Körfəzi məsələsi ilə bağlı olarsa belədir. Əks təqdirdə Avropa İttifaqı ölkələrinin ABŞ-nin yerinə İranla müharibə aparmaq niyyətində olmadıqları ortadadır. Hətta Vaşinqtonun müttəfiqlərinə çağırış etməsi belə NATO-nu avtomatik olaraq hərbi müdaxiləyə sövq edə bilməz. Çünki NATO-nun əsas mexanizmi kollektiv müdafiədir və bu da onu göstərir ki, üzv ölkələrdən hər hansı birinə birbaşa hücum olduğu zaman, 5-ci maddə üzrə NATO hərbi qüvvələri müdaxilə etmək məcburiyyətindədirlər. Bu səbəbdən də Fars körfəzinin NATO ərazisi olmadığını nəzərə alsaq, ABŞ Prezidenti Donald Trampın bu istiqamətdə müttəfiq ölkələrinə dəstək vermələri üçün çağırış etməsi yalnız siyasi məqsəd daşıyır və burda hərbi dəstəkdən söhbət gedə bilməz".