Qərbi Azərbaycana qayıdışı təmin etməyə nail olnacaq

“Xankəndidə bayraq ucaldan güclü iradə, yürüdülən siyasi kurs, təmkinli yanaşma Qərbi Azərbaycana qayıdışı təmin etməyə də nail olacaq”

Postmüharibə dövründə ciddi müzakirə mövzularından biri də Qərbi Azərbaycandan deportasiya edilmiş vətəndaşlarımızın dədə-baba yurdlarında yaşamaq hüququnun tanınması ilə bağlıdır. Qərbi Azərbaycan İcması bu yöndə aktiv fəaliyyətdədir və dövlət səviyyəsində də bu məsələ diqqətdədir. Zəngəzur Azərbaycanın tarixi torpaqlarıdır. Eyni zamanda Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, bizim heç kimin torpaqlarında gözümüz yoxdur, Azərbaycan öz haqqı olanı tələb edir.

Bu kontekstdə Prezident İlham Əliyev "Füzuli Şəhəri Günü"ndə çıxış edərkən mühüm bir anons verib. Sitat: “Biz haqq yolundayıq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, amma sülh yolu ilə. Mən demişəm, məni bəziləri ittiham etməyə çalışırlar, mən dedim ki, biz oraya tanklarla yox, minik maşınları ilə qayıdacağıq”, - dövlət başçısı vurğulayıb.

Burada söhbət ondan gedir ki, Azərbaycan Qarabağda ermənilərin təhlükəsiz yaşamasına təminat verdiyi kimi, Ermənistan da Zəngəzurdan deportasiya edilmiş azərbaycanlıların dədə-baba yurdunda dinc şəkildə, icma halında yaşamaq haqqını tanımalıdır. Prezidentin bu açıqlaması Zəngəzura qayıdış taktikası kimi qəbul edilir.

Qərbi Azərbaycandan deportasiya edilən siyasi şərhçi, AMİP funksioneri Əli Orucov bildirdi ki, Qərbi Azərbaycandan son deportasiya olunan 250 min soydaşımız öz torpaqlarına dönüşü barədə illər öncə təkliflərlə çıxış ediblər. Təkliflərdən biri də ondan ibarət olub ki, keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan müzakirələrdə onların qayıdışı hüquq və təhlükəsizliyin masa üzərində olsun, tərəf kimi tanınacaq müzakirələrdə iştirakı təmin edilsin. Deportasiya zamanı qoyub gəldikləri, talan olunan,  məhv edilən əmlakları beynəlxalq müstəvidə, beynəlxalq məhkəmələrdə mübahisələndirilsin: “Ən elementar həmin soydaşlarımızın tarixi toponimləri, yaşayış yerləri, kənd və qəsəbə adları rəsmi sənədlərdən, ələlxüsus da yeni verilən şəxsiyyət vəsiqələrindən silinməsin. Bunlar tarixdir. Mötəbər sübut və faktlardır. Təəssüflər olsun ki, bizim bu həyəcanlı çağırış və tələblərimizə o zamanlar diqqət yetirilməmişdi. Nə yaxşı Prezident İlham Əliyev Qərbi Azərbaycan, demortadiyaya məruz qalmış soydaşlarımız  amiliniin nə qədər vacib olduğunu bəzi burnundan uzağı görə bilməyənlərə anlada bildi, Qərbi Azərbaycan İcmasının yeni inzibatı binasının açılışı zamanı etdiyi çıxışı ilə yol xəritəsini cızdı.

Yaxşı xatırlayıram, həmin vaxtadək Zəngəzur, Göyçə, Pəmbək, İrəvan, ümumilikdə Qərbi Azərbaycan adını eşidəndə bəzi yüksək rütbəli, hətta əslən Qərbi Azərbaycandan olan bəzi məmurlar təşvişə düşürdülər. Artıq o dövrlər arxada qalıb. Dağlıq Qarabağ problemini başda Ali Baş Komandan olmaqla, Silahlı Qüvvələrimiz və xalq birliyi tarixin arxivinə göndərdi. Bu bədnam separatçı xunta rejiminin tam ləğvindən sonra qarşımızda yeni hədəflər və vəzifələr qoyuldu. Bu hədəfə tezliklə Zəngəzura tanklarla deyil, minik avtomobilləri ilə qayıtmaq da daxildir. Əslində Azərbaycanın torpaqları təkcə Zəngəzur deyil, bu gün Paşinyanın dəfələrlə elan etdiyi 26.8 min kv.km-in hamısı Azərbaycanın tarixi əraziləri, tarixi torpaqlarıdır. Biz həmin coğrafiyaya mütləq qayıtmalıyıq. Təqdirəlayiq haldır ki, Qərbi Azərbaycan İcması dövlətin, xüsusən də Prezident İlham Əliyevin fəal dəstəyi ilə qayıdış konsepsiyası və bir sıra layihələri hazırlayıb icra etməkdədir".

Ə.Orucovun sözlərinə görə, yenidən təşkilatlanma, qayıdış üçün hazırlıqların görülməsi təbii ki, vaxt və xeyli zəhmət tələb edir: “Ermənistan və onun dəstəkçiləri Qarabağdakı məskunlaşmış və hazırda oranı könüllü tərk etmiş 20-30 min erməninin hüquq və təhlükəsizliyi barədə danışırsa, o zaman Ermənistandan zorla deportasiya edilən 250 min azərbaycanlı qaçqın soydaşımızın da hüquq və təhlükəsizliyinə məsuliyyətlə yanaşmalıdır. Milli və dini ayrı seçkiliyə beynəlxalq institutlar və güclər yol verməməlidir. Doğrudur, bu cür halları indi də görürük. Lakin bu, regionda davamlı və dayanıqlı sülh və təhlükəsizliyin əldə olunmasına ciddi əngəllər törədən faktordur. Haqlı-haqsız çıxarılanda, ədalətsiz mövqe görəndə Azərbaycan xalqının beynəlxalq hüquqa və ədalətə inamı tamamilə sarsılır. Eyni zamanda erməni separatçılarına, Ermənistanın təcavüzkar siyasətinə stimul verilir. Mənim qəti şübhəm yoxdur ki, Xankəndidə bayraq ucaldan güclü iradə, yürüdülən siyasi kurs, təmkinli yanaşma Qərbi Azərbaycana qayıdışı təmin etməyə nail olacaq. Azərbaycanın qarşıya qoyduğu hədəfləri doğaldır və sülhə, təhlükəsizliyə xidmət edir”. “Yeni Müsavat”