44 günlük İkinci Qarabağ müharibəsindən beş il keçsə də, Ermənistan cəmiyyəti hələ də həmin savaşın səbəb və nəticələrini öyrənə bilmir. Müharibə zamanı qəbul edilən qərarlar, itkilər və fərarilik halları ilə bağlı komissiya hesabatının məxfiləşdirilməsi İrəvanda siyasi mübahisə yaradıb.
Ermənistan parlamenti sədrinin mətbuat katibi Movses Arutyunyan bildirib ki, hesabatla yalnız məxfi məlumatlara çıxış icazəsi olan deputatlar tanış ola biləcəklər.
Komissiya 2022-ci ilin fevralında hakim “Mülki Müqavilə” fraksiyasının təşəbbüsü ilə yaradılıb və iş çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla keçmiş müdafiə naziri David Tonoyan dinlənilib.
“Joqovurd” qəzetinin məlumatına görə, komissiyanın rəhbəri 210 səhifəlik sənədi üzvlərə təqdim etməməklə parlament reqlamentini pozub. Spiker Alen Simonyan isə bildirib ki, hesabatın təqdim edilməsi üçün nəzərdə tutulan müddət bitib və sənəd heç vaxt rəsmi qaydada parlamentə təqdim olunmayıb.
44 günlük müharibə hesabatı niyə “məxfi” saxlanılır? Paşinyan hökuməti nəyi gizlədir?
"Həqiqətlərin üzə çıxmasının qarşısını alındı"
Məsələni TodayPress TV-yə şərh edən politoloq Əli Orucov müharibə zamanı Ermənistan ordusunda kütləvi fərariliyin qeydə alındığını bildirib:
"2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı. Həmin müharibə zamanı Ermənistan ordusu nəinki ciddi müqavimət göstərə bildi, əksinə, kütləvi fərarilik halları müşahidə edildi. Təkcə sıravi əsgərlər deyil, ali zabitlər və generallar da döyüş mövqelərini tərk edərək geri çəkildilər.
Ermənistanın rəsmi məlumatlarına görə, 44 günlük müharibə dövründə Ermənistan ordusunda təxminən 10 min nəfər fərari olub. Sonrakı istintaq araşdırmaları zamanı Silahlı Qüvvələrdə külli miqdarda korrupsiya, mənimsəmə və nizam-intizam pozuntuları aşkarlandı. Həmçinin əsgərlərə qarşı işgəncə, alçaldıcı rəftar və qeyri-insani davranış faktları da ilkin hesabatlarda öz əksini tapdı.
Bütün bu hallar erməni cəmiyyətində dərin təlaş və ruh düşkünlüyü yaratdı. Əsgər anaları zorakılığa, eləcə də övladlarının haqsız və məcburi şəkildə döyüş bölgələrinə göndərilməsinə etiraz etdilər. Hadisələrdən sonra Paşinyan hökuməti cəmiyyətdə yaranan narazılığı azaltmaq üçün həqiqətlərin üzə çıxmasının qarşısını almağa çalışdı. İstintaqın müəyyən etdiyi faktların ictimaiyyətə açıqlanmasının qarşısı alındı, hesabatların böyük hissəsi məxfiləşdirildi".
Oxlar Paşinyanı göstərəcək
Analitikin fikrincə, Paşinyan hakimiyyəti həmin hesabatları açıq şəkildə təqdim edərsə, ilk növbədə özü məsuliyyətdən yayınmaqda çətinlik çəkəcək. Çünki 2018-ci ildən bəri ölkənin baş naziridir və müharibə dövründə Ermənistan Silahlı Qüvvələrinə komandanlıq edib.
İrəvanda qorxu sükutu...
Digər tərəfdən, araşdırmaların üzə çıxardığı qanunsuzluq və özbaşınalıq təsdiqlənsə, bu, orduda narazılığın artmasına və yeni böhran dalğasına səbəb ola bilər. Həmin şəxslərin cəzalandırılması orduda ciddi təlatüm yaradar. İndiki gərgin vəziyyətdə Paşinyanın ordu ilə üz-üzə qalması siyasi intihara bərabər olar. Həmçinin erməni cəmiyyəti baş nazirdən zəif, dağılmış və ruhdan düşmüş ordusu olan dövləti güclü Azərbaycanla müharibəyə sürüklədiyinə görə hesab verməsini tələb edər.
"Odur ki, Paşinyan həmin hesabatları ictimaiyyətdən gizli saxlayır və görünür, bu sənədlər hələ uzun müddət açıqlanmayacaq", - deyə Ə.Orucov fikrini yekunlaşdırıb. /TodayPress TV/