Arçutlu (Ardıclı) gənclərin inkişaf konsepsiyası
Beşinci yazı
Arçut kəndində uşaq, yeniyetmə və gənclərin tərbiyəsində və inkişafında orta məktəbin rolu (əvvəlki yazının davamı)
Məlumdur ki, inkişaf konsepsiyası dedikdə, inkişaf xətləri ilə müəyyən olunan tərəqqi gətirən, dalğalanmaları şərtləndirən, faydalar verən yeniliklər yolunda baza, rəhbər, aparıcı ideyaların məcmusu kimi dərk olunur. Belə bir sual ortaya çıxır. XX sərin 60-80-ci illərində və sonrakı dövrlərdə Arçutu inkişaf etdirən gənclərin nə kimi ideyaları var idi?! Nəyə görə kənd XX əsrin ikinci yarısında sürətlə inkişaf edirdi? İnkişafa rəvac verən rəhbər ideyalar necə cəmləşirdi? İnkişaf axarlarına necə səmt və yön verirdi? Bu konsepsiyada məktəbin baza ideologiyası nələrdən ibarət idi? Bu ideologiya hansı potensialı formalaşdırırdı?
Məktəbin inkişafa yönəlik ideyaları onun nəzəri və praktiki əhəmiyyətini özündə daşıyırdı. Məktəb yeni ideyalara təkan verir, gənclərin düşüncələrində inqilab yaradırdı. Gənclər ümumiyyətlə, kənddə adət-ənənələrdə daşıyıcılıq, elmentləri məkanlardan-məkanlara ötürmək funksiyasını yerinə yetirirdilər. Kəndin mədəni və sosial cəhətdən müasirləşməsi bir hədəf və məqsəd idi. Yaxşı yaşamaq üçün həyat elementlərlə dolmalı idi. Məsələn, kəndin mətbəxində gənclər yenilikçi idilər. Yerli ənənələrlə yanaşı, həm də başqa bölgələrdən milli və dünyəvi adətləri daşıyır və tətbiq edirdilər. Bu yöndə 1965-ci ildə kənddə dünyaya gəlmiş Validə Həsən qızı Nəsibova qeyd edir: “Kəndimizdə ilk dəfə kompot və mürəbbə bişirməyi mənim anam Gülsafa gətirib. O, Ləmbəli qızı olub. Ora gedib-gəldikcə yenilikləri gətirib. Həmçinin ilk dəfə ətçəkən maşınını da anam gətirib. Birinci dəfə kələm dolması bişirib və bununla da kəndə yayılıb”.
Orta məktəb elə bir ruh tərənnüm edirdi ki, şagirdlərin və yeniyetmələrin gözləri açılır, hafizələri aydınlaşırdı. Yeniliyə açıq olurdu. Bu yenilik geyimdən tutmuş, adət-ənənələrə qədər, evlərin dizaynına və təsərrüfata qədər gedib çıxırdı. Yeni gənclik dəbi meydana gəlirdi. Orta məktəb rasional təfəkkürün formalaşmasıda əvəzsiz rol oynayırdı.
1972-ci ildə Arçutda kəndli ailəsində dünyaya gəlmiş Eyvaz Mustafa oğlu Əmiraslanovun yeniyetmə və gəncliyin həyatında məktəbin oynadığı əvəzsiz rolu barədə fikirləri diqqəti çəkir. Həm də o dövrün gəncliyini indiki gəncliklə müqayisə edərək, fərqləri və oxşarlıqları üzərə çıxardır. O, qeyd edir: “Mən 1979-cu ildə Arçut kənd orta məktəbinin birinci sinifinə getmişəm. 1989-cu ildə orta məktəbin on illiyini bitirib məzun olmalı idim. Çox təəssüf ki, qaçqınlıq həyatı nakam qoydu. Məktəbimizi bitirmək bizə qismət olmadı, doğma təhsil ocağımızdan məzun ola bilmədim. Orada 9 il 3 ay təhsil ala bildim. 1988-ci ilin payızında münaqişə ilə əlaqədar məktəb bağlandı. Həmin ilin 7 dekabr zəlzələsindən sonra kəndimiz deportasiyaya məruz qaldı. Sonrakı həyatımız qaçqınlıq dövrünə düşdü. Bu baxımdan da mən orta təhsilimi 1989-cu ildə Azərbaycanda, əvvəlcə Qazax rayonunda davam etdirdim, sonra da Ağstafa rayonu Poylu kənd orta məktəbində tamamladım. Onu qeyd edim ki, bizim dövrümüzdə Arçut gənclərinin çox gözəl tərbiyəsi var idi. Ən azından həm ailədə, həm məktəbdə, həm də gündəlik həyatda insanlar çalışırdılar ki, bir-birilərinə yaxşı yollar göstərsinlər. Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, indiki internet dövründə gənclərin mövcud fəaliyyəti bir o qədər də başa düşülən deyil. Hər kəsə məlumdur ki, indiki gənclər öz günləri ilə yaşayırlar. Bizim dövrümüzdə isə məktəb çox gözəl tərbiyə verirdi. Bir-birindən gözəl və maraqlı konsepsiyalar, proqramlar var idi. Məktəbdə gündəlik dərnəklər –fənn və idman dərnəkləri-mövcud idi. Voleybol, futbol oyunlarını həvəslə, sevə-sevə oynayırdıq, bəhrələnirdik. Deyərdim ki, bu gün də onlar var. Lakin hesab edirəm ki, onlar fərqli istiqamətdədirlər. İndiki gənclik çox böyük biliyə malikdir. O ki, qaldı Arçut gəncliyi ilə indiki gəncliyin müqayisəsinə, deyərdim ki, onlar da yaxşı tərbiyə olunurlar. Ona görə ki, qulağıma yaxşı sədalar gəlib çatır. İndiki gənclərimizin də gözəl bilikləri, savadları var, yaxşı nailiyyətlər əldə edirlər. Böyük ölçüdə götürəndə, Arçut gənclərinin potensialı var, yaxşı gələcəyi var. Ən əsas məsələ odur ki, bu günkü Arçut gənclyi özlüyündə Arçutluyam sözünü dərk edə bilsin. Arçut haqqında yüksək biliyə, məlumatlara malik olmalıdırlar. Sevindirici hal odur ki, tərbiyə baxımından yaxşı sədaları gələn gənclərimiz çoxdur. Lakin hər gecənin bir işıqlı sabahı olduğu kimi, Arçutun indiki gəncliyinin də müsbət və mənfi tərəfləri mövcuddur. Bəzən xoşagəlməz sədalar da qulağımıza gəlib çatır. Hesab edirəm ki, Arçut gəncliyi ciddi nöqsanlara yol verməməlidir. Onu da əlavə edim ki, bizim kənd məktəbində əla oxuyan uşaqlar, hətta kiçik siniflərdə olsalar da belə, böyük siniflərə nümunə kimi göstərilirdi. Məktəbimiz əsl bilik arenası idi. Çox maraqlı idi”.
1972-ci ci ildə Arçut kəndində ziyalı ailəsində dünyaya gəlmiş və 1980-1988-ci illərdə kənd orta məktəbində təhsil almış və qaçqınlığa görə 9-cu sinifi yarımçıq kəsmiş Afaq Kamil qızı Məşədiyeva kənd məktəbinin uşaq, yeniyetmə və şagirdlərin tərbiyəsində və yetişməsində, eləcə də inkişadındakı rolunu daha dolğun şəkildə izah edir. O, ürəkdolusu ilə məktəb illərini xatırlayır və yarımçıq qalmış təhsilə görə təəssüf hissi keçirdir. Hətta kövrəlir. Keçmişə qayıdaraq məktəblə bağlı özünün nostalji hisslərini bu şəkildə qeyd edir və məktəbin əhəmiyyəti barədə xatirələrini belə formada ifadə edir: “ Məktəbin məzunları, yeniyetmə və gəncləri ilə fikirlərim həddən artıq çoxdur. Ürək yanğısı ilə danışacam. O illərə qayıdıb çox şeyləri yada salacam. Məktəbimizi bitirən və eləcə də təhsili yarımçıq qalmış yeniyetmə və gənclərin nailiyyətləri həddən artıq çoxdur. Yəqin ki, məktəbi bitirən, orada təhsil alan hər bir şəxsin fikri eyni olar. Şagirdlərin, yeniyetmələrin təhsil və tərbiyəsində müəllimlərin çox böyük rolu vardır. Onların, hər bir gəncin ayrı-ayrı peşələrə yiyələnməsində müəllimlərin əməyi, dəstəyi, köməyi danılmazdır. Məktəb təkcə bizim təhsil yerimiz deyildi, sanki bizim ikinci bir evimiz idi. Uşaqlığımızın, yeniyetməliyimizin, xatirələrlə dolu, bütün nəfəsimizin olduğu bir mərkəz olub. İllər keçsə də, uzaqda yaşasaq da hər zaman heç nə ilə əvəz oluna bilməyən məktəb illərini xatırlayırıq. Məktəbimiz bizə həm gözəl xasiyyət verib, düşüncə tərzi təqdim edib, həm də üzərimizdə böyük əziyyətləri var. Bizi sağlam gənc kimi yetişdirib. Tək təhsil verməyib. Həm də bizə böyük tərbiyə, əxlaq, nizam-intizam bəxş edib. Bir-birimizə, böyüklərə, müəllimlərə hörmət kimi dəyərləri aşılayıb. Böyüklərə, müəllimlərə hörmət hissi bu gün də bizimlə yaşayır. Hisslər davam etməkdədir. Biz o müəllimlərin verdiyi təhsil və tərbiyə ilə yetişmişik. Bu şərtlər, amillər indi də özünü göstərir. Bizim alimlərimiz, professorlarımız, həkimlərimiz, yeni nəsil müəllimlərimiz, digər mütəxəssislərimiz var. Məktəbimiz demək olar ki, yaşımız az olsa da, şagird və yeniyetmə olsaq da, bizə həyatın özünü öyrədirdi. Bütün çətinliklərə alışdırırdılar. Bizə dərsdən əlavə hazırlıqlar, praktikalar, məşğələlər keçirdilər, qruplar təşkil olunurdu. Bizi həm əməyə öyrədir, həm də hər sahədə yetişdirirdilər. İncəsənət və ədəbiyyat sahəsində bizi hazırlayırdılar. Rəhmətlik İsmayıl müəllim bizə əsərlərdən pyeslər verirdi. Biz o rolları oynayır, səhnəciklər qururduq. Məşğələləri hazırlayır, rolları ifa edirdik. Müəllimlər bizə məsuliyyətli olmağı, qorxmamağı, öyrənməklə bağlı məsələlərdə çəkinməməyi, hər yerdə şücaətli olmağı, bir-birimizin dayağında durmağı, ümumiyyətlə, hər şeyi, həyatın özünü öyrədirdi. Baxmayaraq ki, biz kənd məktəbimzidə şagird idik, uşaq və yeniyetmə idik, çox yaxşı formalaşırdıq. O formalaşma bizə bu gün də kömək edir. Həyatı yaxından dərk edə bilirik. O müəllimlərin bizə tövsiyələri hələ də bizim xatirimizdən çxmır. Dərs keçmə qaydalarını biz bu gün sevə-sevə xatırlayırıq. Onların vaxtilə bizə verdikləri öyüd-nəsihətlər bu gün də yadımızdan çıxmır. Məktəbimizi duyğulu anlarla xatırlayırıq. Məktəbimiz haqqında deyiləsi müsbət fikirlər həddən artıq çoxdur. Çox heyif ki, o dəyərlərdən məhrum olmuşuq. Məktəbimiz əvəzsiz idi. O təhsil ocağı haqqında danışanda çox duyğulanıram. Ürəyim doludur. Bir şeyi də əlavə edim. Deməli, müəllimlərimiz bizə düzgün olmağı, doğru olmağı, dürüstlüyü, məsuliyyətli və əməkdən, zəhmətdən qorxmamağı öyrədirdi. Bir-birimizə dəyər verməyi məktəbdən öyrənirdik. Məktəb təkcə kitab oxumaq məkanı deyildi. Məktəb həm doğulduğumuz yerə sadiq qalmağı, vətənə, ana torpağa bağlılığı, kəndi unutmamağı öyrədirdi. Bu günkü gün o hisslər bizim ora bağlılığımızı sübut edir. Unutmuruq, vətəni sevirik. Bir sözlə, yaxşı formalaşmışıq. Məktəbimizin danılmaz əməyi var. Ailədə belə valideynlərimizə, yaxınlarımıza necə hörmət etməyimizi də belə məktəbimiz öyrədib...”
Cəmilə İsmayıl qızı Elləzova məktəbin təşkil etdiyi dərnəklərin şagirdlərin və yeniyetmələrin yetişməsində rolunu bu şəkildə qiymətləndirir: “ Evdarlıq dərnəklərində qızlar müxtəlif yeməkləri bişirməyi öyrənərdi. Eləcə də müxtəlif paltarları tikməyi, biçməyi öyrənərdi. Dərnəyin rəhbəri də bir müddət üçün anam İsmayılova Leyli müəllimə idi. Dərnəyin aparıcı üzvləri arasında müxtəlif yarışlar keçirilərdi, müsabiqələr təşkil olunardı. Əl işlərindən ibarət sərgilər təşkil edilərdi. Qabaqcıllar komsomol yığıncaqlarında və direktor tərəfindən müxətlif tərifnamələrlə təltif olunardı. Qabaqcılların adları çəkilərdi. Məktəbin davamiyyətinə görə, yaxşı və pis oxuyanların seçilməsinə, adlarının hallanmasına görə ayda bir dəfə komsoml yığıncağı keçirilərdi. 8-10-cu siniflərin fəal şagirdləri tərəfindən komsomol təşkilatları formalaşardı. Şagirdlərin bütün məsələlər üzrə fəaliyyəti ayda bir dəfə komsomol yığıncaqlarında müzakirə olunardı. Təşəkkürlər və tənbehlər elan olunardı”. Məktəb şagirdləri, yeniyetmə və gəncləri etik və estetik ruhda da böyüdürdü. Təmizlik, mənəvi saflıq tərənnüm olunurdu. Məktəb yeniyetmə və gəncləri paklığa, estetikaya səsləyirdi. Aləmin gözəlliyi, insan gözəlliyinin və insan əməllərinin estetik məzmunu ilə bağlı mühüm işlər görülərdi. Zəngin gənclik həyatı məktəbin baza, rəhbər ideyaları sırasında yer alırdı. Bu baxımdan Cəmilə Eyvazova öz fikrini bu şəkildə qeyd edir: “Kəndimizin ayağında, dəmiryolunun kənarında, axar çay sahilində Cala (Cələ) deyilən ağaclıq ərazi, kolxozumuzun meyvəçilik bağı var idi. Orada qəşəng güllər, çiçəklər bitərdi. Yasəmən gülləri bitərdi. Məktəb buraxılışlarında gedib oradan güllər, çiçəklər gətirərdik. Müəllimlərin çıxış etdikləri masaları güllərlə, çiçəklərlə-yasəmən gülü, nərgiz gülü çiçəyi, ayran gülü və s. ilə bəzəyərdik. Bayram günlərində, tətillərdə istirahət etmək, əylənmək üçün özümüzlə azuqə götürüb həmin Cələyə gedərdik. Mənzərə çox gözəl idi. Otlar dizə qədər çıxırdı. Yazda ağaclar çiçək açırdı... O vaxt yaxşı səsi olan yeniyetmə və gənclərimiz var idi. Nəbi kişinin qızları olan Həsənova Sofiya və Həsənova Asiya bacıları, qardaşım Şahin İsmayılov və Şamxal kimi dram dərnəyinin aparıcıları var idilər. Əsli “Arşın mal alanda “Gülcöhrə” rolunu, Şahin “O olmasın, bu olsun” da “Məşədi İbad” rolunu məharətlə ifa edirdilər. Tamaşaçıların alqışları ilə qarşılanırdılar. Digər gənclərimiz də yaxşı rollar ifadə edirdilər. Qurbanova Fatma həm dram dərnəyində, həm də musiqi dərnəyində yaxından iştirak edirdi”. Cəmilə Elləzovanın dediklərindən belə qənaətə gəlinir ki, məktəb ədəbiyyat və incəsənət sahəsində gənclərin yetişməsində əvəzsiz rol oynayır, onların zövqlərini incələşdirirdi. İctimai və ədəbi baxışlarını zənginləşdirirdi. Həyata açıq, analitik, yaxşını və pisi dəyərləndirən baxışlarını formalaşdırırdı. Açıq ünsiyyət, səmimi münasibət, yaxınlıq amillərini tərənnüm edirdi. Bu da özlüyündə gənclik potensialını formalaşdırır, onların ruhən təmizlənməsinə, paklanmasına xidmət edirdi.
1953-cü ildə Arçut kəndində dünyaya gəlmiş və kəndin orta məktəbini 1970-ci ildə bitirmiş, ali təhsilli azərbaycan dili və ədəbiyyat müəllimi Gülşən Məhəmməd qızı Yolçuyeva uşaq, yeniyetmə və gənclərin tərbiyəsində orta məktəbin rolunu bu şəkildə izah edir: “Uşaqların, yeniyetmələrin və gənclərin bir vətəndaş kimi yetişməsində məktəbin, təhsil ocaqlarının çox böyük rolu vardır. Yaxşı bilirik ki, məktəb elm ocağıdır. Məktəb millətin müdriklik ocağı, xalqın mənəvi beşiyidir. Məktəb millətin bu günü, sabahı və gələcəyidir. Mübaliğəsiz demək istəyirəm ki, peşəkarlığın, elmin, biliyin, savadın, intellektin əsası məhz məktəbdə qoyulur. Məktəbdə verilən təhsil insanın həyatında, ələlxüsus da uşaqların və gənclərin həyatında həlledici rol oynayır. Bu elm ocağına qədəm qoyan hər bir kəs burada təkcə oxumağı yox, yüksək mədəniyyətə malik olmağı, qurub-yaratmağı, vətəni sevməyi, el-obaya bağlılığı öyrənir. Hər kəs öz həyat yolu ilə məktəbin insan həyatında nə qədər böyük rolu olduğunu yaxşı bilir və yüksək dəyərləndirir. Bu işdə onlara istiqamət verən, doğru yol göstərən şübhəsiz ki, müəllimlərdir. Müəllimlik peşəsi şərəfli, şərəfli olduğu qədər də çətin peşədir. Mən özüm də müəlliməm. Müəllim ailəsində dünyaya göz açmışam. Bu səviyyəyə gəlib çatmağımda ilk öncə atamın, sonra məktəbin və müəllimlərin çox böyük zəhmətləri, əziyyətləri olub. Mən bunu yaxşı bilirəm. Buna görə də atama, məktəb və müəllimlərimə borcluyam. Müəllim yalnız dərs deyən, bir-iki saat sinif otaqlarında uşaqlar və şagirdlərlə təmasda olan bir şəxs, adi bir tərbiyçi deyil. O, uşaqlıq və gənclik arasında körpü yaradan, öz şəxsiyyəti ilə nümunə göstərən, sabahın qurucularını hazırlayan, millətin gələcəyi üçün böyük məsuliyyət daşıyan bir varlıqdır. Hamımız yaxşı bilirk ki, 1960- cı illərdən sonra məktəbimiz- Mirzə Fətəli Axundov adına Arçut kənd orta məktəbi, rayonda ən qabaqcıl məktəblərdən biri kimi tanınırdı. Həmin dövrlərdə məktəbə Əliyev Məhəmməd Abbas oğlu rəhbərlik edirdi. Daha doğrusu, məktəbin direktoru Məhəmməd müəllim idi. Məhəmməd müəllim öz savadı, tələbkarlığı, təşkilatçılıq bacarığı, qabiliyyəti ilə, sözün əsl mənasında o regionda böyük nüfuz qazanmışdı. Göründüyü kimi, insan zəhməti, peşəkarlığı ilə qəlblərə hakim kəsilir, geniş xalq kütləsinin hörmətini qazanır, hər yerdə, hər zaman adı ehtiramla, məhəbbətlə çəkilir. Onun müqəddəs işindən, əməllərindən yüksək səviyyədə söhbət açılır. Onun müqəddəs işindən, əməllərindən yüksək səviyyədə söhbət açılır. Dahi Nizmai Gəncəvinin təbirincə desək:
İnsan yem dalınca qaçmasın gərək,
Quşdan ayıq olsun, zirəkdən-zirək.
Çalış öz xalqının işinə yara,
Geysin əməlinlə dünya zərxara
Məktəbimiz rayonda ona görə qabaqcıl məktəblərdən idi ki, bu, məktəbimizdə nizam-intizamın, təlim-tərbiyənin təşkil olunmasının, ayrı-ayrı fənlər üzrə dərs deyən savadlı və peşəkar müəllimlərin gərgin əməyinin nəticəsi idi. Məktəbimizin şüarı: “Qabaqcıl olaq” idi. Məktəbimizdə şagirdlərin elmə olan marağını daha da yüksəltmək məqsədi ilə ayrı-ayrı fənlər üzrə dərnəklər yaradılmışdı. Bunlardan bir neçəsini xatırlatmaq yerinə düşərdi: ədəbiyyat dərnəyi, riyaziyyat dərnəyi, musiqi dərnəyi (dram), idman dərnəyi və s. Mən xüsusilə qeyd etmək istəyirəm ki, cəmiyyətin inkişafında uşaqların yeniyetmə və gənclərin layiqli bir vətənpərvər kimi yetişməsində, gənc nəslin yüksək bir şəxsiyyət kimi formalaşmasında məktəblərdə yaradılmış (o dövrdə) oktyabryat, pioner və komsomol təşkilatlarının çox böyük rolu vardır. Belə ki, uşaqaların və gənclərin zərərli vərdişlərdən, bekarçılıqdan xilas etmək üçün bu təşkilatların olmasının olduqca böyük əhəmiyyəti vardır. Sonda bir müəllim kimi bu fikri bildirmək istəyirəm. –Biz də Vətənimizin azadlığı və suverenliyi uğrunda mübarizəyə həmişə hazır olmalıyıq. Vətənimiz Azərbaycanın çiçəklənməsi yolunda əlimizdən gələn köməkliyi əsirgəməməliyik!”
Arçut kəndinin sakini olmuş Cəmilə İsmayıl qızı Elləzova məktəbin şagird və tələbə həyatında oynadığı rola dair əvvəlcə qeyd olunan fikirlərə əlavə olaraq bu fikirləri də bildirir: “Məktəbimizdə dərslər 6-7 saat keçirilərdi. 7 saatlar yuxarı sınıflər üçün idi. Məktəbimizdə dərslərdən sonra şagirdlərin əylənməsi və istirahətləri üçün müxtəlif fənn dərnəkləri təşkil olunmuşdu. İdman dərnəyi, əmək dərnəyi, musiqi dərnəyi, dram dərnəyi, rəssamlıq dərnəyi və s. fəaliyyət göstərirdi. Məktəbin idman meydançası var idi. Şagirdlər dərsdən sonra gedib futbol, voleybol kimi oyunlar oynayardılar. Siniflər arasında idman yarışları keçirilərdi. Yarışda qalıb gələn siniflər başqa kəndlərin oyunçuları ilə yarışırdılar. Kolxozun böyük idman meydançası var idi. Kənd uşaqlarındasn ibarət komandalar təşkil olunurdu. Rayonun kəndləri arasında yarışlar keçirilirdi. Yaxşı yadımdadır, yaxşı futbol və voleybol oynayan oğlanlar: Məmişov Arif, Budaqov Valeh və Budaqov Yaqub, Məcid Qəhrəman oğlu, Abdulla Ziyəddin oğlu və başqalar var idilər. İdman dərnəklərində şahmat yarışları da keçirilirdi. Şagirdlər şahmat və şaşki oynayırdılar. Yer tutanlar rayon üzrə yarışlara qatılırdılar. Şahmat üzrə yarışda mən yer tutandan sonra rayon üzrə (Meğrutda, keçmiş zamankı Yaqubluda) yarışlara da qatıldım və birinci yeri tutdum. Bundan əlavə, məktəbin tədris sahələri var idi. Qızlar təsərrüfatda ayrı işlər, oğlanlar da ayrı işlər görərdilər. Tərəvəzlər becərilirdi. Qəşəng tərəvəzlər yetişirdi. Bol məhsul götürülürdü. Məhsul satılaraq əldə edilən vəsait məktəbin fonduna köçürülürdü. Tarlanın rəhbəri mənim atam İsmayılov İsmayıl müəllim idi. O, uzun müddət işlədi. Sonra rəhbərlik Çəltikov İsrafil müəllimə verildi. Dram dərnəyinə bir müddət atam rəhbərlik edirdi. Məktəbin istedadlı gənclərindən ibarət dərnəklər təşkil olunurdu. Kəndin klubunda müxtəlif tamaşalar təşkil edilirdi. Klub ağzına kimi tamaşaçılarla dolurdu. Tamaşa və konsertlər gurultulu alqışlarla qarşılanırdı. Tamaşaçılar aktyorları buraxmaq istəmirdilər. Təkrar izləmək istəyirdilər. Atam da saz çalardı, mahnılar ifa edirdi. Tamaşalardan “Arşın mal alan”, “O olmasın, bu olsun” çox uğurlu alınırdı. Kəndimizin dram dərnəyi başqa kəndlərə də qastrol səfərərinə gedirdilər. Tamaşalar göstərir, konsertlər verirdilər. O kəndlərdə də klublar tamaşaçılarla dolurdu. Afişalar qabaqcadan göndərilərdi. Mən özüm də balaca idim. Müxtəlif mahnılar oxuyardıq. Məsələn, biz Saral, Qursalı və İlməzdi və digər kəndlərdə tamaşa və konsertlər verirdik. Kəndlimiz Arifə Məmişovanın çox məlahətli səsi var idi. Tamaşaçılar ona çoxlu mahnılar oxutdururdular. Mahnıları bitdikdən sonra təkrar-təkrar onu səhnəyə qaytarıb oxutdururdular”.
1960-cı illərdə kənddə gənclərin yeni-yeni ixtisaslara yiyələnmək üçün axını güclənmişdi. Tibbi ixtisas almaq da bir dəb və şərəf idi. Bu baxımdan 1940-cı ildə kənddə dünyaya gəlmiş Məmmədov Məhəmməd Yusif oğlu,- mətbuatın yazdığına görə, -1959-cu ildə orta məktəbi fərqlənmə ilə bitirdiyinə görə gümüş medal almış və Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur. Bununla da ali səviyyədə ilk rasional tibbi təhsil alan tələbə olmuşdur. O, kəndin gəncləri arasında ilk həkim və ilk medalçı (gümüş medala layiq görülmüşdür) olaraq başqaları üçün nümunə və örnək olmuşdur. Öz arxasınca çoxlu sayda həkimlərin yetişməsində böyük rol oynamışdır. Öz təsirini göstərmişdir. Ənənənin davamı olaraq kənd orta məktəbini qızıl medalla bitirmiş 1951-ci il təvəllüdlü Qurbanov Sədi Məhərrəm oğlu ali təhsilli həkim kimi yetişmişdir. Arçut kənd sakini olmuş və ali təhsilli həkim Şükür Alxan oğlu Əliyev Məhəmməd həkimi bu şəkildə xarakterizə edir: “Məhəmməd həkim kəndimizin ilk ali təhsilli həkimi idi. İlk ziyalılarımızdan biri idi. Hamımızın fəxri olub. Bizim həkim kimi yetişməyimizdə onun əməyi və təsiri böyükdür. Kəndlimiz Fikrət həkimə, böyük qardaşım İbrahim həkimə, mənə və digərlərinə yol göstərən, can yandıran bir el oğlu idi. Böyük qardaşım Bakıya qəbul imtahanına gedəndə onu qarşılamış, yön vermiş öz köməkliyini göstərmişdir. Ali məktəbi bitirdikdən sonra qardaşım İbrahimin və bacım, tibb bacısı Zəkiyyənin tibbi xidmətdə işlə təmin olunmasına da öz köməkliyini göstərdi. Çox alicənab, mülayim, sakit təbiətli insan idi. Ən əsası çox yaxşı, xeyirxah bir şəxs idi”.
Arçut gəncliyi XX əsrdə rəhbərlik, liderlik məsuliyyətini də öz üzərinə götürmüşdü. Gənc liderlər öz arxaları ilə digər gəncləri aparır, onları doğru-düzgün yola səsləyirdi. Əməyə, zəhmətə qatılmaq, faydalar vermək, cəmiyyətin aktiv üzvünə çevrilmək başlıca şüarlar idi. Gənclərin yetişməsində nəsli davamçılar, irsi davamçılar prinsipləri mühüm şərt idi. Liderliyə görə gənclər fəxr edirdilər.
1960-cı ildə Arçutda dünyaya gəlmiş və 1967-1977-ci ildə həmin kəndin orta məktəbində təhsil almış, ali təhsilli memar Şakir İbrahimxəlil oğlu Məmmədov XX əsrin 70-80-ci illərində uşaqların, yeniyetmə və gənclərin tərbiyəsində və inkişafında Arçut kənd orta məktəbinin rolunu yüksək qiymətləndirir və bu kimi fikirlər bildirir: “Arçut məktəbində təhsil uğurlarının artan silsiləsi belə idi. Məktəbdə təhsil keyfiyyəti yüksəldikcə artıq qızıl və gümüş medallı, əla qiymətlərlə məktəbi bitirən gənclərin sayı artmağa başladı. O zamanlar belə nəticələr təkcə bir ailənin deyil, bütün Arçut elinin sevincinə çevrildi. Buraxılış imtahanları və ali məktəblərə qəbul nəticələri kənd üçün böyük bir hadisə idi. Qəbul siyahıları açıqlanan gün evdən-evə yayılan “filankəs instituta düşüb!” xəbəri hamını fərəhləndirər, bütün kəndin ocağında eyni sevinc közərərdi. Hər bir uğurlu məzunun arxasında isə fədakar müəllimlərin misilsiz əməyinin izləri vardı. Onların biliklə, tələbkarlıqla və ata-ana qayğısı ilə hazırladığı yüzlərlə gənc sonradan müxtəlif sahələrdə öz sözünü dedi, Arçut məktəbinin adını daha da yüksəkliklərə qaldırdı.
Arçut məktəbi tarixində qızıl və gümüş medallı, əla qiymətlərlə məktəbi bitirən gənclər bunlardan ibarətdir:
Gümüş medalçılar:
-Məmmədov Məhəmməd Yusif oğlu-10 noyabr 1940-cı il doğumludur.
-Yolçuyev Bəhmən Bəxtiyar oğlu-8 noyabr 1946-cı il doğumludur.
-İsmayılov İmdad Məmməd oğlu-29 noyabr 1950-ci il doğumludur.
Qızıl medalçılar:
-Əliyev İlham Məhəmməd oğlu-17 iyun 1951-ci il doğumludur;
-Qurbanov Sədi Məhərrəm oğlu-2 iyun 1951-ci il təvəllüdlüdür;
-Binnətova Sevinc Şəmistan qızı-15 may 1963-cü il təvəllüdlüdür”.
Məktəbin bir məbəd kimi yeniyetmə və gənclərin tərbiyəsində rolu danılmazdır və bütün məzunlar, hətta bu məbədi yarımçıq bitirənlər də məktəb haqqında yüksək fikirdədirlər.
Məktəbdə şagirdlərin, yeniyetmələrin yetişmələri üçün bu kimi taktiki addımlar atılırdı və məsuliyyətli tələblər qoyulurdu:
-nizamlı davamiyyət vərdişlərini təqdim etmək;
-partada oturuş və lövhə önündə duruş qaydalarına əməl etmək;
-böyüklərə və müəllimlərə düzgün müraciət formasını işlətmək;
-şagird yoldaşları ilə mehriban və səmimi olmaq. Zəiflərə yardım etmək;
-kitablarla, dəftər və jurnallarla səliqəli davranmaq, onları cırmamaq, yazılarını və vərəqlərini korlamamaq;
-əla biliyə malik olanların zəif şagirdlərə kömək göstərilməsinin təmin edilməsi;
-axşam vaxtında yatmaq və səhər tezdən yuxudan tez oyanmaq. Məktəbə gəlməzdən öncə dərsi təkrarlamaq;
-düzgün, normada və zamanında qidalanmaq, qida rasionuna məxsusi fikir vermək;
-məktəb dərslərindən sonra istirahəti təmin etmək, açıq havada olmaq. Təsətrrüfatda fiziki əməklə məşğul olmaq, valideynlərə kömək göstərmək;
-səhər-səhər dərs kitablarını və ləvazimatlarını səliqə ilə məktəb çantasına yığışdırmaq;
-yazı xəttinə fikir vermək, aydın, səliqəli və şəffaf yazmaq (Qeyd: əl ilə gözəl yazmaq uğrunda sözün əsl mənasında yarışlar təşkil olunurdu. “Filankəs dəftərə yazını muncuq kimi düzür” ifadəsi tez-tez işlənirdi. Hamı gözəl əl xəttinə can atırdı. Çox gözəl yazı xətti olanlar içərisində 1948-ci il təvəllüdlü Misir Əli oğlu Nəsibovun da adı çəkilirdi);
-əyin-başı səliqəli saxlamaq, məktəbli formasını təmiz halda geyinmək;
-oktyabryat döş nişanlarını taxmaq;
-pioner qalstuklarını səliqəli saxlamaq və geyinmək;
-komsomol biletini hörmətli hesab etmək;
-dərsdə özünü sakit aparmaq, dərsə qulaq asmaq, müəllimi diqqətlə dinləmək;
-sinif otağında və koridorlarda səssiz olmaq;
-dərsə davamiyyətə ciddi fikir vermək;
- üzrsüz səbəbdən vaxtından əvvəl dərsi buraxmamaq;
-lövhə qarşısına çıxmaq və dərsi ətraflı danışmaq;
-lövhədə ətraflı və izahlı yazmaq;
-sinif otaqlarını səliqəli və səhmanlı saxlamaq, otaqları gül-çiçəklə bəzəmək;
-məktəb tədbirlərində aktiv iştirak etmək;
-ədəbiyyat və musiqi dərnəklərində yaxından iştirak etmək;
-dərsə gündəlik hazırlaşmaq və hazırcavab olmaq;
-sinifdənxaric oxulara ciddi fikir vermək;
-məktəb yoldaşlarına yaxından kömək etmək;
-bilmədiklərini müəllimlərdən öyrənmək və bu məsələdə utanmamaq və çəkinməmək;
-müəllimə çoxlu suallar vermək və cavablar almaq;
-məktəbin qədrini bilmək, müəllimlərə hörmətlə yanaşmaq;
-məktəb şüarlarına hörmətlə yanaşmaq;
-bilik yarışmalarında yaxından iştirak etmək;
-bildiyini ifadə etmək üçün utanmamaq, çəkinməmək;
-cəmiyyətə açıq və aydın təfəkkürlə baxan evladlar yetişdirmək və s.
Məktəb tərəfindən şagirdlərin həvəsləndirilməsi üçün müəyyən tədbirlər həyata keçirilirdi:
-əlaçı şagirdlərə fəxri fərmanlar verilirdi;
-olimpiadada qalib gələnlərə mükafatlar verilirdi;
-əlaçı şagirdlərin valideynlərinə və digər qohumlarına təşəkkürlər bildirilirdi;
-əla oxuyan şagirdlər nümunə kimi göstərilirdi və onlar digər siniflərdə təbliğ olunurdu. Əla oxuyanlar hətta digər siniflərdə dərsi danışmağa dəvət olunurdular. Suallaşma həyata keçirilirdi. Qalib gələnlərin adları bütün kəndə yayılırdı;
-əla oxuyan şagirdlər bəzi hallarda müəllimləri də əvəzləyirdilər. Onlar dərs deməyə cəlb olunurdular. Onlarda müəllimlik qabiliyyəti formalaşdırılırdı;
-əla oxuyan şagirdlər digər şagirdlərin dəftərlərini, yazılarını yoxlamağa dəvət olunurdular;
-əlaçı və zərbəçi şagirdlərə qızıl və gümüş medallar verilirdi;
-əlaçı şagirdlərin şəkilləri şərəf lövhələrindən asılırdı;
-şagirdlər üçün ekskursiyalar təşkil edilirdi;
-rayon və kənd məktəbləri arasında idman yarışları təşkil olunurdu;
-şagirdlər üçün müxtəlif fesitivallar təşkil edilirdi;
-təsərrüfata, əməyə, zəhmətə sevgi hissləri aşılanırdı və s.
Qeyd: Bakıda, Yerevanda və digər yerlərdə ali və orta ixtisas məktəbini bitirib kəndə qayıdan və məktəbdə işləyən müəllimlər dəyərləri özləri ilə daşıyıb gətirirdilər.
Arçutda gənclər inkişaf məqsədilə özləri üçün bu kimi tezisləri qarşılarına məqsəd qoyurdular:
-hansı peşə daha yaxşdır və bu peşədə özünü necə təsdiq etmək olar;
-uşaqlıqdan həvəs nəyə olub və istiqamətlər hansılardır;
-hansı texniki peşələrə yiyələnmək lazımdır;
-ixtisas seçimini elə etmək lazımdır ki, kəndə, elə-obaya fayda gətirsin;
-yüksək ad-san qazandıran peşələr hansılardır;
-şəhərlə kənd arasında bağlayıcı peşələr hansılardır;
-əcnəbi dilləri öyrənməyin faydaları necədir və rus dilini və əcnəbi dil kimi alman dilini mükəmməl öyrənmək bir şərtdir;
-musiqinin sahələrini öyrənmək şərtdir.
Elşən Nəsibov (Elşən Ardıc)
Siyasətşünas-alim, yazıçı-publisit. “ARDIC” Hərəkatının təsisçisi və məsul katibi. Qərbi Azərbaycan İcmasının üzvü