Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də bütövlükdə ölkəyə tətbiq oluna bilər. Çünki bu da operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur.
NOCOMMENT.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Ümumi inkişafımız üçün hər bir insanın, xüsusilə vəzifə sahibinin ürəklə işləməli olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Xüsusilə belə möhtəşəm və tarixi Zəfərdən sonra cəmiyyətdə indi bu qədər xoş əhvali-ruhiyyə var. Biz hamımız son beş ili, necə deyərlər, qürurlu, xoşbəxt insanlar kimi yaşayırıq. Ona görə biz hamımız cəmiyyətdə olan problemlərə, kadrlarla bağlı məmur özbaşınalığına daha dözülməz olmalıyıq, mən başda olmaqla, hamımız daha dözülməz olmalıyıq”.
Bu kontekstdə sual yaranır: Ən çox vətəndaş narazılığına səbəb olan icra hakimiyyəti strukturlarının ləğvi və ya səlahiyyətlərinin ciddi şəkildə məhdudlaşdırılması mümkündürmü? Qarabağ və Şərqi Zəngəzur modeli gələcəkdə icra hakimiyyətlərini əvəz edə bilərmi?
Afsəddin Nəbiyev
Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan AMİP sədrinin müavini, politoloq Afsəddin Nəbiyev bildirib ki, İcra Hakimiyyətlərinin ləğvi çoxdandır cəmiyyətdə müzakirə olunan məsələlər sırasındadır:
“Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurda tətbiq etdiyi Xüsusi Nümayəndəlik institutu, mahiyyət etibarilə ənənəvi idarəetmədən daha müasir, çevik və nəticəyə yönümlü bir model kimi özünü doğruldur. Bu məsələ həm ekspertlər, həm də cəmiyyət tərəfindən idarəetmə islahatlarının “laboratoriyası” kimi izah olunur”.
Politoloq qeyd edib ki, hazırda bu strateji hədəf kimi günümüzün reallığına çevrilir:
“Qarabağda tətbiq olunan model şaquli idarəetmənin daha effektiv formasıdır. Bu modeldə qərarvermə zənciri qısadır. Rayon İcra Hakimiyyətlərindəki çoxşaxəli, bəzən isə bir-birini təkrarlayan bürokratik aparat burada yoxdur. Gələcəkdə bir neçə rayonun vahid regional mərkəzdən (məsələn, iqtisadi rayonlar üzrə) idarə olunması, hər kiçik rayonda böyük bir icra aparatı saxlamaq ehtiyacını aradan qaldıra bilər.İcra Hakimiyyətlərinin ləğvi birdən-birə deyil, təkamül yolu ilə baş verə bilər. Bu prosesdə iki əsas istiqamət önə çıxır. Səlahiyyətlərin ötürülməsi müasir dövrümüzdə texnoloji inkişafla ayaqlaşan bir prosesdir.Bir çox xidmətlərin (kommunal, sosial, sənədləşmə) artıq ASAN xidmət, DOST mərkəzləri və rəqəmsal hökumət tərəfindən həyata keçirilməsi icra hakimiyyətlərinin funksionallığını onsuz da azaldıb”.
Afsəddin Nəbiyev qeyd edib ki, bələdiyyələri gücləndirməklə də bu istiqamətdə müsbət dönüş əldə etmək mümkündür:
“İslahatların növbəti mərhələsində yerli əhəmiyyətli məsələlərin (yolların təmiri, işıqlandırma, məişət tullantıları) icra hakimiyyətlərindən alınıb, seçkili orqan olan bələdiyyələrə verilməsi ciddi irəliləyişlərə səbəb olan amillər sırasındadır. Əgər bu model ölkə miqyasına keçsə, aşağıdakı müsbət dəyişikliklər gözlənilir.İslahatların qarşısındakı əsas çağırış
Prezidentin vurğuladığı “məmur özbaşınalığına dözümsüzlük” mesajı göstərir ki, struktur islahatları ilə yanaşı, kadr islahatları da həlledicidir. Yeni model yalnız “az məmur” demək deyil, həm də “yeni təfəkkürlü məmur” deməkdir.
Qarabağda çalışan kadrların müasir menecer bacarıqlarına malik olması bu modelin uğur qazanmasının əsas səbəbidir. Qarabağ və Şərqi Zəngəzur modeli əslində dövlətin vətəndaşla birbaşa, maneəsiz və şəffaf təması üçün qurulan yeni bir körpüdür. Bu modelin ölkə üzrə yayılması, ənənəvi icra hakimiyyəti sisteminin tədricən tarixə qovuşması və daha demokratik, çevik yerli özünüidarəetmənin formalaşması deməkdir”.