Arçutlu (Ardıclı) gənclərin inkişaf konsepsiyası
Altıncı yazı
1960-1980-ci illərin Arçut gəncliyinin əsas xüsusiyyətləri- o dövrkü gənclərin təqdimatında. İnkişafı şərtləndirən avanqard və rəhbər ideyalar
(mövqelərin, baxışların, tezislərin, qarşıya qoyulan məqsəd və vəzifələrin, bu baxımdan inkişaf konsepsiyasının əsas prinsiplərinin xatırlanması prizmasından yanaşma)
1960-1988-ci illərdə Arçut kəndində sözün həqiqi mənasında inqilabi bir bum yaşanıb. Mahiyyətcə mədəni inqilab baş verib. Yeni axarlar və cərəyanlar, dəyişiklər yaradan islahatlar formalaşıb. Köklü dəyişikliklər şüurlarda və əməllərdə gerçəkləşib. Bu inqilab əsasən təhsilin, maarifçiliyin inkişafı və bu baxımdan da geniş yayılması, əhatələnməsi ilə əlaqəli olub. Ədəbiyyat, mədəniyyət, incəsnət düşüncələrdə həlledici dəyişikliklər yaradıb. İnsanlar rasional həyata qədəm qoya biliblər. Köhnəliklərlə barışmayaraq, yeniliklər üzərində həyatlarını kökləyiblər, nizama salıblar, rasional axarlara yönləndiriblər. Rasional və müasir sistemli həyat özünü təsərrüfat sahələrində, mədəniyyətdə, məişətdə göstərib. Yeniyetmə və gənclər yaradıcılığa və quruculuğa həvəsləndirilib. Təsərrüfata yeni münasibət formaları və üsulları meydana gəlib. Təsərrüfatdan daha çox gəlir əldə etmək bir şərt olub. İnkişafın bazasında yeniliklər amili qərarlaşıb. Yeniliklər gənclərin bitkin şəxsiyyət kimi yetişməsinə rəvac verib.
Bütün yeniliklərin kökündə isə müasirliyə meyilli olmaq, maarifçilik, bilik qazanmaq amili dayanıb. Kəndin gəncləri qəzet və jurnallarla, radio və televiziya ilə savadlanıblar. Onlar imzaları ilə qəzetlərə yazılar da təqdim ediblər. Bu yolla da şagirdlərin, yeniyetmə və gənclərin istedad və qabiliyyətləri, bilik və bacarıqları üzərə çıxarılıb. Bu yöndə 1969-cu ildə Arçut kəndində dünyaya gəlmiş, orta məktəbi kənddə bitirmiş və 1990-2000-ci illərdə Azərbaycanda Arçut gəncliyinin parlaq nümayəndlərindən biri olmuş, aktiv siyasətçi, filoloq, jurnalist və siyasətşünas Əli Məhəmmədəli oğlu Orucov hələ orta məktəbin VII sinif şagirdi olarkən dövri mətbuatda ilk yazısını təqdim etmiş və “Azərbaycan pioneri” qəzetinin 11 mart 1983-cü il tarixində dərc olunmuşdur. “Uğurla çıxış etmişlər”, başlıqlı yazıda qeyd edilirdi: “Rayon birinciliyi uğrunda şahmat yarışları yenicə başa çatmışdır. Məktəbimizin nümayəndələri Abuzər və Arzuman Qazıyevlər yarışlarda uğurla çıxış etmişlər. Abuzər üç oyunda qələbə qazanmış, lakin sonuncu turda gözlənilmədən məğlub olmuşdur. Abuzər və Arzuman müvafiq olaraq üçüncü və dördüncü yerləri bölüşdürmüşlər”. Bəli, yazıdan da görünür ki, Arçut yeniyetmə və gəncləri fiziki idmanla yanaşı, zehni idman yarışlarında da uğurla çıxış edirdilər. Həmin dövrün parlaq simalı gənclərindən biri olan və 1967-ci il təvəllüdlü Abuzər Yusif oğlu Qazıyev hal-hazırda onkologiya sahəsində tibb elmləri doktoru, professordur. Azərbaycan Respublikasının əməkdar müəllimidir. Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvüdür.
1979-cu ildə Arçutda dünyaya gəlmiş, hal-hazırda Bakı şəhərində yaşayan, 1990-2000-ci illərdə mühacirətdə, qaçqınlıqda olan kəndin fəal gənclərindən olmuş və bu gün də aktiv ictimai fəaliyyəti ilə seçilən, “ARDIC” Hərəkatının təsisçilərindən və fəal üzvlərindən biri, Hərəkat Sədrinin müavini və Qərbi Azərbaycan İcmasının üzvü, Arçut İcmasının fəallarından biri Kamil Alı oğlu Məmmədovun gəncliklə bağlı fikirləri diqqəti çəkir. O, vurğulayır: “ Mən Arçut gənci olaraq, öz üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışmışam. Orta məktəbə doğma kəndimdə getmişəm. Sonra Azərbaycanda davam elətdirmişəm. Orta məktəbi yaxşı oxumuşam, ali məktəb bitirmişəm. Bir müddət işlə əlaqədar olaraq, məlum səbəblərə görə Rusiyada olmuşam. Sonra Vətənə qayıtmışam. Mən daim ictimai fəaliyyətlə məşğul olmuşam, elimin-obamın içində qərarlaşmışam. Adət-ənənəmə bağlı olmuşam. 2020-ci ildə 44 günlük qələbədən sonra, nailiyyətlərdən ruhlanaraq daha da fəallaşmışam. Kəndimizin camaatının bir yerə toplaşmasında canfəşanlıq göstərmişəm. Hamılıqla birləşmək üçün ilk ideya vermişəm. Kəndimizin camaatının Qarabağda məskunlaşması üçün və orada Ardıc adında kənd salmaq məqsədilə, yenidən bir arada olmaq həvəsi ilə, ilk dəfə köç ideyasını irəli sürmüşəm. Mən öz elimi-obamı çox sevirəm. Fəxr edirəm ki, Arçut camaatını icma olaraq bir yerə yığa bilmişəm. Qürur duyuram ki, kəndimiz yasda, xeyir məclislərində bir yerdə olur. Dərdimiz-sərimiz birdir. Vatsap qrupunun yaranmasında əməyim var. Buna çox sevinirəm. Qaldı ki, gənclərə tövsiyəm, məsləhətim nədir? Tövsiyələrim odur ki, öz keçmişlərini, dədə-babalarını yaddan çıxartmasınlar. Allahın köməkliyi ilə, ilk növbədə öz kəndimizə qayıtmalıyıq. Alınmasa, Qarabağda bir el kimi məskunlaşarıq. Bu, mənim arzumdur. Gənclərimiz heç zaman o dədə-baba torpaqlarını unutmamalıdırlar. O torpaqlar tarixən bizimdir. İtirə-itirə gəlmişik. İrəvanı da həmçinin. Gənclər tariximizi qətiyyən unutmasınlar. Tövsiyyəm odur ki, gənclər çalışsınlar öz kəndimizdən ailə qursunlar. Oğlanlar öz kəndimizdən qızlar alsınlar, qızlar öz kəndlilərimizə ərə getsinlər. İrsimiz itməsin!
XX əsrin 60-80-ci illərində kəndin təhsil, mədəniyyət və təsərrüfat həyatı Ermənistanın yerli və mərkəzi mətbuat orqanlarının da diqqət mərkəzində olub. Ermənistan SSR Maarif Nazirliyi məktəblər idarəsinin müfəttişi Nurəddin İbrahimov “Sovet Ermənistanı” qəzetinin 1959-cu il 29 iyul tarixli sayında Arçut gəncliyinin o zamankı inkişaf xüsusiyyətləri ilə bağlı çox maraqlı bir yazı ilə çıxış edib. O, “ Medala təqdim olunan yazı işlərinin nəticələri nə göstərdi” başlıqlı məqaləsində qeyd edirdi: “...Qızıl və gümüş medal almaq üçün respublikamızın azərbaycanlı məktəblərindən də Maarif Nazirliyinə təqdim olunmuş yazı işləri göstərdi ki, bir çox məktəblərdə şagirdlərin savadlı və düzgün yazmalarına fikir verilmişdir. Kirovakan rayonundakı Arcut kənd orta məktəbinin məzunu Məmməd Məmmədov “C. Cabbarlının “Almaz” pyesində Almaz və Mirzə Səməndər surətlərinin müqayisəli xarakteristikası” mövzusunda inşa yazmışdır. O, gənc sovet müəlliminin simasını reallığı ilə yazıda əks etdirmişdir. İmtahan komissiyası onun yazı işinə haqlı olaraq “5” qiymət vermişdir. Maarif Nazirliyində ikinci dəfə M.Məmmədovun yazı işi yoxlanan zaman heç bir qüsur tapılmamışdır. Onun yazı işi gümüş medala layiq görülmüşdür”.
1960-80-ci illərdə Arçut gəncliyi yüksək inkişaf tempi ilə addımlamışdır. 1941-ci il təvəllüdlü kənd müəllimi və kənddə dünyaya gəlmiş Hacı Çəltikov gənclərin musiqiyə olan həvəsini qeyd edirdi. Onun fikrincə, məktəbdəki musiqi dərnəklərini təşkil edənlərdən biri də o olmuşdur. Əsasən, gənclər musiqi alətləri içərisində tara, qarmona üstünlük verirdilər. Hacı müəllimin özü gənc yaşlarından erməni, gürcü və rus dillərini öyrənmişdi. Ali məktəbə qəbul olunana qədər O, bir neçə il Gürcüstanda fəhləlik etmiş və gürcü dilini də oradan öyrənmişdir.
“Sovet Ermənistanı” qəzetinə yazılar göndərən kənd müəllimi, Arçutlu Şura Dilbazovun həmin qəzetin 1 noyabr 1983-cü il tarixli sayında “İrəlidə gedirlər” başlıqlı məqaləsində qeyd olunur ki, Quqark rayonu Arcut sovxozunun heyvandarları ərzaq proqramının həyata keçirilməsi işində fəal iştirak edir, dövlətə ət və süd təhvili planlarını hər ay artıqlaması ilə ödəyirlər. Gülüzar Məsimova, Məleykə Xəlilova, Gülnaz Qasımova və başqaları sosializm yarışında irəlidə gedirlər” Burada qeyd etmək lazımdır ki, Məleykə Xəlilova (Xəlilova Zeynəb Əli qızı) gəncdir, 1950-ci il təvəllüdlüdür. 33 yaşlı sağıcı böyük şücaətlə çalışır, əməyə qatlanıb.
Müəllif Şura Dilbazov “Sovet Ermənistanı” qəzetinin 12 iyun 1986-cı il tarixli, N 74 (11902) dərcində, “Məzunlarla görüş” adlanan məqaləsində yazırdı ki, Arçut kənd orta məktəbində məzunlarla görüş keçirilmişdir. Məktəb ilk partiya təşkilatının katibi R.Süleymanov çıxış etmişdir. O, məzunlara tövsiyələr etmişdir. Məzunlardan A.Qazıyev, M.Yusifov, İ.Əliyev, A.Məmmədov, B.Osmanov, R.Binnətov keçmiş müəllimlərinə razılıq bildirmiş, ali məktəb həyatından maraqlı söhbət açmışlar. Görüş xoş təsir bağışlamışdır. Bu yazıdan açıq-aydın görünür ki, o zamankı gənclər elm və təhsil yolu ilə ucalmaq, bu yöndə təhsili davam etdirmək məqsədini daşıyırdılar. Layiqli və yetkin mütəxəssis olmaq şərt imiş.
XX əsrin 60-80-ci illərinin gənclərinin yaradıcılığa və quruculuğa böyük həvəsləri var idi. Arçutlu jurnalist, alim, Ramiz Məşədiyev bir gənc olaraq o zamanlar mətbuatda tez-tez öz imzası ilə çıxış edirdi. Onun yaradıcılığının mövzusu başlıca olaraq zəhmətkeşlərin, xüsusilə gənc zəhmətkeşlərin həyat və fəaliyyətinə həsr olunurdu. Bu baxımdan “Sovet Ermənistanı” qəzetinin 15 aprel 1986-cı il tarixli N52 (11880) nömrəsindəki “Zəhmət insanı ucaldır” başlıqlı məqaləsində yazırdı: “İnsan arzu ilə yaşayır. Əgər qarşıya bir məqsəd qoyursa nəyin bahasına olursa-olsun həmin məqsədə çatmağa çalışır. Bu xüsusiyyət əməkdə daha tez nəzərə çarpır. Əmək, halal zəhmət insanı tez ucaldır, onu istər-istəməz öz peşəsinin vurğunu edir. Abovyan şüşəlik təsərrüfatında işləyən Zəhra Kərimova da belələrindəndir...Sizi bu təsərrüfata hansı qüvvə gətirib çıxarmışdır?-sualına Zəhra Kərimova belə cavab verdi: -Halal zəhmətin sehrkar qüvvəsi. Mən artıq 20 ildir ki, ilin bütün fəsillərində pomidor, xiyar yetişdirirəm. Çalışdığım təsərrüfatın üzvləri yüksək əmək coşğunluğu ilə partiya və hökumətimizin qarşıya qoyduğu əzəmətli vəzifələri həyata keçirməyə böyük səy göstərir, əllərindən gələni əsirgəmirlər....” Ramiz Məşədiyev “Sovet Ermənistanı” qəzetinin 20 oktyabr 1984-cü il tarixli , N128(11842) nömrəsində öz yaradıcılığını “Belə-belə işlər” adlanan məqalədə satirik hekayə məzmunu ilə həkk edirdi. Tənqid, satira, yumor oz zamankı gəncliyin yaradıcılığının başlıca qayəsini təşkil edirdi.
Qaçqınlığa qədər (1989-cu ilə qədər) Arçut heyvandarlıq sovxozunun direktoru olmuş Məhəmməd Bayramov “Sovet Ermənistanı” qəzetinin 6 mart 1984-cü il tarixli N29 (11545) nömrəsində “Dağ kəndinin nailiyyətləri” başlıqlı məqaləsində yazırdı: “SSRİ Ali Sovetinə keçən seçkilərdən-seçkilərə kəndimizdə könülaçan işlər görülmüşdür. Təsərrüfatımızın iqtisadiyyatı möhkəmləndirilmiş, adamların güzəranı yaxşılaşdırılmış, quruculuq işləri genişləndirilmişdir. Qış aylarında gənc qızları işlə təmin etmək üçün kənddə tikiş fabrikinin binası inşa olunmuşdur. Fabrikdə gənclər həvəslə işləyirlər. 200 nömrəlik avtomat telefon stansiyası istifadəyə verilmişdir. Leninakan-Kirovakan magistralından ayrılıb kəndə qalxan yol asfaltlaşdırılmışdır. Son illərdə kəndimizdə onlarca ailə gözəl və yaraşıqlı evlər tikmişlər. İnzibati və istehsalat obyektləri istifadəyə verilmişdir. Elə ailə tapmaq olmaz ki, onun soyuducusu, televizoru, qaz plitəsi, paltaryuyan maşını və digər müasir ev əşyaları olmasın. Hamının həyətində mal-qarası, içməli suyu, hovuzu vardır. Bağlı-bağatlı həyətlər firavanlıqdan xəbər verir...Hazırda təsərrüfatımız rayonda qabaqcıllar sırasındadır. Son iki ildə hər inəyin südü 409 kiloqram, ətliyə verilən qaramalın orta çəkisi isə 27 kiloqram artmışdır. Keçən təsərrüfat ilində süd və ət istehsalı planları müvəffəqiyyətlə yerinə yetirildi. Ötən il ondan əvvəlki ilə nisbətən 223 sentner çox ət, 258 sentner çox süd istehsal olundu... Mal-qaranın yaylaq şəraitində dəniz səviyyəsindən 2500 metr yüksəklikdə bəslənilməsi adamlara qayğı göstərməyi edir. Bu məqsədlə 10 otaqlı müasir yaylaq evi tikdirmişik...”
Arçut gənclərinin əksəriyyəti bir tərəfdən ali təhsil alıb bilikli və bacarıqlı, səriştəli kadr kimi ölkəyə, o cümlədən xalqa fayda vermək yolunu seçmişdilərsə, digər bir qismi isə kənd təsərrüfatının inkişafını, eləcə də ailə tərəsərrüfatının tərəqqisini qarşılarına məqsəd qoymuşdur. 1968-cü ildə kənddə kolxozçu ailəsində dünyaya gəlmiş, orta məktəbin səkkizinci sinifini orada bitirmiş, eləcə də orta təhsilini peşə ixtisası almaqla davam etdirmiş, hazırda Bakı şəhərində yaşayan, “ARDIC” Hərəkatının fəallarından biri olan Elxan Murtuz oğlu Xəlilov maraqlı çıxış edir. O, qeyd edir: “Düzdür, mən də hamı kimi orta məktəbdə həvəslə oxuyurdum. Lakin mənim meylim texnikaya idi. Buna görə də maşın və mexanizatorlar haqqında bilik əldə etmək və onlardan lazımınca istifadə etmək, təsərrüfatda traktorçu, kombaynçı kimi işləmək, yük maşınlarını sürmək və bununla da yüksək naillyyətləri əldə etmək, əməkdə qabaqcıl olmaq istəyim və arzum idi. Ailəmizdə atam və anam, özümdən böyüklər təsərrüfata çox bağlı idilər. Bu da ailəmizə yaxşı maddi qazanclar gətirirdi. Mən də böyüyüb ənənəni davam etdirmək istəyində idim. Buna görə də bir yeniyetmə olaraq maşın və mexanizatorlara meyl göstərirdim. Kəndimizdə orta məktəbin səkkizinci sinifini bitirdim və texniki peşə məktəbinə üz tutdum. Orada mən mexanizatorluğu və sürücülüyü öyrəndim. Təəssüf ki, gəncliyim qaçqınlıq dövrünə düşdü. Hərbi xidmətdən sonra Azərbaycanda rayon kəndində, sonra isə Bakı şəhərində yaşadım. Özüm indi avtobus sürücüsüyəm. Lakin kənd təsərrüfatına istəyim yenə də qalıb. Bu gün də kəndlə bağlıyam, rayonda təsərrüfatım var. Meyvəçilik və tərəvəzçiliklə məşğul oluram. Ümid edirəm ki, gün gələcək biz təkrar olaraq öz kəndimizə qayıdacağıq. O da mümkün olmasa, kəndimizin camaatı yenə də bir yerə toplaşacaq. Qarabağda Ardıc adında kənd salacağıq. Onda kəndimizin yeni gənclik potensialı formalaşacaq!”
Ötən əsrin 60-80-ci illərində Arçut yeniyetmə və gəncliyinin geyim üslubu da dəyişikliyə məruz qalaraq müasirləşmişdi. Estetika etika ilə birləşərək, önəm kəsb edirdi. Gənlərin həyatın yeni-yeni məzmunlar qatırdı. O dövrün yeniyetmə və gənci olmuş Cəmilə İsmayıl qızı Elləzova geyim formalarını bu şəkildə xatırlayır: “ XX əsrin altmışıncı illərindən qabaq məktəbdə qız uşaqları əsasən başı bağlı geyinirdilər. Əlimizdə olan fotolardan da bu, açıq-aydın görünür. Bizim dövrün geyimləri isə başqa cür idi. Əvvəllər yuxarı siniflər nə istəyirdilər, onu da geyinirdilər. Şəxsən mən 1962-ci ildə birinci sinifə gedəndə artıq məktəbli formaları var idi. Hamı məktəbli forması geyərdi. Qızlarınkı palıdı rəngdə olan büzməli donlar idi. Yaxalığı ağ rəngdə idi, qollarında da ağ rəng var idi. Boynumuza qırmızı qalstuk, döşümüzə beş guşəli oktyabryat nişanı taxırdıq. Bunlar hər bir şagirddə mütləq olmalı idi. İbtidai siniflərdə belə idi. Yuxarı siniflərdə oxuyan qızlar da məktəbli formaları geyinərdilər. İndiki kimi yuxarı siniflərdə məktəbli geyimi çox da məcburi deyildi. Məktəbli formalarını adətən yuxarı siniflərdə qızlar geyərdilər. Oğlanlar isə kostyum-şalvarlarda olurdular. Döşlərinə komsomol nişanı vururdular... Gəlin oldu, qız oldu, bütün cavan qadınların paltarları dizdən yuxarı idi. Qızlarımız dizdən yuxarı donlar, yaşlı qadınlarımız isə ya dizə qədər, ya da dizdən azca aşağı donlar geyinərdilər. Çox uzun paltarlar yox, başlıca olaraq qısa paltarlar dəbdə idi. Qızlar başlarını örtmürdülər. Yaşlı qadınlar isə bir qayda olaraq başlarını bağlayırdılar. Qızlar saçlarını kəsmirdilər. Saç kəsən qızları bəyənməzdilər. Onlara pis baxırdılar. Hamının uzun saçı, uzun hörükləri var idi. Hörüklərimizin ucuna ağ bantlar vurardıq. Oğlanlarımız enli şalvar geyirdilər. O vaxtı ona holida deyərdilər. Dizə qədər dar, dizdən aşağı enli idi, balağın eni 30-40 sm. olardı. Gənclərdən kimlər enli geyirdilər, ona daha maraqla baxırdılar. Hazır alan da var idi, şalvarı tikdirənlər də olurdu. Oğlanların saçları dibindən qırxılmazdı. Yuxarı sinifdə oxuyanların, gənclərin saçları nisbətən uzun idi. Ondan sonra, gənclərimiz bakenbardlarını uzun qoyurdular. Onlar qətiyyən saqqal buraxmazdılar. Üzləri tər-təmiz idi. Kişilər bığ saxlayardılar. Qadınlarımız başlarına kosınka, kəlağayı və şərf bağlayırdılar. Kimin ürəyi nə istəyirdi, onu da edirdi. Ancaq bütün qadınlarımızın başları bağlı olurdu. Ənənələrimizdən də onu demək istəyirəm ki, Novruz bayramı ərəfəsində qapıpusma olardı. Kim nə arzu, kim nə dilək edirdisə, arzusunu qapıpusmada eşitdiklərinə yozardı. Qızlar suya iynə salardılar. İynə salan bir baş bilən yaşlı qadın olardı. Cavan qızlar o yaşlı qadınların evlərinə yığışardı. Orada hər kəs öz sevgilisini ürəyində tutardı: -görək sevgilisinə qovuşacaqmı, qovuşmayacaqmı? Bayramda hamı təzə paltar geyinərdi. On gün kəndin mərkəzində musiqi çalınardı. Ona “toy” deyirdik. Zurnaçılardan Ağası, Əliv və başqaları var idilər. Hər kəs arzu və niyyət edərdi ki, o toyu Novruz bayramında qapıma çəkəcəm. Filan niyyətim baş tutsun. O toyu (çalınan musiqini) qapılara çəkirdilər. Orada oynamaq, şənlik təşkil olunurdu. Zurnaçılara nəmər və hədiyyələr verilirdi. Orada çalıb-oynanıldıqdan sonra başqası musiqiçiləri öz qapısına aparırdı. Yəni, on gün davam edirdi. Qızlar, gəlinlər hər gün bəzənib-düzənərdilər. Evdə süfrələr bəzənərdi. Yeyib-içdikdən sonra hamı şənlik, oynamaq üçün kəndin mərkəzində çalınan o toya qatılardı. Bayramalarımız çox şən keçərdi. Nə qədər qar yağsa da, hətta dizə belə çıxsa da, toy təxirə salınmırdı. On gün çalınırdı. Novruz bayramında kolxozun böyük meydançasına kəndirbazlar gələrdi. Hamı, bütün kənd əhli ora yığışardı. Oraya da nəzir deyənlər var idi. Hamı uşaqlarının sağlam və uzun ömürlü yaşamaları üçün nəzir-niyaz verərdi. Balaca uşaqların uzun ömürlü olmaları üçün onları kəndirbazın arxasına mindirərdilər. Kəndirbaz uşaqları yuxarıda öz kürəyində tirin, ipin, kəndirin üstündə oynadardı. Bu, valideynin niyyətindən irəli gəlirdi. Novruz bayramında çalınan toya “Naney” deyərdilər. əvvəlcə də qeyd etdiyim kimi, on gün axşamlar “Naney” çalınırdı. Hamı bir-birinə deyərdi ki, Naneyə gedəcəksənmi? Bəzən gündüzlər də Naney çalınırdı. Gecə-gündüz Naney davam edirdi. Gecələr kimin boş yeri var idi, Naneyi orada çaldırıdı. Musiqi tədbiri gündüzlər də kəndin ortasında, Mədəniyyət klubunun qabağında, məktəbin həyətində davam edirdi. Əksər vaxtı Naneyi damlarda çaldırırdılar. Gecələr damlar təmizlənir, mal-qara oradan qonşunun damına köçürülürdü. Naney təşkil olunurdu. Gecə səhərə kimi orada davam edirdi. Novruz bayramı belə şən və təmtəraqlı keçirdi. May ayında qələbə paradı keçirilərdi. Məktəblilər sıra ilə düzülərdi. Müəllimlər rəhbərlik edərdi. Şagirdlər əllərində bayraqlar tuturdu. Qələbə şüarları deyə-deyə, kəndin ayağından başına, başından da ayağına qədər gedilərdi. İştirakçılar sonda məktəbin həyətinə gələrdilər və orada da dağılışardılar. Məktəbin məzun bayramları da təmtəraqlı olurdu. Məktəbin həyətində tədbir keçirildikdən sonra şagirdlər kəndin ayağındakı meyvə bağına, Cələyə, gedərdilər. Güllərin-çiçəklərin açan vaxtları idi. Orada gəzərdilər, pikniklər təşkil edərdilər”.
Ötən əsrin ortalarında və 80-ci illərində kəndin mədəniyyəti təsərrüfatda (quruculuqda) və yaradıcılıqda (məsələn, incəsənətdə, ədəbiyyatda) özünü göstərirdi. Gənclərin ədəbi ruhunu zənginləşdirmək, onların istedad, bilik və bacarıqlarını üzərə çıxartmaq məqsədilə teatr səhnələri göstərilir, şagirdlərin ifasında müxtəlif tamaşalar səhnələşdirilirdi. Kənd sakini olmuş Validə Həsən qızı Nəsibova qeyd edir: “Yadıma düşdü. Məktəbdə tamaşalar qoyulurdu. Yuxarı sinifdə oxuyanda biz məktəbimizdə rus dilindən dərs demiş Güləvar müəllimənin səhnələşdirdiyi “Qaynana” pyesini oynamışıq. Orada mən Afət rolunu ifa etmşdim. Hətta qonşu Saral kəndindən də bizə qonaq gəlmişdilər. Tamaşaya baxdılar, çox bəyəndilər. Rəhmətlik Məsim müəllim Məmmədov mənim rolumu çox bəyənmişdi. Demişdi ki, çox qəşəng və risqli oynayıb. Elə bil aktrisadır. Bu qızın gələcəyi parlaq olacaq”.
Arçut mədəniyyətinin əsasları: yeniyetmə və gənclər üçün məlumat əsaslı yaddaşın təqdim olunması
Arçut mədəniyyəti Qərbi Azərbaycan mədəniyyətinin tərkibini özündə ifadə edib. Kənd öz mədəniyyəti ilə özünü identifikasya edib, tanıdıb, ictimai şəxsiyyətini formalaşdırıb. Özündə etiketi yaradıb. Arçut öz mədəniyyəti ilə özünün kimliyini təsdiq edib. Kənd sakinləri bir icma halında mədəniyyət qurublar. Öz adət-ənənələrini məhz bu icmada formalaşdırıblar. İcma halı kəndin ayaqda qalması üçün adət-ənənələrin formalaşmasını təmin edib. Adət-ənənələr kimliyin meydana gəlməsini özündə ifadə edib.
Ardıc gəncləri kəndin adət-ənənələrinin yaşadılması və irsən ötürülməsi üçün müvafiq addımlar atıblar, ayinlər icra ediblər, rituallar həyata keçiriblər.
Musiqi mədəniyyətə çox təsir göstərib. Arçutda “Köçəri”, “Dizdən qırma” yallısı (Ağır yallı), “İt yallısı” kimi oyun havaları olub. Eyni zamanda “Paşa köçdü”, “Xəlbirəvurdu” kimi oyun havaları da oynanılıb.
Kənddə yeni dəfn olunanların qəbirləri üstündə axşamlar alov qalanıb, çıra yandırılıb. Kənd sakini olmuş Abbas Əli oğlu Məşədiyevin məlumatına əsasən, əvvəllər ehsan olaraq qonşular yas evinə yemək bişirib gətirərlərmiş. El ehsanı sonradan verilib. İlk əvvəllər mallar kəsilib, ünvanlara çiy ət paylanılıb. Sonra isə qazanlarda ehsan bişirilib. Yas evində ehsanat təşkil olunub. Kənddə Məhərrəmlik qeyd olunub, ayinlər icra edilib, ehsanlar verilib. O zaman ələm gəzdirərlərmiş. Qətl sınan vaxtlarda, həmin günlərdə toylar və digər şənliklər olmurmuş. Məhərrəmlikdə ehsan olaraq halva bişirilir, şərbət hazırlanırdı.
Kənd sakini olmuş 1949-cu il təvəllüdlü, ixtisasca müəllim olan Məcid Məhərrəm oğlu Məşədiyevin məlumatına əsasən, kənd toylarında “bəyin oğurlanması” adəti var idi. Həmçinin əvvəllər bəy, onun sağdıcı və solducu toyda yapıncı geyərdilər. İlk gəlin paltarını (ağ rəngli müasir gəlin geyimi) Qəmər müəllimə (İsmayılova Qəmər İsmayıl qızı) öz toyunda geyinib. İlk dəfə olaraq gəlini evdən bəy özü (Məşədiyev Məcid Məhərrəm oğlu) çıxardıb gətirib. Gəlin ilk dəfə minik avtomobilində bəy evinə gətirilib.
Kənd sakini olmuş, 1933 (bəzi rəqəmlərə görə 1935)-ci il təvəllüdlü Abbas Məşədiyev (adına “hesabdar Abbas” deyərlərmiş) adət-ənənələri bu şəkildə təqdim edir:
-əvvəllər gəlini yük avtomobilində gətirərlərmiş. Sonradan yük maşınları avtomobillə əvəzlənib;
-bəyin özü gəlin gətirməyə getmirmiş. Yaxın adamlar (əsasən qadınlar, yengələr) gedib gəlini evdən ər evinə gətirərlərmiş. Təbii ki, sonradan bu adət dəyişdi və bəy özü gedib (sağdıcı və soldıcı ilə birlikdə) gəlini ata evindən ər evinə gətirməyə başladı;
-toylar “toy damları”nda keçirilərmiş;
-toyda bəyin özü rəqs etmirmiş, gəlin də mərəkədə (məclisdə) oturmurmuş
-əvvəllər toylar dəvətnaməsiz olarmış, “El toyu” adlanırmış;
-toylarda spirtli içki olaraq çaxır verərlərmiş;
-mərəkədə (məclisdə) yalnız kişilər oturarlarmış;
-bəy və gəlin geyimi xüsusi formada olmayıbmış. Kimin nəyi var, onu da geyinərmiş;
-toylarda hündür yerlərə çıxaraq gəlinin başına alma və şirniyyat (konfet və şokolad) atarlarmış;
-toya nəmər olaraq 1-2 manat yazdırarlarmış;
-bəyin sağdıcı və solducu olurmuş. Sağdıc və solduc yaxalarına döş gülləri taxırlarmış;
-əvvəllər gəlinə hədiyyə olaraq qızıl alınmırmış. Qızıl çox baha imiş. Sonradan isə hədiyyə olaraq qızıl-zinət əşyaları alınıb;
-“Başlıq parası” olaraq bəy tərəfi gəlinə bir-iki baş qoyun-quzu verərmiş. Sonradan bu pay pul ilə əvəzlənmişdi;
-qıza atası tərəfindən az miqdarda cehiz verilərmiş;
-əvvəllər zurnaçılar, aşıqlar toyu yola verərlərmiş. Sonradan xanəndələr toya dəvət olunu7blar. Müasir musiqi alətlərindən istifafə olunub;
-bəy evinə daxil olarkən, gəlinin ayağının altında, qapının ağızında qurbanlıq qoyun kəsilirmiş;
-gəlinin qardaşı, əgər o, yoxdursa, digər yaxın qohumu ata evindən çıxanda gəlinin belini bağlayırdı;
-xına gecəsi lopalarla küçələr, məhlələr işıqlandırılır və musiqi ilə qız evinə xına aparılırdı. Bu adət adətən piyada getməklə həyata keçirilirdi. Qız-gəlinlər, digər qadınlar əllərində xonça və xına tutaraq oğlan evindən qız evinə doğru piyada addımlayırdılar.
1964-cü ildə Arçutda dünyaya gəlmiş, musiqiçi, qarmon, pianino, “Yonika” adlanan sintezator kimi alətlərin mahir ifaçısı, bəstələyici və oranjemançı və kənddə toylarda musiqi alətlərində, əsasən sintezatorda ifa etmiş Qələndər Cabbar oğlu Cinoyevin gənclərin toyların təşkili və məclislərin, şənliklərin keçirilməsində iştirakları ilə bağlı bu kimi fikirləri diqqəti çəkir: “Mən yuxarı sinifdə oxuyurdum. Musiqiyə həvəsim çox idi. Onu deyim ki, atam Cabbar kişi də musiqiçi olmuşdu. Mahir dəfçi (davulçu) kimi tanınırdı. Kəndimizin klubunda təşkil olunan musiqi dərnəyində pianino öyrənirdim. Həm də qarmonda ifa edirdim. O zaman, 1970-1980-ci illərdə, elektrikli çoxsəsli klavişa aləti olan və “Yonika” adlanan musiqi instrumenti çıxmışdı. Bu, indiki sintezator alətindən bir az sadə idi. Qonşu Hallavar kəndindən yaxşı səsi olan Fəxrəddin əsgərlikdən təzəcə qayıtmışdı. Mənə təklif elədi ki, yeni bir xanəndə, çalğı alətləri qrupu yaradaq. Mən onun fikrini bəyəndim. Biz qrup yaratıq. Qrupa nağaraçıları, zurnaçıları, qarmonçuları və gitaraçıları da dəvət elədik. Gənclər üçün yeni bir xanəndə qrupu meydana çıxdı. Başlıca məqsədimiz toylarda yenilik etmək, rəqslərə və musiqiyə yeni nəfəs vermək idi. 1970-1980-ci illərdə Məmmədbağır Bağırzadənin, Zeynəb Xanlarovanın, Ağadadaş Ağayevin, İsrail Məmmədovun, Baloğlan Əşrəfovun oynaq, ritmiq mahnıları dəbdə idi. Zeynəb Xanlarovanın ifa etdiyi “Nə qaldı” mahnısı çox sevilirdi. Biz Bakıya, Gəncəyə, Sumqayıta gedən kəndlilərimizdən xahiş edirdik ki, onların səs qeydləri olan kasetləri, valları alıb gətirsinlər. Sağ olsunlar, istəklərimizi yerinə yetirirdilər. Yeni mahnıları öyrənib toylarda ifa edirdik. Müğənni Fəxrəddinin sayəsində və timsalında toylarımızda, digər şənlik mərasimlərimzidə müğənnilik də meydana gəldi. Muğamlara da yer ayırırdıq. Xalq mahnılarını da tez-tez səsləndirirdik. Məsələn, “İrəvanda xal qalmadı” mahnısı çox oynanılırdı. Oynaq mahnılardan “Ay Cəmo”, “Qaragöz boy-boy” kimi mahnılar dəbdə idi. Tez-tez sifariş olunurdu. Zurnaçılar da var idi. Mən Züyçu Əli kişinin, Zurnaçı Nərimanın (onlar el arasında bu adla tanınırdılar) adlarını fəxrlə qeyd etmək istəyirəm. Nağara çalan Natiq qrupumuzun sevimlisi idi. Biz nəinki öz kəndimizdə, başqa kəndlərdə də toylara gedirdik. Məsələn, qonşu Hallavar kəndində toy səhər 10-da başlayırdı. Biz orada toyu yola verib kəndimizə gələrək axşamkı toya qatılırdıq. Musiqisini təşkil edirdik. Kəndimizdə toylar adətən axşamdan başlayır, gecə yarısına, hətta o başa kimi davam edirdi. Əsasən gənclər musiqini sifarış verirdilər. “Toy babası” sifarişləri növbəyə düzürdü. Bir qayda olaraq cavan oğlanlar, kişilər sifariş verirdi. Ortada yalnız sifariş verən və onun dəvət etdiyi şəxslər rəqs edirdilər. Başqaları rəqs meydançasına gəlmirdi. Öz növbələrini gözləyirdilər. Qızlar musiqi sifariş etmirdilər. Bəzən yaşlı qadınlar sifariş verirdilər. Toylarda lirik mahnılar ifa etmirdik. Ancaq oynaq mahnılar idi. Bir də yallı dəbdə idi. “Köçəri”, “İt yallısı”, “Dizdənqırma” kimi yallılarımızı həvəslə oynayırdılar. Yadımdadır, Hind musiqisini də ifa edirdik. Tez-tez “Abdulla” adlanan mahnını sifariş edirdilər. Hind filmindən öyrənmişdik. Xınayaxdıların da bambaşqa bir zövqlü mənzərəsi var idi. Toylar, xınayaxdı mərasimləri, “Əsgərlik çörəyi” adlanan məclislər əsasən, damlarda və həyətlərdə təşkil olunurdu. Gəlingətirdi və xınayaxdı mərasimlərində qarmon, klarnet, zurna, nağara kimi alətlərdən istifadə olunurdu. Əvvəlcə də qeyd etdiyim kimi, biz toylarda lirik mahnıları ifa etmirdik. Belə mahnıları ev şənliklərində daha çox oynayırdılar. Lirik musiqi ilə cütlük rəqsləri toylarda oynanılmırdı. Evlərdə yayılırdı. Gənclərimizin musiqiyə həvəsi olduqca çox idi. Oynamaq üstündə əsil yarış gedirdi. Son zamanlarda evlərdə təşkil olunan məclislərdə estrada musiqisi də ifa olunurdu. Gənclərimizin musiqi duyumu çox zövqlü idi. Həm də daim yenilik axtarırdı və tapırdı ”.
Arçut gəncləri o dövrdə həm də musiqidə olan ənənələri qoruyub saxlamaqda, ənənəni davam etdirməkdə israrlı idilər. Keçmişi qoruyub saxlamaq və ənənəyə əlavə bir zənginlik qatmaq istəyiblər. 1969-cu ildə kənddə dünyaya gəlmiş Əhmədov Əziz Məmməd oğlu (ona el arasında “Zurnaçı Əziz” də deyirlər) özünün zurna musiqi alətində ifa etmək marağını bu şəkildə bildirir: “Kəndimizdə biz musiqi aləti olaraq qara zurna geniş yayılmışdı. Mənə zurna alətində ifa eləməyi rəhmətlik Yusf baba (Eminov Yusif) öyrətmişdi. Qardaşım da zurnaçı idi. Onun bir neçə aləti var idi. Zurnanı elə uşaqlıqdan bilirdim və sonradan toylara da getməyə başladım. Biz zurna ilə gəlingətirdidə, xınaapardıda iştirak edirdik. Yaşlı insanlar və gənclərimiz çox sevirdilər. Əsasən yallıları və ağır oyun havalarını zurna ilə oynayırdılar. Zurnasız yallı zövqsüz idi. Düzdür, xanəndələr də var idi. Lakin zurnanın yeri bambaşqa idi. Mən Zurnaçı Nərimanı, Züyçü Əlini görürdüm. Onlarla birlikdə toylarda iştirak edirdim. Toylarda qara zurnada “Ruhani” və “Tərəkəmə” havaları, digər havalar çox yaxşı alınırdı. Həvəslə rəqs edirdilər. Mən qaçqınlıqda Bakıya gəldikdən sonra da sənətimi, peşəmi davam elətdirdim. Toylarda, digər el şənliklərində musiqi qruplarının nəzdində iştirak edirəm. Çox şadam ki, dədə-babalarımızın bu qədim alətlərini və onda ifaları qoruyub saxlayıram. El –oba şənliklərində həvəslə iştirak edirəm. Onu da əlavə edim ki, kənddəki toylarda zurna ilə müğənnini müşayiət etmirdim. Belə qayda yox idi. Lakin indi mən oxuyanı, ifaçını da müşayiət edirəm”.
1965-ci ildə Arçutda dünyaya gəlmiş və toylarda nağara ifa etmiş (əl və çubuqla) Natiq Məmməd oğlu Alıyev XX əsrin 80-ci illərində musiqinin inkişafında gənclərin rolunu bu şəkildə ifadə edir: “Mən o zaman gənc idim. Toylarda əl və çubuqla nağara çalırdım. Həm zurnaçılarla, həm də xanəndə qrupu ilə toylara gedirdim. Zurnaçı Nəriman, züyçü Əli, eləcə də zurnaçı Kamandar və zurnaçı Əziz qardaşları ilə bir qrupda olurduq. Xanəndələrə də qoşulurdum. Son ildə zurnaçı Nəriman İmişli rayonundan kəndimizə xanəndə qrupu gətirmişdi. Onların içində gitaraçı, qarmonçu, klarnetçi, qoşa nağaraçı da var idi. Nağarada isə mən ifa edirdim. Toylarımız gənclərin hesabına çox şən keçirdi. Gitaranın nüfuzu çox idi. Toylarda dəbdə olan mahnıları sifariş verib, həvəslə oynayırdılar. Ancaq xanəndəlik qara zurnanı tam sıxışdıra bilmirdi. Yallı havaları qara zurnada ifa olunurdu. “Ruhani”, “Tərəkəmə” dəbdə idi. Orta yaşlı və yaşlı insanlar qara zurnada oyun havaları sifariş edirdilər. Çox yaxşı yadımdadır. Bir dəfə toyda kəndlimiz, orta yaşlı Şahvələd kişi gitaraya etiraz etdi ki, bu nədir?! “Mənim havamı dədə-baba qaydasında qara zurnada ifa edin!”, -deyə xahiş elədi. Bəli, o zamanlar gənclərlə orta yaşlı və yaşlı insanlar arasında zövq fərqi də yaranmışdı. Uyğunsuzluq, ziddiyyət meydana gəlirdi. Lakin buna baxmayaraq qara zurna da yaşayırdı. Bunsuz toy olmurdu. Yeniliklə yanaşı, ənənəni müdafiə edən, qoruyub saxlayan gənclərimiz də çox idi”.
Arçut kənd sakinlərinin mədəniyyətlərinin formalaşmasında, dünyagörüşlərinin zənginləşməsində və maariflənməsində təbii ki, kənd orta məktəbinin rolu danılmazdır. Bu faktı kənd sakinləri dönə-dönə vurğulayırlar. Bu yöndə 1968-ci ildə kənddə dünyaya gəlmiş və orta məktəbi orada bitirmiş, ictimai fəal, Qərbi Azərbaycan İcması Böyük Qarakilsə İcmasının nəzdində fəaliyyət göstərən Arçut İcmasının sədri Rəfayət Məmməd oğlu İsmayılov məktəbin rolunu belə əsasda vurğulayır: “Əvvəlcə qeyd edim ki, atam Məmməd kişi kənddə poçtalyonçu işləyirdi. Mən də ona kömək edirdim. Qəzet və jurnalları ünvanlara paylayırdım. Kəndimiz mətbuata, bu kimi qəzet və jurnallara abunə idi: “ “Sovet Ermənistanı” qəzeti, “Pioner” qəzeti, “Azərbaycan gəncləri” qəzeti, “Elm və həyat” jurnalı, “Azərbaycan” jurnalı, “Kirpi” jurnalı. Sakinlər, həmçinin gənclərimiz mətbuatı və elmi dərgiləri, yayınları dönə-dönə, həvəslə oxuyurdular. Yaxşı maariflənirdilər. Yeniliyi mənimsəməyə açıq idilər. Vasitələri aydın təfəkkürlə, həvəslə qəbul edirdilər. Məktəbimiz sözün əsl mənasında elm və mədəniyyət verən bir məbəd idi. Siniflərarası, həmçinin rayon və kəndlər arasına bilik yarışmaları keçirilirdi. Olimpiadalar təşkil olunurdu. Qaliblər mükafatlandırılırdı. Fəxri fərmanlarla təltif edilirdilər. Mədəniyyətimiz həm də məktəbdə formalaşırdı. Fənn və ədəbiyyat dərnəkləri güclü inkişaf etmişdi. Teatr tamaşaları göstərilirdi. Biz tamaşaları oynayırdıq. Rus dili müəllimi işləmiş Güləvar Həsənova “Volk i oqnyonok” tamaşasını səhnələşdirmişdi. Mən quzu rolunu ifa etmişdim, Rasim Məşədiyev də canavar rolunu oynamışdı. Məktəbimizdə tədris hissə müdiri Məsim müəllim Məmmədov teatr tamaşalarının göstərilməsinə rəhbərik edirdi. O, böyük səylə çalışırdı. Biz Hallavarda, Dərəçiçək kəndində və digər kəndlərdə tamaşalar göstərirdik. Yüksək səviyyədə alıqşlarla qarşılanırdıq. Hərbi təlimdən dərs deyən Yusif müəllim Qazıyev silahdan atıcılıq yarışları təşkil edirdi. Paleqonlarda sərrast qaydada atəş açmağı öyrənirdik. Hərbi və mülki müdafiə günləri təşkil olunurdu. Rayonumuzun Meğrut (Yaqublu), Bozabdal, Vartana (Almalı) kimi kəndlərində atıcılıq ilə məşğul olurduq. Təlimlər keçirdik. Yarışlarda qalib olurduq. Xatalı və Hüseyn kimi müəllimlərin təşkilatçılığı ilə idman yarışlarına qatılırdıq. Qaçış, futbol, voleybol, basketbol kimi oyunların yarışlarında rayon üzrə mühüm yerləri tuturduq. Klubumuzda bəddi və sənədli filmlərə baxırdıq. Həyatımız çox zövqlü idi. Gənclər kəndimizin inkişafı üçün çox böyük rol oynayırdılar. Biz müəllimlərimizə hədsiz dərəcədə minnətdarıq. Tərbiyə olunmağımızda məktəbin rolu danılmazdır. Üzərimizdə zəhməti çox böyük olurdu. Müəllimlərimizdən çox ehtiyyat edirdik. Məsuliyyətimiz böyük idi. Dördüncü və beşinci siniflərdə oxuyanda onları məhlədə görəndə qaçıb gizlənirdik. Oxumaq və tərbiyə məsələsində çox ciddi və tələbkar idilər. Onlar bizə dərsdən sonra təmannasız fənn dərnəkləri təşkil edirdilər. Əlavə məşğələlər keçirdilər. Onlar öz şagirdləri ilə fəxr edirdilər. Qürur hiss duyurdular. Əla oxuyan şagirdlər pis oxuyanlara kömək göstərirdilər. Bu, bir ənənə və qayda idi. Məktəbimizdə yaxşı mənada əlaçı şagirdlər arasında bir-birinə qarşı qısqanclıq hissi var idi. Bir-birilərinə həsəd aparırdılar. Oxumaq üstündə rəqabət mövcud idi. Özü də əlaçı gənclərimiz bir gəzirdilər, həyatlarını bir qururdular. Başqalarına nümunə idilər. Yeniyetmə və gənclərimiz ev təsərrüfatında və kolxoz, sovxoz təsərrüfatında da valeideynlərinə yardımçı idilər. Bunu bizə həm də məktəb belə öyrədirdi. Təsərrüfatın inkişafında gənclərin rolu danılmazdır. Sahələrdə, tarlalarda əkin və biçində, məhsul yığımnda yeniyetmə və gənclər yaxından iştirak edirdilər. Kəndimizin gəncləri uşaq vaxtından zəhmətə qatılırdılar. Mən deyərdim ki, bizə bunu daha çox məktəb təbliğ və təşviq edirdi. Uşaqlara düz yolu, tərbiyəni əsas etibarilə məktəb verirdi. Valideynlərimizin öz yeri var idi. Lakin məktəbin yeri bambaşqa idi. Uşaqlarda pis tərbiyə olmurdu. O saat ailə ilə yanaşı, ictimai qınaq da tətbiq olunurdu. Uşaqlar dərhal öz yollarına qayırdırdılar. Biz məktəbdə maariflənirdik və ictimai ruhu da ondan alırdıq. Məktəbdə hər ilin aprel ayında iməcilik keçirilirdi. İməcilik zamanı da uşaqlar kolxoz və sovxoz tarlalarında zəhmətə qatılırdılar. Yeniyetmə və gənclər arasında qarşılıqlı diqqət çox idi. Böyük siniflər ümumiyyətlə balaca siniflərə yardım göstərirdilər. Məktəbdə buraxılış tədbirləri çox təmtəraqlı olurdu. Hər yan gül-çiçəyə bəzənirdi. Məktəb gənclərin zövqlərinin formalaşmasında böyük rol oynayırdı. Məktəbimizin böyük akt zalı, bufet zalı var idi. Orada daim iclaslar keçirilirdi. Məktəb rəhbərliyi əla oxuyanlara tərifnamələr verirdilər. Əlaçılar qızıl və gümüş medallara layiq görülürdülər. Müəllimlər şagirdləri oxumağa həvəsləndirirdilər. Əla oxuyanların şəkilləri məktəb stendlərinə, fəxri lövhələrə vurulmuşdu. Hamı onlara baxıb həvəsə gəlirdi. Onlar məxsusi hörmətə malik olurdular. Eyni zamanda Böyük Vətən müharibəsinin iştirakçılarının da şəkillərindən ibarət stend var idi. Onlar gənclərə örnək kimi göstərilirdi. Şücaətlikləri, mərdlikləri, qəhrəmanlıqları hamıya təbliğ olunurdu. Ümumiyyətlə, məktəbimiz təhsili və mədəniyyəti sintez şəkilində, harmonik əsaslarda öyrədirdi. Biz gəncləri şəxsiyyət kimi yetişdirirdi. Məktəbimizə çox borcluyuq”.
Elşən Nəsibov
Siyas elmlər üzrə fəlsəfə doktoru