24Media.az-ın budəfəki müsahibi tibb eksperti Aydın Əliyevdir. O, ildə bir dəfə aparılmalı olan tibbi testlər və vitamin çatışmazlığı ilə bağlı suallarımızı cavablandırıb.
-İldə bir dəfə aparılmalı olan əsas tibbi testlər hansılardır?
İldə bir dəfə aparılan tibbi yoxlanışlar iki formada həyata keçirilir. Birinci halda, insan artıq müəyyən bir xəstəliyə malik olur və həmin xəstəliyə uyğun olaraq həkim nəzarətində olur. Müalicəyə ehtiyac olmasa belə, xəstəliyin gedişatını izləmək məqsədilə müvafiq analizlər aparılır. İkinci halda isə sağlam insanın öz təşəbbüsü ilə ümumi tibbi müayinələrdən keçməsi nəzərdə tutulur. Bu zaman qan, sidik və digər laborator analizlər verilir. Bədəndə başverən mübadilə prosesləri və maddələrin tərkibi yoxlanılır, normadan kənar olub-olmaması müəyyən edilir.
Məsələn, şəkər xəstəliyi olan şəxslər də öz xəstəliklərinə uyğun olaraq mütəmadi yoxlanışlardan keçirlər. Ümumilikdə, belə müayinələr olduqca vacib hesab edilir. Çünki bu yolla insan orqanizmində baş verən dəyişikliklər vaxtında aşkarlanır və müvafiq tədbirlər görülür. Bu testlər orqanizmdə olan dəyişiklikləri vaxtında müəyyən etmək və mümkün xəstəliklərin qarşısını almaq üçün mühüm rol oynayır. Bütün müayinələr həkim məsləhəti ilə aparılmalı və nəticələrə uyğun tədbirlər görülməlidir.
-Vitamin və əlavələrin istifadəsinin zəruri olub-olmaması necə müəyyən edilir?
Yoxlamalar zamanı həkimlər müəyyən edirlər ki, orqanizmdə hansı vitaminlər çatışmır. Məsələn, əgər B12 vitamini çatışmazlığı aşkarlanarsa, həkim tərəfindən bu vitaminin əlavə olunması tövsiyə edilir. Ən düzgün yanaşma həkimlə mütləq məsləhətləşmək və yalnız onun təyin etdiyi vitamin və əlavələri qəbul etməkdir.
Əgər insan sağlam həyat tərzi sürürsə, yəni təbii qidalarla qidalanır, təmiz su içir, təmiz havada olur və bu fonda həkimlə də daimi əlaqə saxlayırsa, həmin şəxs öz orqanizmi haqqında daha dolğun və düzgün məlumat əldə edir.
Qəbul etdiyimiz qidalar da əslində, bir növ dərman maddəsi funksiyasını yerinə yetirir. Bu, müsbət mənada nəzərdə tutulur. İnsan düzgün qidalanaraq başa düşür ki, hansı qidalar onun bədəni üçün faydalıdır. Dərman maddələrinin istifadəsindən əvvəl həkimə müraciət edərək müəyyən etmək lazımdır ki, hansı qidalar insan orqanizmi üçün uyğundur, hansılar isə zərərli ola bilər. Çünki düzgün qidalanmadıqda müxtəlif xəstəliklər meydana çıxır. İnsan xəstələndikdə və həkimə müraciət etdikdə də məlum olur ki, hansı qidaların qəbul olunması məqsədəuyğundur, hansılar isə qadağandır.