Təqdim olunacaq qadağaların Azərbaycanın iqtisadiyyatına təsiri olmasa da...

Nyu Cersi ştatı Azərbaycana qarşı - N4107 qanun layihəsində nələr var?

Ştatın demokrat senatoru Endryu Tsvikerin hazırladığı Bakıya qarşı sanksiyaların tətbiqini nəzərdə tutan sənədin müzakirəsi gözlənilir; işin içində erməni lobbisinin və milyarderlərin barmağı var 

ABŞ-ın Nyu Cersi ştatının demokrat senatoru Endryu Tsviker Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan N4107 qanun layihəsini irəli sürüb. “Turan”ın Vaşinqtondakı müxbiri bildirib ki, qanun layihəsi artıq ştatın Senat komissiyasının təqviminə salınıb.

“Nyu Cersi ştatı Azərbaycanda həbs edilmiş doktor Qubad İbadoğlunun vəziyyətindən və hüquqlarından həddindən artıq narahatdır. Nyu Cersinin qanununun insan hüquqlarının pozulduğu digər ölkələrlə hökumət münasibətlərini qadağan etdiyini nəzərə alaraq, Azərbaycana qarşı da eyni siyasəti yürütmək ştatın maraqlarına uyğundur”, - deyə qanun layihəsində bildirilir.

Qanun layihəsi qəbul edilsə, Azərbaycanla bağlı olan müəssisələrlə dövlət sövdələşmələri qadağan ediləcək.

Azərbaycanda və ya Azərbaycanla işləyənlər Maliyyə Nazirliyinin siyahısına daxil ediləcək və onun Nyu Cersi ştatında aşağıdakı fəaliyyətləri qadağan ediləcək:

- dövlət orqanları ilə müqavilə bağlamaq;

- ictimai işlər üçün hüquqa malik olmaq;

- iqtisadi inkişaf üçün subsidiyalar almaq;

- əmlak üçün bələdiyyə vergisində imtiyazlar əldə etmək;

- vergilərdən azad edilmək üçün ərizə vermək və arayış almaq;

- şəhərlərin abadlaşdırılması işləri üçün sertifikata malik olmaq.

Bundan başqa, qanun layihəsi dövlətin Azərbaycan hökumətinin sərmayəyə malik olduğu şirkətlərə pensiya fondu investisiya etməyi qadağan edir.

Atlantik okeanı sahilində, Kanada ilə sərhədə yaxın ştatın sahəsi 141,300 kv/km-dir. İnzibati mərkəzi Albani şəhəridir.

ABŞ siyahıyaalınmasına (2020) görə ştatın əhalisi 20 milyon 215 min nəfərdir (Kaliforniya, Texas və Floridadan sonra dördüncü) və 40%-dən çoxu Nyu Yorkda yaşayır.

Maraqlıdır ki, Nyu Cersinin sıx məskunlaşmış Nyuark şəhəri uzun müddət Azərbaycanın ikinci şəhəri olan Gəncə ilə qardaşlaşmış şəhər olub.

Nyu Cersi ştatı sirk, karnaval və ya zooparkda filləri, pələngləri və digər vəhşi heyvanlardan istifadəni qadağan edən qanun qəbul etməklə də məşhurdur.

AMİP liderinin köməkçisi, politoloq Əli Orucovun sözlərinə görə, ABŞ-ın son zamanlar istər Azərbaycanla, istərsə də Türkiyə ilə ziddiyyətli mövqe sərgiləməsi daha aydın görünməkdədir: “Bir tərəfdə hər iki ölkə ilə normal münasibətlərdən, əməkdaşlıq və əlaqələrdən, hətta müttəfiqlikdən danışılır, digər tərəfdən isə təzyiq göstərir və əməkdaşlığın ruhuna uyğun olmayan fəaliyyət göstərir. ABŞ-da rəsmən qondarma "erməni soyqırımı"nı 50 ştatın hamısı tanısa da, dövlət olaraq bundan 2021-ci ilin aprelindən imtina edildi. 1992-ci ildə Azərbaycana qarşı azadlıqların müdafiəsi aktına 907-ci düzəlişi etdi. Təəssüf ki, elə ədalətsiz və qeyri-obyektiv nümunələr ortada var. İki ay öncə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın hədələyici və şantaj xarakterli çıxışı Azərbaycan-ABŞ münasibətlərində soyuqluq yaratdı. Doğrudur, sonradan Blinken Prezident İlham Əliyevə zəng edərək korrektələr etmək və iki dövlət arasında, həmçinin Ermənistan-Azərbaycan arasında sülh prosesinin dəstəkləyicisi kimi çıxış etdi. Bundan sonra hesab olunurdu ki, ABŞ-la Azərbaycan arasında gərginliklər və anlaşılmazlıqlar aradan qalxacaq, strateji tərəfdaşlıq daha da dərinləşəcək. Əfsus ki, Birləşmiş Ştatlar rəsmi Bakının xoş məramını və jestini doğru-düzgün qiymətləndirə bilmir. Məlum olur ki, Nyu Cersi ştatı Azərbaycana qarşı bir sıra sanksiyalar nəzərdə tutan qanun layihəsini ştatın Senat komissiyasının təqviminə salıb. Bəhanələri də həbsdə olan Qubad İbadoğludur. Mən də Qubad bəyin həbsdə qalmasının tərəfdarı deyiləm, lakin bu həbs olmasaydı belə heç şübhəsiz ki, başqa bəhanələr tapılacaqdı. 

Təqdim olunacaq qadağaların Azərbaycanın iqtisadiyyatına təsiri olmasa da, hər halda, əməlin özü xoş deyil və dövlətlərarası əlaqələrə mənfi təsiri göstərir. Əgər ştatın senatında bu sanksiyalar barədə qanun layihəsi qəbul edilərsə, bu, ümumilikdə Birləşmiş Ştatların etimadına və maraqlarına təsirsiz ötüşməyəcək".