Məcburən seçdirilən ixtisas çox vaxt uğur deyil, peşmanlıq gətirir.

Ali məktəblərə qəbul mərhələsində abituriyentlərin qarşısında duran ən vacib qərarlardan biri ixtisas seçimidir. Bu prosesdə valideynlərin övladlarına dəstək olması mühüm əhəmiyyət daşısa da, mütəxəssislər onların seçim hüququna müdaxilə etməsinin gələcəkdə peşmanlıq və psixoloji gərginlik yarada biləcəyini bildirirlər. 

Mövzu ilə bağlı klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Millet.az-a açıqlamasında valideynlərin övladlarının maraq və bacarıqlarını nəzərə almasının vacibliyini vurğulayıb.

O bildirib ki, valideynlər övladlarının həyatını öz yarımçıq arzularını həyata keçirmək üçün idarə etməməlidirlər:

"Məcburən seçdirilən ixtisas çox vaxt uğur deyil, peşmanlıq gətirir. İnsan sevmədiyi sahədə nə xoşbəxt ola bilir, nə də öz potensialını reallaşdıra bilir.

Gəncdir, nə istədiyini bilmir" düşüncəsi ilə onun əvəzinə qərar vermək doğru deyil. Valideynin vəzifəsi seçim etmək yox, düzgün istiqamət göstərmək və məlumatlandırmaqdır. Yanlış seçim etmək riski də insanın böyüməsinin və məsuliyyət daşımağı öyrənməsinin bir hissəsidir".

O qeyd edib ki, təhsil seçimində əsas olan universitetin adı deyil, ixtisasın insanın maraq və bacarıqlarına uyğunluğudur:

 "Məcburiyyətlə seçilən ixtisas diplom qazandıra bilər, amma xoşbəxt və uğurlu karyera zəmanəti vermir".


Seyranə Quliyeva